“Bundan sonrası daha pis olacaq” - ŞAHRUDDİN

"Heç kim öz klubunda oynamır. Bu problemi müzakirə etmək istəyən də yoxdur".

Bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Fransa ilə DÇ-2026-nın seçmə mərhələsinin son oyununu şərh edərkən deyib. O, yerli futbolçuların oynamamasından şikayətlənir:

"Bütün klublarda əsas heyətdə 9-10 legioner çıxış edir. Birinci Liqada normal yerli futbolçu yoxdur. Bunu heç kim müzakirə etmək istəmir. Lakin eyni futbolçular milliyə çağırılanda deyirlər ki, niyə onu dəvət etdilər? Bəs kim çağırılsın? Kimsə varmı?

Hesab edirəm ki, Azərbaycan futbolu məhz limitə görə duruş gətirirdi. Biz özümüzü Belçika və ya Fransa ilə müqayisə etməməliyik. Biz Azərbaycanıq, bir peşəkar liqamız var. Əvvəl 10 komanda var idi, indi daha 2-si əlavə olunub. Sayı 12-yə çatdırmaqla daha çox azərbaycanlı futbolçuya şans veriləcəyi düşünülürdü. “İmişli”də neçə azərbaycanlı futbolçu oynayır? Heç bir komandanın əsas heyətində azərbaycanlı qapıçı yoxdur. Səlahət Ağayevdən başqa kim əsas heyətdə çıxış edir? Hamı yaxşı olacağını düşünür. Bundan sonrası daha pis olacaq. Tunelin sonunda işıq görmürəm".

"Qarabağ"ın üzvü azərbaycanlı futbolçuların legioner həyatı yaşaya bilməməsindən də danışıb:

"Harada legioner kimi oynayaq? Aydındır, mən hələ “Qarabağ”dayam, baş məşqçimiz Qurban Qurbanov Azərbaycan futbolu barədə düşünür, çempionatda oynama şansı verir. Bəs digər futbolçular harada oynasınlar? Elə bir ölkə varmı ki, bizi dəvət etsin? Söhbət mentalitetdə deyil. Rüfət Abdullazadə Xorvatiyaya “Varajdin”də oynamağa gedib. Heyətdə yer alırmı? Çünki onun kimi futbolçuların sayı çoxdur və komandalar yerliləri prioritet götürürlər. Bizdə isə əksinədir. Azərbaycanlı və legioner arasından üstünlük əcnəbiyə verilir"./publika.az