BƏŞƏRİYYƏTİ TƏHDİD EDƏN YENİ “SAVAŞ” – Və yaxud Azərbaycanda narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı qanun niyə qüvvəyə minmir?

Bəşəriyyət tarixin bizə bəlli etdiyi iki dünya müharibəsi mərhələsindən keçib. Sözsüz ki, bu müharibələrdən əvvəl də sakit dönəmin olduğunu deyə bilmərik. Əslində, insanlıq tarixi elə müharibələr tarixidir. Amma hazırda müharibə təsvirini dəyişir. Alovlu müharibə fazasını daha sinsi, məkrli müharibə əvəzləyir. Bu, narktoik müharibəsi, daha dəqiq desək “narkomaniya epidemiyası”dır.

Bəşəriyyət insan həyatı alverçilərinin “əsrarəngiz həzz” kimi təlqin etdiyi narkotikin pəncəsində can verir. Hansı ki, “narkomaniya epidemiyası” insanın öz nəfsi ilə mübarizəsini gərəkdirən heç bitməyəcək “müharibə”dir. Narkotik böhranının məngənəsində cəmiyyət mənəvi cəhətdən aşınır, intellektual potensialını itirir, insanlıqdan çıxır.

Dünyada olduğu kimi, Azərbaycanda da narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ildən-ilə artır. Sözsüz ki, bu da hər kəsi narahat edir. Çünki bir gün narkotikin kiminsə qapısını döyməyəcəyinə zəmanət yoxdur.

Narkotiklərin qanunsuz dövriyyəsində qanundakı boşluqların mühüm rol oynadğını tanınmış vəkil Ceyhun Yusifovun qeyd etməsi isə, düzü, bir qədər gözlənilməz oldu. Vəkil bildirir ki, qanunvericiliyə müsbət dəyişikliklər edilsə də, nədənsə tətbiq olunması gecikdirilir. O, əlavə edir ki, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizənin aparılması istiqamətində 2022-ci ilin may ayında Azərbaycan Respublikası Cinayət Məcəlləsinə edilən dəyişikliklər bu günədək qüvvəyə minməyib və bu fakt yeni problemlər gətirir.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən 18 may 2022-ci il tarixdə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 26 aprel tarixli 516-VIQD nömrəli qanunun tətbiqi barədə” sərəncam imzalanıb. Həmin sərəncamın əsas məqamı isə Nazirlər Kabinetinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə uyğun olaraq, narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli və xüsusilə külli miqdarını, habelə “prekursor”ların və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin xüsusilə külli miqdarını müəyyən edən Azərbaycan Respublikası qanunlarının layihələrini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsinin həvalə edilməsi ilə bağlı olsa da, hansısa “qüdrət”in təsiri, yaxud müdaxiləsi ilə bir ildən çox vaxt keçsə də, nəzərdə tutulan miqdarlar təyin olunmayıb. Bunun sayəsində isə, həmin miqdarlar bəlli olmadığı üçün məcəlləyə edilmiş dəyişiliklər önəmsizləşir.

Vəkilin dediyinə görə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların “prekursor”larının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın xüsusi bir bölməsi qanunvericiliyin təkmilləşdirilməsinə ayrılmış, həmin hissəyə dair təkliflərin verilməsi və bu minvalda işlərin aparılması üçün icraçı orqanlar kimi bir çox dövlət qurumlarına təlimatlar verilmişdir. Bu məsələni mütləq şəkildə diqqətdə saxlamalı olan orqan Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasıdır.

Biz isə, narkotiklərlə bağlı cinayət işlərində bir-neçə qram narkotiklə tutulan şəxsə evindən kiloqram və daha çox narkotik aşkarlanan şəxsdən daha ağır cəza verildiyini şahidi oluruq.

Əlbəttə, başqa sahələrdə də neqativ hallarla mübarizə zamanı qanundakı boşluqların “öz töhfəsini verməsi” sirr deyil. Amma Mili Məclisdə narkomaniyaya qarşı effektiv mübarizə üçün yeni qanun layihəsinin hazırlanmasının zərurəti qeyd olunduğu halda, mövcud qanunvericilikdə boşluqların qanunsuz dövriyyəyə “yaşıl işıq” yandırması aşkardır. Bu narkobiznesmenlərə qanundakı boşluqlarla “oynamaq”, onlara “manevr arealı” təmin etmək imkanı verir. Əsas sual isə odur ki: bu kimə sərf edir?

Narkomaniyaya qarş mübarizə aparmaq birbaşa vəzifə öhdəçiliyi olan Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının tərkibinə baxdıqda görünür ki, işçi heyətinin içində ölkənin ən önəmli qurumlarının rəsmiləri yer alır. Və işçi heyəti vəzifə səlahiyyətindən irəli gələn qanun boşluqlarını doldurmaq məqsədinə töhfə verə bilmir. Yaxud nədənsə narkobiznesmenlərin “meydanda at oynatması”na göz yumulur. Nəticədə dövlətin narkomaniyaya qarşı mübarizəsi gözlənilən effekti vermir. Narkomanlar siyahısına daha neçə gənclər qoşulur, evlərin ocaqları sönür, əsgər ola biləcək gənclər narkoman olur.

Bəs, Nazirlər Kabineti nəyi gözləyir, Prezidentin sərəncamından irəli gələn öhdəliklər nə üçün zamanında icra olunmur?!

Asya ŞÜKÜROVA

Stopnarkotik.az