Bərdə terroru qurbanlarının xatirəsi yad edildi

Ermənistan Silahlı Qüvvələrinin Bərdə şəhərində törətdiyi terrordan üç il ötür. Bu gün Bərdə şəhərində terror qurbanlarının anım mərasimi keçirilib.

Stopnarkotik.az xəbər verir ki, 2020-ci il oktyabrın 28-də düşmənin silahlı birləşmələri Bərdənin dinc əhalisini raket atəşinə məruz qoyub. Dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə“Smerç” və “Elburus” balistik raketləri ilə atəşə tutması nəticəsində 20 nəfər həlak olub, 82 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Terror aktı baş verən ərazidə qurulmuş xatirə lövhəsinin qarşısında tədbir təşkil olunub. Mərasimdə, rayon rəsmiləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak edib. Tədbirdə şəhidlərin, o cümlədən Bərdə terrorunun qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb. Abidə üzərinə gül dəstələri düzülüb.

Qeyd edək ki, ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu 2020-ci ilin 5, 8, 27, 28 oktyabr və 7 noyabr tarixlərində raket və ağır artilleriya silahları ilə atəşə tutması nəticəsində 8-i qadın, 19-u kişi, 2-i uşaq olmaqla 29 nəfər öldürülüb. 26-sı qadın, 71-i kişi, 15-i uşaq olmaqla 112 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə, yaşayış evlərinə və digər tikililərə külli miqdarda ziyan dəyib.