“BU DA BİR MÜHARİBƏDİR…” – Zahid Oruc: “Vətən müharibəsində qələbəmizi həzm etməyən dairələr yeni müstəvidə savaş aparırlar”

Millət vəkili: “Millət olaraq narkotik ticarətinə qarşı dirənişimiz olmasa, hər zaman problemin yekun nəticəsi ilə döyüşmüş olacağıq”

“Necə ki, terror qruplarına qarşı dövlətlərarası birgə müqavilələr, sazişlər, koalisiyalar qurulur, bu məsələdə də dövlətlər səviyyəsində, dövlətlərin gücü ilə birgə mübarizə aparılmalıdır”

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının açıqladığı illik hesabat ölkəmizdə narkotik bəlasının necə yayıldığı və ildən-ilə necə genişləndiyini göz önünə sərir. Məsələn, 2023-cü ildə müsadirə olunan narkotik vasitələr 7 tondan çoxdur. Şübhəsiz, təkcə müsadirə olunan narkotik bu həcmdədirsə, alıcısına çatan, yəni realizasiya olunan-satılan narkotik bundan dəfələrlə çoxdur. Hətta aparılan araşdırmalara əsasən deyə bilərik ki, müsadirə olunan narkotik realizasiya olunan, yəni alcıya satılan narkotikin 16%-ni təşkil edi və bu fantastik dərəcədə dəhşətli rəqəmdir. Elə bu barədə Azərbaycan Respublikası Milli Məclisinin İnsan Hüquqları Komitəsinin sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, millət vəkili Zahid Orucla söhbətləşdik.   

- Statistik rəqəmlərə görə, Azərbaycanda 28 min məhbus var. Bunun 50%-dən çoxu narkotiklə bağlı cəza çəkir. Əlbəttə, bu rəqəm Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin mənzərəsini ortaya qoyur. Lakin illərdir ki, ölkədə bu sahədə mövcud olan problemi aradan qaldırmaq mümkün olmur. Siz bu problemin həlli yollarını necə görürsünüz?

- Şübhəsiz ki, qeyd etdiyiniz məsələlər milli təhlükəsizlik problemidir. Çünki ona yalnız hansısa xarici qüvvələrin maraqları çərçivəsində yanaşmaq olmaz. Ancaq, digər tərəfdən, narkotik problemi, onun dövriyyəsi mütləq terror kimi beynəlxalq şəbəkəyə və geniş əlaqələrə malikdir. Avropa Birliyinin dərin və fundamental araşdırmalarına, tədqiqatlarına görə, minimum üç ölkə bu proseslərə cəlb olunur, 70%-dən yuxarı qənaətlər, rəylər bunun üzərindədir.

O üzdən ölkəmizdə hər hansı şəxs bir bitkini əkib-becərib, ondan sonra onun satışı ilə məşğul olursa, bu, kiçik bir göstəricidir. Əksər hallarda heroin və daha ağır narkotik maddələrin hamısı qonşu xarici dövlətlər tərəfindən bilavasitə əsas siyasət kimi ölkəmizə göndərilir. Bu da, “ağ ölüm” adlandırılan və bizim ələlxüsus gənclərimizə qarşı yönələn cinayət tədbirləridir. Belə olan halda, biz birinci bu məsələni - daxili işlər orqanları tərəfindən aparılan mübarizəni qiymətləndirməliyik. Burada tam əminliklə söyləyə bilərəm ki, gerçəkdən də bizim polis orqanlarımız bu bəlaya qarşı mübarizənin ön cəbhəsindədir. Şübhəsiz, bu, həddindən artıq böyük resurslar tələb edir. Çünki burada araşdırmalar əvvəlki kimi çox da sadə, tez tapılan vəziyyətdə deyil. Ona görə ki, həmişə cinayətkar qruplar, dəstələr, beynəlxalq şəbəkələr də öz üsul və vasitələrini kommunikasiya inqilabının çərçivəsində təkmilləşdirirlər. Elektron ticarət, xüsusilə də “patı”nın sosial şəbəkələr üzərindən yönləndirilməsi sübut edir ki, burada xarici qüvvələr elə bir mexanizmlər seçirlər ki, Azərbaycanın müvafiq qururmları prosesə daha çox resurs cəlb etsinlər. Yəni vaxt, insan amili, maddi məsrəflər olmalıdır ki, bu cinayətkarları ifşa edə bilsinlər.

İkinci məsələ, qeyd etdiyimiz kimi, xüsusilə də gənclərin əleyhinədir. Elə bilirəm ki, vətən müharibəsindən sonra savaşda qazandığımız qələbəni həzm etməyən dairələr sanki başqa mexanizmlər seçiblər. Bu da bir müharibədir, mən bunu belə qiymətləndirirəm. Səngərdə dayanan insanlarımıza bu vasitə ilə sanki zərbə vururlar. Evlər, ailələr bundan əziyyət çəkir, insanların gənc həyatı məhv olur, onlar həbsə atılır, bir tərəfdən dövlət hər bir məhbusun saxlanmasına ildə 7500-8000 manata yaxın xərc çəkir. Digər tərəfdən isə, ən böyük problemlərdən biri - bütün beynəlxalq hesabatlarda “narkotik əsaslı cinayətlər” deyilən bir kateqoriya var. Bu nə deməkdir? Bu o deməkdir ki, şəxs narkotikin ya ticarətinə və ya qəbuledicisinə çevirlibsə, o çalışır ki, hansısa bir əhval-ruhiyyə halında, necə olur-olsun, o maddəni əldə edə bilsin. O vəziyyətdə istənilən cinayətlərə - insan ölümləri, oğurluqlar, soyğunçuluq və s. addımlara gedirlər ki, həmin maddəni əldə etsinlər. Ona görə, bu göstəricini də biz diqqətdə saxlamalıyıq. Bu səbəbdən də, dövlət iradəsini mən birinci vurğuladım.

İkinci məsələ, əlbəttə ki, narkotiklərlə mübarizə üzrə müvafiq dövlət komissiyası var. Elə hesab edirəm ki, məsələyə yalnız bizim fədakar hüquq-mühafizə orqanları deyil, eyni zamanda bütün iqtisadi, sosial, ailə institutu, məktəb - hamı birgə cəlb olunmalıdır. Yəni buna bizim millət olaraq dirənişimiz, iradəmiz olmasa hər zaman problemin yekun nəticəsi ilə döyüşmüş olacağıq. Təəssüflər olsun ki, burada iki ifadəyə ayrıca vurğu etmək istəyirəm:  birincisi, dövlət mənbəli narkotik maddələrin dövriyyəsi. Dövlət mənbəli, dövlət himayəli narkotik dövriyyəsi o deməkdir ki, yalnız hansısa xarici, onun dövriyyəsindən on milyardlarla dollar qazanan (bilirsiniz ki, ümumi qlobal çapda bu dövriyyə 500 milyarddan yuxarıdır) cinayətkar dairələr, ünsürlər deyil, arxasında sırf dövlətlər dayandığına görə, onlarla mübarizə çətindir. Bunu vurğulamaq istəyirəm. İkincisi isə, informasiya məkanında - ayrı-ayrı Avropa ölkələrində bu leqallaşıb, qonşu Gürcüstan da buna gedib – “biz bütün apteklərdə yüngül narkotik və marixananı yaymalıyıq və yaxud verməliyik, Cinayət Məcəlləsində bu məsələlərlə bağlı daha yüngülləşdirici formalar seçilməlidir” və s. kimi, öz-özlüyündə cəmiyyət düşüncəsində də sanki “ümummilli bəla” kimi deyil, adi siqaretin qəbulu kimi yanaşmalarla ictimai fikri məqsədyönlü şəkildə antixalq istiqamətində, vətəndaşlarımızın sağlamlığı əleyhinə yönəltməyi bacarıblar. O üzdən, siz də “YouTube”-da görürsünüz ki, bir çoxları gedib hansısa Avropa ölkəsində kiçik yayımlar edir, baxın, mən hal-hazırda İsveçdəyəm, görürsünüzmu, burada bu maddəyə kimsə yaxın gəlmir, bu adi haldır, nə üçün bizdə bu həbs olunsun?! Nəzərə alın, əgər dövlət qoyduğu sərt tədbirləri həyata keçirməsə, bölgəmizin xüsusiyyətini nəzərə alsaq, sizi əmin edirəm ki, bu proses daha da ağırlaşar. “Bu gün Əfqanıstan dünyanın heroin ehtiyacının 80%-ni ödəyir”, - bu, nə deməkdir. O deməkdir ki, bütün xəstəxanalar, Avropa klinikaları əsas mənbəyini oradan götürürlər. Ona görə, Əfqanıstanın fundamental olaraq iqtisadiyyatı aqrar, kənd təsərrüfatının inkişafı, sənaye və s. üzərində deyil, narkotik əsaslı iqtisadiyyata dayanır. Bu üzdən, həmin coğrafiyalarda yerləşən ölkələr narkotik maddələrin tranziti hədəfindədirlər, yəni bir punktu, bir məntəqəsidirlər. Bu anlamda, dövlət özünün milli təhlükəsizlik siyasətində narkotiklərə qarşı mübarizəni ön yerə qoyub.

Mən komitə sədri kimi bu prosesin içində olduğuma görə deyirəm. Amma bir daha vurğulamaq istəyirəm ki, burada hökumət, dövlət, bütün ictimai təsisatlar, QHT-lər, media – hamı birgə çalışmalıdır. Əks halda bizim bu gün söylədiyimiz kimi, 20 minin üzərində olan məhkum edilmiş şəxslərin sırasında bu cür insanların sayı üstünlük təşkil edəcək. Bu məhkəmə orqanlarımız üçün də həddən artıq ağır yükdür.

Bilirsiniz ki, dünən (srağagün – red.) Əfv Komissiyasında müzakirələr başa çatdı. Oradakı tərkibi sadalamaq istərmirəm, bu açıq mənbələrdədir. Mən açıq demək istəyirəm ki, Prezident Administrasiyasının rəhbəri, hörmətli Samir Nuriyev, o cümlədən dövlətin bütün güc strukturları, daxili işlər orqanları, təhlükəsizlik sisteminin rəhbərləri bu işdə ən sərt, ən ciddi, ən təsirli tədbirləri həyata keçirməkdədirlər. Amma əgər desəniz ki, hansı mexanizmlər vasitəsilə ölkəmizi, onun insanlarını bu bəlaya yolxudurmaq istəyən qüvvələr, dairələr, dövlətlər var, onda görəcəksiniz ki, kimsə ekzotik halda virtual bir məkanda, haradasa, nəyinsə satışını görür, elə düşünür ki, bu adi haldır. Ancaq hansısa şəbəkənin bir hissəsi, prosesin özünün içərisində olursa, düşünəcək ki, bəli, bu “ağ ölüm” siyasətidir. Bunun elmi-termin adı belədir, “ağ ölüm” adlandırılır. Bax, onunla bağlı görüləcək bütün tədbirlər birgə olmalıdır ki, narkotik maddə qəbulediciləri və yaxud da onun daşıyıcılarını azalda bilək. O cümlədən, dispanserlərin də açılması, genişlənməsi, normal müalicə müəssisələrinin formalaşması da, əlbəttə, bizim siyasətimizin bir hissəsi olmalıdır.

- Araşdırmalara görə, Azərbaycanda müsadirə olunan qeyri-qanuni narkotiklər ümumi dövriyyənin 16%-ni təşkil edir. Yəni ümumi dövriyyənin təxminən 84 faizi öz alıcısına çatan, realizasiya olunan narkotikdir. Bu onu deməyə əsas verir ki, ölkəmizə narkotik axanının ardı-arası kəsilmir. Bu probelmin həllinə baxışınız necədir?

- Əgər kimsə bunu dərhal iqtisadi-sosial amillərlə bağlayırsa, elə deyil. Əksər hallarda bizim ölkə üzərindən bunun tranzit olaraq xaricə çıxışı təmin olunur, kimsə orada ötürücü qüvvə kimi iştirak edir. Əlbəttə, o dediyiniz rəqəmi daha da dərindən təhlil etmək lazımdır, məndə olan rəqəmlər bir qədər fərqlidir. Ancaq bunun hələ ictimailəşməyə ehtiyacı yoxdur, çünki onun üzərində müvafiq dövlət orqanları ciddi işlər aparırlar. Yalnız onu deyə bilərəm, ən təhlükəli hallardan biri ondan ibarətdir ki, kimsə bizim ölkəni tranzit kimi görsün, narkodilerlər düşünsün ki, bəli, biz burada artıq ötürücü bir qüvvə kimi iştirak edəcəyik. Ona görə 84 faizdir, yoxsa daha azdır, yaxud yuxarıdır, “bunun hamısının isitfadəçisi bizim azərbaycanlıdır, bizim vətəndaşlarımızdır” - kimi bir nəticə demək deyil. İndi siz söylədiniz ki, o ümumi miqdar nə qədərdir - bir tondur, beş tondur və s. hərçənd, mən o rəqəmləri bilirəm, onun 84 %-i kifayət qədər böyük rəqəmdir, zənn edirəm, bu halda təyin etmək çətin deyil ki, məhkumlarımızın sayı nə qədər olar. Hər halda, dövlətin son illər bu tədbirləri sistemli xarakter daşıyır, nəticələr verir. Ancaq bu, belə demək mümkündürsə, “fəaliyyəti başa çatdı”, “bitdi” kimi bir mənzərə deyil. Siz görürsünüz, biz bilirik ki, məsələn, Cənubi Amerika ölkələrində necə tədbirlər həyata keçirirlər. Şükürlər olsun, biz o durumda deyilik. Ancaq mən öz qənaətimi belə vurğulayıram, ötən illərin dinamikasından bir az da məlumatlıyam və deyə bilərəm ki, Vətən müharibəsindən sonra bir qism qüvvələr ayrı savaş müstəviləri, platformaları yaradıblar. Çünki onların öz arsenallarında olan bütün vasitələri, yəni hərbi metodları keçərli olmadı, biz döyüş meydanında qələbə qazandıq. İndi yeni müstəvidə savaş aparırlar ki, onlardan da biri bu dediyimiz bəladır. Bu, beynəlxalq terror şəbəkəsi kimi bir şəbəkədir, bunu bilməliyik.

- Zahid müəllim, Siz Milli Məclisdəki çıxışınızda həbsxanalardakı sıxlığın həlli yolunun yeni cəzaçəkmə müəssisələrinin tikilməsi olmadığını, narkotik maddələrlə bağlı hüquqi aktlara yenidən baxmaq lazım olduğunu bildirmişdiniz. Hesab edirsinizmi, narkoticarətlə məşğul olan şəxslərə qarşı qanunu sərtləşdirmək lazımdır?

- Məsələ bundadır ki, həqiqətən də bu iki qüvvəni bir-birindən ayırmalıyıq. Gerçəkdən də bu prosesin tələsinə düşən, hər hansı bir zəmində belə deyək ki, həyatını, motivini, hədəflərini itirmiş insanlar və təsadüfən bu cinayətin iştirkaçısına çevrilənlərlə yanaşı, digər qüvvələr var ki, bunu iqtisadi biznes, o cümlədən antimilli fəaliyyət kimi də xarici qüvvələrin işlərinin bir parçası olaraq gerçəkləşdirirlər. Belə olan təqdirdə, şübhəsiz, biz nəzərə almalıyıq ki, qanunvericilik sistemində hansı tədbirləri görməliyik. Bu geniş müzakirələr tələb edir. Yəni burada yalnız bir qurumun rəyi və siz söylədiyiniz bir neçə ton narkotkin müsadirə edilməsi ilə iş bitməz. İndi ara-sıra görürsünüz ki, “bu, gəncləşib, hətta məktəblərə yol tapıb” kimi informasiyalar da media məkanına çıxır. Bu yaxınlarda bizim təmsil etdiyimiz mərkəz də onları araşdırmağa başladı, qarşımızda dayan mühüm məsələlərdən biri də budur. Hesab edirəm ki, həqiqətən, burada mötəbər məlumat bazaları qərar verilmə prosesində önəmli rol oynamalıdır. Ancaq hüquq-qanunvericilik sisteminin özü də ciddi basqı qarşısındadır. O mənada ki, biz bu əfv tədbirlərində kimlərlə bağlı necə qərar verək… Çünki burada cəmiyyətə mesaj vermək də var. Əgər kiminsə adı ölkə rəhbərliyinin sərəncamında keçirsə və o, bu və ya digər formada narkotik ticarətində, dövriyyəsində rol oynayıbsa, sabah qonşusuna, birisi gün məhəlləsinə, daha sonra isə doğulduğu rayona əfv olunduğu haqda xəbər yayılır. Nəticədə, bu, elə bilin, həmin adamlara bir xəbər ötürülməsinə çevrilir ki, bir il yarımdan, iki ildən sonra siz də bağışlanacaqsınız, ona görə də külli miqdarda qazanclar sahəsi olan bu yerə getməlisiniz, gedin.

O üzdən, düşünürəm ki, sərhəd xidməti, daxili işlər orqanları, prokurorluq, məhkəmə sistemimiz, parlament, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, Ombudsman təsisatı, Penitensiar sistem - hamısı birlikdə bu məsələnin üzərində, dediyiniz komissiya çərçivəsində geniş müzakirələr aparmalıdır. Niyə belə görürəm? Bizim üçün çox maraqlıdır ki, bu həbsə məruz qalanlar lap elə günə-gün cəzanı çəkib çıxdılar, onlar həqiqətən islah olunurlarmı? Onların cəmiyyət həyatına dönüşü necə olur? Narkotik qəbul edən yüz nəfədən neçə nəfəri tamamilə bundan qurtula bilir, normal həyatına qayıdır, ailəsinin sonrakı dövr ehtiyaclarını, gəlir yerini bərpa edir?.. Biz bunların hamısına birgə baxmalıyıq. Bizim çox sevdiyimiz termin var, burada keçərlidir: “məsələyə tunel baxışı”. Məsələyə yalnız tuneldən baxmaq olmaz.

O üzdən, bir milli təhlükəsizlik məsələsinə baş vurmusunuz, suallarınız o istiqamətdədir. Ona görə, mən burada hüquq-mühafizə orqanlarının, dövlətin mövqeyini, parlamentin baxışını sizinlə bölüşdüm. Ancaq burada vətəndaş cəmiyyəti institutlarının, mətbuatın da üzərinə yük düşür. Parlament dediyiniz o dərin müzakirələrdən sonra yəqin edəcək ki, hansı maddələri daha da sərtləşdirməliyik, amma hansılarda müəyyən yumşaltmalara da gedilə bilər. İndiki halda mənim bunun tam reseptini verməyim doğru olmaz.

- Biz az öncə rəqəmlərdən danışdıq. Əgər 2023-cü ilin statistikasına görə, müsadirə olunan 7 tondan çox narkotik ümumi dövriyyənin 16%-ni təşkil edirsə, biz mübarizəmizi nə qədər effektiv hesab edə bilərik?

- Dediyiniz yekun göstəricidən məlumatlı olsam da, amma o bölgünü mütləq daha dərindən təhlil etməyə ehtiyac var. Müvafiq qurumlar da bu yöndə açıqlamalar verə bilərlər. Amma mən sizə dövlətin daxili işlər orqanlarının rəhbərliyinin, həmçinin təhlükəsizlik sistemimizin, sərhəd xidmətimizin mövqeyini bölüşdüm ki, ən şiddətli sərt və tam 7/24 aparılan mübarizə mövcuddur. Bu dəqiqdir, şübhəsizdir. O 84 rəqəminin hamısı Azərbaycan cəmiyyətinə çıxır və 7 tonun 84 faizi 6 tona yaxın rəqəm edir. Bu o deməkdir ki, sanki onun o qədər qəbuledicisi, tərəf müqabili, iştirakçısı var. Bu onminlərlə insan demək olardı və cəmiyyətin narkotikin pəncəsində üzməsi, məhvi kimi bir durum yaradardı. Mən onu elə düşünmürəm. Bizdə olan nəticələr bir qədər fərqlidir. Hər bir halda yenə də bu məsələdə mediamızın çağırışı, sizin də suallarınız o istiqamətdədir ki, biz bu söhbəti birlikdə, millətimizin hər bir vətəndaşının normal işi, sosial qayğılarının həlli və s. kimi məsələlər üzərində quracağıqsa, məncə, o daha da fayda verəcək. Yalnız qınayıcı, günahkar axtarışı səviyyəsində olacaqsa, burada düşmən qüvvələr, xarici dairələr fayda götürəcəklər. Çox yaxşı bilirlər ki, bu bir seldir, qlobal bəladır. Həm şəbəkədir, həm bəladır. Narkopandemiyadır. Ona lokal bir ərazidə baxıla bilməz. Və mən hesab edirəm ki, region dövlətləri ilə mütləq bu məsələlərdə geniş görüşmələrə də ehtiyac var. Çox ciddi ehtiyac var. Yəni dövlətlərarası münasibətlərdə də bu məsələ çox ciddi qoyulmalıdır. Mən istəmirəm indi ad çəkəm, indiki situasiyada məsələnin bir az coğrafiyasını, müstəvisini böyüdək. Ancaq bunsuz keçinməyəcək. Necə ki, terror qruplarına qarşı dövlətlərarası birgə müqavilələr, sazişlər, koalisiyalar qurulur, bu məsələdə də dövlətlər səviyyəsində, dövlətlərin gücü ilə birgə mübarizə aparılmalıdır.

- Yəni birgə fəaliyyət planı hazırlanmalıdır?

- Xeyli razılaşmalar var. Amma daha sərt tədbirlərin görülməsi üçün yenidən müvafiq qurumlar arsında görüşlərə, hökumət komissiyalarının daha yaxından əməkdaşlığına, mübadilələrinə ehtiyac var ki, nə üçün o əraziləri keçib Azərbaycana doğru yol tapır və biz o narkokanalları necə bağlaya bilərik…

Söhbətləşdi: Asya ŞÜKÜROVA

Stopnarkotik.az