Baş Prokurorluq tanınmış media qurumuna xəbərdarlıq etdi

"Qanunvericiliyə əsasən vətəndaşların ailə və şəxsi həyatına aid sirr olan məlumatların, istintaq sirrinin, zorakılıq və qəddarlığı təbliğ edən və ya cinayət əməllərinə haqq qazandıran məlumatların yayılması yolverilməzdir". 

Stopnarkotik.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib:

"Təəssüflə bildiririk ki, iyulun 24-də “oxu.az” xəbər saytı tərəfindən qanunvericiliyin tələbləri pozularaq Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə istintaq olunan cinayət işi üzrə istintaq sirrini təşkil edən, zərərçəkmiş şəxs Ayşən Kazımovaya aid şəxsi və ailə sirrini açıqlayan, habelə iş üzrə digər halları əks etdirən, qanunvericiliklə yayılması qadağan edilən məlumatların yer aldığı videogörüntü ictimailəşdirilmişdir.

Nəzərə alınmalıdır ki, Cinayət Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, ibtidai araşdırma məlumatları jurnalistlər tərəfindən yalnız müvafiq olaraq müstəntiqin, təhqiqatçının, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi ilə ibtidai araşdırmanın maraqlarına zidd olmayan və cinayət prosesinin digər iştirakçılarının hüquq və qanuni mənafelərini pozmayan həddə yayıla bilər.

Baş Prokurorluq tərəfindən “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanunun 22-ci maddəsinə əsasən “oxu.az” xəbər portalına paylaşılan həmin videogörüntülərlə bağlı rəsmi xəbərdarlıq edilmişdir.

Odur ki, media subyektlərindən cinayət işləri üzrə məlumatlar ictimailəşdirilən zaman həssaslıq nümayiş etdirməklə qanunvericiliyin tələblərinə riayət etməyi, rəsmi qurumla dəqiqləşdirmə aparmadan məlumatların yayılmasından çəkinməyi xahiş edirik".

Stopnarkotik.az