İki rayonda yanacaqdoldurma məntəqələrinin fəaliyyəti dayandırılıb.
Bu barədə Stopnarkotik.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Balakən rayonu, Poştbinə kəndində yerləşən “İFN” MMC-yə və Qax rayonu, Qorağan kəndində yerləşən, Quliyev Fərid Vaqif oğluna məxsus yanacaqdoldurma məntəqələrində keçirilən yoxlamalar zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:
- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb;
- obyektlər avtomatik yanğın xəbərverici siqnalizasiya sistemi və ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib;
- obyektlərin ərazisi yanar tullantılardan təmizlənməyib;
- obyektlər “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektlərin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş yanacaqdoldurma məntəqələrinin fəaliyyətinin dayandırılması barədə qərarlar qəbul olunub və qərarların bir nüsxəsi obyekt nümayəndəsinə təqdim edilib.