Son günlər yeni saxtakarlıq metodunun yayılması ilə bağlı sosial şəbəkələrdə paylaşımlar edilir.
Bildirilir ki, bəzi sələmçilik, alver və s. bu kimi işlərlə məşğul olanlar adətən savadsız və hüquqi müdafiə resurslarına çıxışı olmayan adamlara boş kağıza imza atdırmaqla pul verirlər. Daha sonra həmin kağıza külli miqdarda saxta borc məbləğləri yazaraq “pul tələbi”nə dair iddia ərizəsi yazdırıb məhkəmələrə üz tuturlar.
Həmçinin iddia olunur ki, məhkəmələrlə qeyri-formal əlaqələr qurularaq qətnamə qəbul etdirilir, həmin qətnamə qüvvəyə minəndən sonra isə icra məmurları ilə eyni əlaqələr yaradılaraq məcburi icra tədbirləri, inzibati məsuliyyətə cəlb etmə və cinayət məsuliyyəti barədə hədələmə vasitəsilə borclulardan pul tələbi edilir.
Hüquqşünas ekspert Əkrəm Həsənov “Ölkə.Az”a açıqlamasında bildirdi ki, hər kəs öz imzasının dəyərini bilməlidir: “Xüsusən borc məsələlərində bir şəxsin imzası həmin sənəddə yazılanların doğru olduğunu təsdiq edir”.
Ekspertin sözlərinə görə, əgər kiminsə başına belə bir iş gəlibsə və onu məhkəməyə veriblərsə, çalışmalıdır ki, sənədin saxta olduğunu sübut etsin: “Bu da asan məsələ deyil. İlk növbədə sənədin ekspertizası tələb olunmalıdır ki, həqiqətən də sənəddə yazının yazılması və imzanın atılması eyni vaxtda olmayıb. Bu da çətin məsələdir.
Digər tərəfdən işin faktiki halları araşdırılmalıdır. Borcun kimdən, harada alındığı əsaslandırılmalıdır. Təbii ki, bu işi görənlər də tədbirli, hazırlıqlı adamlardır və müxtəlif uydurmalar edərək şahid gətirə bilərlər”.
“Bu, əslində ağır məsələdir. Əksini fikirləşsək, görərik ki, sabah həqiqətən də borclu olan şəxslər bundan sui-istifadə edə, boş kağıza imza atdığını iddia edə bilərlər. Buna görə də, ümumi prinsip odur ki, kiminsə hansısa sənəddə imzası varsa, demək orada yazılanları üzərinə götürüb. Artıq bunun əksini sübut etmək onun vəzifəsidir”, - deyə Ə. Həsənov əlavə edib.