"Boşanmışdıq, uşağımı görə bilmirdim" - Keçmiş həyat yoldaşını öldürmək istəyən iranlı

Həmyerlisi olan həyat yoldaşını öldürmək istəyən İran İslam Respublikasının vətəndaşı Tabaraki Mehdi Rasoulun məhkəmə prosesinin hazırlıq iclası keçirilib.

Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (ölümə cəhd) maddəsi ilə təqsirləndirilən Mehdi Tabarakinin anket məlumatları dəqiqləşdirilib. Qeyd edək ki, məhkəmə prosesində tərcüməçidə iştirak edib. Məlum olub ki, Mehdi Tabaraki ali təhsillidir, əvvəllər məhkum olunmayıb, milliyətcə farsdır, İranın Şiraz şəhərindəndir. 

Cinayət işində zərərçəkmiş qismində Beydekabi Seyedeh Morteza tanınıb. Zərərçəkmiş hazırda İranda olduğundan məhkəmə prosesinin hazırlıq iclasında iştirak etməyib. Sonra təqsirləndirilən şəxsin vəkili 3 vəsatət verib. Belə ki, müvəkkili barədə qətimkan tədbirinin dəyişdirilməsi, cinayət işində olan sübutların bəziləri saxta olduğundan işin ibtidai istintaq orqanına qaytarılması və ümumiyyətlə cinayət işinə xitam verilməsi ilə bağlı vəsatət verib. Vəkil izahını belə verib ki, işin tədqiqatçısı Fazil Osmanov  həm hadisənin şahidi olub, həm də ilkin olaraq işi təhqiqatçı kimi araşdırıb. 

Vəsatətlərə dövlət ittihamçısı Rauf Malışov cinayət işinin materialları ilə tanış olmadığına görə, münasibət bildirməyib və məhkəmədən vaxt istəyib. Həbs qətimkan tədbirinin dəyişdirilməməsini təklif edib. 

Məhkəmə prosesinin hazırlıq iclası 23 yanvar tarixinə kimi təxirə salınıb. 

İttiham aktına görə, 2024-cü ilin aprelində Mehdi Tabaraki həmyerlisi olan keçmiş həyat yoldaşını  avtomobildə öldürmək istəyib. Hadisə Bakının Nərimanov rayonunda qeydə alınıb. Belə ki, qadın uşağı atasına göstərmədiyi üçün Mehdi Tabaraki bıçağa əl atıb./"unikal"