Azərbaycanda gənclər arasında narkotikdən nstifadə epidemiya kimi yayılmaqdadır. Rəsmi statistikaya görə, qeydiyyatda dayanan narkotik istifadəçilərinin sayı 35 mini ötüb. Amma bir də qeydiyyatda dayanmayanlar var. Qeyri-rəsmi məlumatlara görə, qeydiyyata dayanmayan narkotik istifadəçilərinin sayı bundan 5-10 dəfə çoxdur.
Bəs gənc nəslin bu vərdişdən uzaq qalması üçün hansı addımlar atılmalıdır?
Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyinin rəhbəri Zülfiyyə Mustafayeva qaynarinfo-ya açıqlamasında bu gün Azərbaycanda narkotikdən istifadə hallarının çox yayıldığını təsdiq edib: "Əvvəlki illərdən fərqli olaraq, farmokoloji narkotiklər, sintetik narkotiklər, laboratoriya şəraitində hazırlanan narkotiklərin sayı çoxalmaqdadır. Ancaq bunlar çox bahadır, tərkibi də keyfiyyətsizdir. Azəraycana haradan gətirilir, bilinmir. Ancaq marixuana, tiryək və s. kimi narkotikləri əkirlər. Bir də ki, farmokolji narkotiklərdir - lirika, preqabalin, "patı” kimi tanınan metamfetamin və s.. Onların istifadəçilərinin sayı çoxalır. Bunun çoxalmasının bir səbəbi var. Bu, daha çox gənclər arasında yayılır. Nəyə görə? Çünki bəzi farmokoloji narkotiklər cinsi həvəsi, cinsi zövqün müddətini artırır. Məsələn, klublarda, barlarda gənclərə təklif olunur ki, qızlarla görüşə çıxırsan və o zaman bundan birini atırsan, effekti yaxşı olur, cinsi əlaqə zamanı zövqün müddətini uzadır. Amma bu eyni zamanda narkotikdir, insanda asılılıq yaradır.
Bir dəfə qəbul etdinsə, effektin fərqliliyini görəcəksən. Ondan sonra hər dəfə görüşə gedəndə bundan qəbul eləmək istəyəcəksən.
Yəni, farmokoloji, sintetik narkotiklərin gənclərin tora salınmasında bu xüsusiyyəti var”.
Zülfiyyə Mustafayeva deyir, bəzi narkotiklər var ki, onlar arıqladır, çəki atmaqda yardımçı olur: "Bunu daha çox tələbələr və gənclərin arasında yayırlar. LSD (lizerq turşusu dietilamid) deyilən narkotiklər var, barlarda, klublarda gənclərin arasında yayırlar.
Dayanmadan rəqs edirsən, yüksək enerji verir, məsələn, pervitin kimi, uzun müddət insanı ayıq saxlayır, dayanmadan işləyə, oynaya bilərsən. Gənclər narkotikin girdabına düşürlər. Ondan sonra isə iynələr gəlir. Çünki bədən asılı olur, insan artıq depresiyaya düşür, narkotik kömək etmir. İki ildən sonra əvvəlki dozanı get-gedə artırmağa məcbur olurlar. Sintetik narkotiklər müasir narkologiyanın ən böyük problemidir. Narkoloqlar tiryək, marixuana kimi narkotik maddələri qəbul edən narkoman görəndə sevinirlər ki, onu vəziyyətdən çıxartmaq mümkindür. Farmokoloji narkotik istifadəçiləri gələndə isə onların başı ağrıyır. Müalicəsi uzun və çətindir, çox böyük reabitasiya dövrü tələb olunur”.
Zülfiyyə Mustafayeva bildirib ki, Azərbaycanda "Narkoloji xidmət haqqında” qanun layihəsinə görə, narkoloji müalicənin iki növü var:
"Həm qeydiyyata dayanmalısan, həm də anonim müalicə oluna bilərsən. Anonim kabinetdə qeydiyyata düşmürlər. Bu üzdən qeydiyyat fərqi mövcuddur. İkincisi də bu farmokoloji narkotikləri istifadə edən insanların 2-3 il damar problemi yaranana qədər cəmiyyətdə rahat gəzə bilirlər. O vaxta qədər ki, doza əldə etmək üçün müəyyən kriminal hadisə törədilir və polisin əlinə düşürsən. Bu zaman onu qeydiyyata götürürlər. Bir də ki, valideynlər özü müalicə üçün müraciət edərsə, o halda qeydiyyatda dayana bilirlər. Qalan hallarda isə narkoman kimi qeydiyyata düşmək Azərbaycanda mümkün deyil”.
Zülfiyyə Mustafayev hesab edir ki, müasir dövrdə narkomaniya ilə müalicədə psixiatriya xidmətinə inteqrasiya etmək lazımdır:
"Bu, səhiyyə xidmətlərinin ən vacib elementlərindən biri sayılır. Amma fikirimcə, psixiatrlar narkomaniyanın müalicəsində müalicə müddətindən kənarda qalıb. Məncə, bu iki xidməti bir-birinə inteqrasiya olunmalıdır, onlar əl-ələ versələr, narkomaniyanın müalicəsində dayanıqlı nəticə əldə etmək olar. Hazırda reablitasiya mərkəzlərinin sayı günü-gündən artır. Amma mən istərdim ki, bu mərkəzlər dövlət hesabına olsun”.
Zülfiyyə Mustafayeva son bir ildə Azərbaycanda narkotikin daha təhlükəli bir növünün yayıldığını qeyd edib:
"Bu da flakka. Flakka çox təhlükəlidir, sinir sistemini tamamilə sıradan çıxarır. Çox böyük asılılıq yaradır, allah eləməmiş, bu narkotik yayılsa, patıya şükür edəcəyik”.