Prezident Co Baydenin oğlu Hunter Bayden odlu silah alarkən 3 yalan məlumat verməkdə ittiham olunur.
Bu barədə ABŞ mətbuatı məlumat yayıb. Bu, hazırkı prezidentin oğlunun cinayət məsuliyyətinə cəlb olunduğu ilk haldır.
Son ittihamların hər üçü Baydenin narkotik aludəçisi olarkən odlu silah almaq üçün federal sənədləri doldurmaqla bağlı yalan söyləməsindən irəli gəlir.
O, faktiki olaraq həmin vaxt kokaindən aktiv istifadə etsə də, qanunsuz narkotiklərdən istifadə etmədiyini və ondan asılı olmadığını bildirib.
Məhkəmə sənədlərinə görə, Hunter 2018-ci ilin oktyabrında Delaverdəki silah mağazasından “Colt” tapançası alıb. O, silahı 11 gün saxlayıb.
ABŞ federal qanunu narkotik qəbul edərkən belə sənədləri doldurmağı və ya odlu silah gəzdirməyi cinayət hesab edir.
"Təqsirli bilinərsə, Baydeni 25 ilə qədər həbs cəzası gözləyir", - Ədliyyə Nazirliyinin bəyanatında deyilir./publika.az