BAŞ HƏKİM NARKOMANİYADAN XİLAS YOLLARI HAQDA DANIŞDI - "Təklifin və tələbatın azaldılması, tibbi-profilaktik tədbirlər..."

“Medi-Art” Psixi Sağlamlıq Mərkəzinin Baş həkimi, tibb elmləri doktoru Araz Əliquliyev: “Psixoaktiv maddə birbaşa beyinin həzz mərkəzinə təsir etdiyinə görə, insanda qısa müddətdə asılılıq yaranır”

“Narkomaniya və narkotik haqqında danışanda birinci onu bilmək lazımdır ki, bu, hüquqi termindir, tibbdə “psixoaktiv maddələr” kimi ifadə olunur. Yəni xəstəliklərin beynəlxalq təsnifatında “narkomaniya” deyilən anlayış yoxdur, burada söhbət psixoaktiv maddələrin qəbulu nəticəsində psixi və davranış pozuntularının yaranması diaqnozundan gedir. Bu zaman hansısa bir psixoaktiv maddə də, bir neçəsinin bir yerdə istifadəsi də ola bilər”.

Stopnarkotik.az saytına açıqlamasında bunu “Medi-Art” Psixi Sağlamlıq Mərkəzinin Baş həkimi, tibb elmləri doktoru Araz Əliquliyev bildirib. Onun fikrincə, ümumiyyətlə, asılılıqların yaranma səbəbləri fərqlidir:

“Asılılıqlar haqda danışanda, ilk növbədə bilmək lazımdır ki, xəstəliyin yaranmasında polietioloji, yəni çoxfaktorlu səbəblər var. Burda bioloji faktorlar da var, hansı ki, irsi, ana bətninin inkişafı vaxtı olan travmalar, doğuşdan sonra olan travmalar və s. bunlar toplam olaraq bioloji faktorlar adlandırılır. Burda məişət problemləri (ailə faktoru), sosial problemlər, çevrə məsələsi  - məktəb, yaşayış məkanı, dostluq etdiyi çevrə amili də var. Yəni bununla bağlı ətraf mühitin də təsiri var - təlim, tərbiyə və s. Eyni zamanda, yaş dövrünün təsirləri, maddi durum məsələsi - istəklər, maraqlar və s. də nəzərə alınmalıdır. Bunların hamısı bu və digər şəkildə yeniyetmənin psixoaktiv maddəni dadmasına, onun aludəçisi olmasına təsir göstərir.

Belə göstəricilər, tədqiqatlar da var ki, misal üçün, 10 yeniyetmə psixoaktiv maddəni istifadə edir, onun dadını alırsa, onlardan 6-7 nəfəri bundan imtina edir, digərləri isə asılılığın yaranmasında daha dərinə gedirlər. Bu istifadədən sonra da, sözsüz ki, insanın bioloji mühitində, yəni beynində dəyişikliklər yaranır. Psixoaktiv maddə birbaşa həzz mərkəzinə təsir etdiyinə görə, insanda qısa müddətdə asılılıq əlamətləri yaranır. İnsan özünün komfort durumda olmasını bərpa etmək üçün yenidən narkotik maddələrin istifadəsinə meyl göstərir”.

Araz Əliquliyev deyir ki, psixoaktiv maddələrin təsiri nəticəsində insanın beynində həzz mərkəzləri formalaşdığına görə, bunun ardınca davranış pozuntuları müşahidə olunur: “Yəni psixi pozuntular davranış pozuntularına gətirir. Davranış pozuntuları da sosial əlaqələrin itirilməsi, maraqlar dairəsinin daralması, özünəxas olan dünyagörüşünün formalaşması, reallığın yanlış qiymətləndirilməsi ilə nəticələnir. Xəstə bu günlə yaşayır, onda hansısa uzunmüddətli maraqların formalaşması mümkün olmur. Yəni hər bir iki saatdan bir insanda dəyişikliklər yarandığına görə, psixoaktiv maddələr istifadə edənlərdə qısamüddətli maraqlar olur. Ona görə, qərarları da dayanıqsız olur”.

Baş həkim hesab edir ki, asılılıqlarla mübarizənin uğurlu olması üçün bir neçə mühüm faktor nəzərə alınmalıdır: “Ümumiyyətlə, asılılıqlarla mübarizədən söhbət gedirsə, birinci “mübarizə” sözü tam yerində deyil, ona görə ki, söhbət xəstəlikdən gedir. Digər tərəfdən, bu prosesdə ictimai təhlükəsizlik, dövlət təhlükəsizliyi, iqtisadi maraqlar da rol oynayır. Ona görə ki, psixoaktiv maddələr, xüsusilə narkotiklərin qanunsuz dövriyyəsi on milyardlarla gəlir gətirdiyinə görə, bu, hər bir dövlətə siyasi, iqtisadi baxımdan zərbələr endirə, dövlətin siyasi quruluşuna təsir etmək iqtidarında ola bilir. İqtisadi-siyasətə təsir etmək imkanı olur. Bu, hüquq-mühafizə orqanlarına sirayət edib, korrupsiya və rüşvətxorluğun inkişafına təkan verən bir prosesdir. Ona görə, narkotiklərə qarşı mübarizədə bir neçə aspekt nəzərə alınmalıdır.

Birincisi, dünyada qəbul edilmiş siyasət var - təklifin azadılması. Təklifin azadılması - narkotikin istehsalı, loqistikası, çatdırılması, belə deyək, pərakəndə və topdan satışının qarşısının alınması istiqamətində aparılan mübarizədir. Bu, narkotikin əkilib-becərilməsindən tutmuş, daşınmasının və birbaşa istifadəçiyə çatdırılmasının qarşısının alınması, eyni zamanda bu dövriyyədə iştirak edən insanların cinayət məsuliyyətinə cəlb olunmasıdır.

İkincisi isə, təlabatın azadılmasıdır. Təlabatın azadılması - istehsalın qarşısının alınması, yaxud azadılmasıdır. Hansı ki, xəstə insanlar həmin maddəni istifadə etmək üçün “qara bazar”a baş vurur, orda narkotik əldə edirlər. Deməli, burada nəzarət mexanizmləri gücləndirilməlidir. Bu da hüquq mühafizə tədbirləri ilə mümkündür. Bunun üçün də hüquqi normativ sənədlərin hazırlanması vacibdir.

Üçüncüsü də, epidemioloji, tibbi-profilaktik tədbirlərin həyata keçirilməsidir. Yəni birinci hüquq mühafizə tədbirləri, gömrük və sərhəd xidmətlərindən tutmuş, daxili işlər, təhlükəsizlik, xarici kəşfiyyat xidmətlərinin bir yerdə, kordinasiyalı şəkildə narkotikin əkilib-becərilməsinin, istehsalının, daşınmasınını və satışının qarşısını almasından söhbət gedir. Bununla bərabər, “çirkli pullar”ın dövriyyəsinin qarşısının alınmasına da diqqət ayrılmalıdır. Yəni mənbəyi bilinməyən pulların izlənilməsi. Burda bank sistemi də işləməlidir. “Bank kəşfiyyatı”, “maliyyə kəşfiyyatı” deyilən qurumlar var ki, mənşəyi bilinməyən pulların dövriyyəsinə, sahiblərinin tapılmasına nəzarət edir.

Daha sonra narkotikin daşınması - bir mənbədən digər ünvana çatdırılması, hansı ölkələri keçməsi, hansı şirkətlərin əlinin olması və s. operativ tədbirlər nəticəsində nəzarətə götürülür. Bu, transmilli cinayətkar qruplara qarşı dövlətlərin birgə tədbirlər həyata keçirməsidir”.

“Medi-Art” Psixi Sağlamlıq Mərkəzinin rəhbəri onu da bildirib ki, tibbi-proflaktik tədbirlər deyəndə, burada söhbət istehlakçılardan, onların müalicəsi üçün yaradılan tibbi sistemdən, ambulator xidmətdən gedir: “Yəni müvafiq müalicə üsullarının, protokolların hazırlanmasıdır ki, burda da stasionar xəstəxanalarla bərabər, psixoloji, psixiatrik yardım nəzərdə tutulur. Əlavə olaraq, reabilitasiya  sisteminin qurulması - tibbi reabilitasiya, hüquqi reabilitasiya, ailə reabilitasiyası, yəni insanın cəmiyyətə qayıtması, məşğulluq məsələsinin həlli və.s amillər var.

O cümlədən, aktiv istifadəçilər var ki, müalicəni axıra kimi keçməyi bacarmırlar. Çünki bu, uzunmüddətli müalicədir. Ona görə, bu adamlarla bağlı zərərin azaldılması proqramları tətbiq edilir. Onlara elə bir tibbi yardım göstərilir ki, narkotikdən tam xilas ola bilməsə də, digər ziyanların qarşısı alınsın. Məsələn, onlar arasında yoluxucu xətliklərin qarşısının alınması məqsədilə pulsuz birdəfəlik şprislər, qoruyucular verilir, pisoxloji yardım olunur, həyatı üçün təhlükə yaradan halların qarşısının alınması üçün əvəzedici müalicə proqramları tətbiq edilir. Yəni çöldə mənşəyi bilinməyən narkotik maddə istifadə etməməsi üçün onlara əvəzedici narkotik maddələr təklif olunur. Onlar gün ərzində, yaxud günaşırı tibb müəssisəsinə müraciət edir, dövlətin maliyyə vəsaiti hesabına onlara uyğun dozada narkotik maddə verilir. Bununla yanaşı, proflaktik tədbirlər də aparılır”.

(Ardı var)

Fuad BİLƏSUBARLI

Stopnarkotik.az