Bank kartlarından oğurluqlar artır – FİŞİNQ HÜCUMLARI...

Ahılların pensiya kartlarından oğurluqlar davam edir. Ağsuda ahıl qadının bank kartından oğurluq etməkdə ittiham olunan Səbuhi Zülfüqarov tutulub. Bakıda isə bank kartından oğurluq etməkdə təqsirləndirilən Rəfail Zülfüqarovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Rəfail Zülfüqarov Bakı şəhər sakininin bank kartından 1430 manat oğurlamaqda ittiham olunur. Astara sakini Vüsal Dadaşov babası Şaməddin Əsədovun pensiya kartını, 3100 manatını oğurlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə ittiham irəli sürülüb. Bununla yanaşı, bank kartlarına aid məlumatları müxtəlif yollarla ələ keçirib vəsaitlərin oğurlanması faktları da hər ötən gün artır.

Müasir dünyada həyatımızın önəmli parçalarından biri internetdir. Biz ondan ünsiyyət qurmaq, müəyyən işlərimizi həll etmək, alış-veriş etmək üçün istifadə edirik. Onlayn dünya bizə saysız-hesabsız faydalar versə də, özü ilə müəyyən riskləri də gətirə bilir.

Bu sahə ilə bağlı təcrübəsindən asılı olmayaraq hər kəsin bilməli və zərər görməmək üçün müəyyən tədbirlər görməli olduğu əsas təhlükələrdən biri fişinqdir.

Fişinq nədir?

Bank və ya hansısa dövlət qurumundan sizə e-poçt, mesaj və ya zəng gəlir. Bu mesaj sizdən linkə klikləməyi, şifrənizi, kredit kart məlumatlarınızı və ya şəxsiyyət vəsiqənizdəki gizli məlumatları təqdim etməyinizi istəyir. Bu kimi hallarda təmkinli olmaqda fayda var, əks halda siz fişinq hücumunun qurbanı ola bilərsiniz.

Fişinq dünyada ən çox istifadə edilən və ən böyük fəsadlara səbəb olan kiberhücumlardan biridir. Burada bir və ya bir neçə nəfərlik onlayn dələduzluqla məşğul olan dəstələr, banklar, sosial media platformaları və ya dövlət qurumları kimi etibar edilən müəssisələrə məxsus veb-saytları təqlid edərək sizdən bu zərərli və saxta saytlara şəxsi məlumatlarınızı yazmağı tələb edirlər.

Daha sonra şəxsi məlumatları sizə qarşı istifadə edirlər. Cinayətkarlar sizin məlumatlarınızdan istifadə edərək bank hesabınızdan pul oğurlaya bilər, şəxsi məlumatlarınızdan istifadə edərək sizin adınızdan kibercinayət törədə bilərlər. Fişinq hücumları ilə bağlı riskləri düzgün tədqiq etmək və onlayn təhlükəsizliyi təmin etmək hər bir internet istifadəçisinin vacib nəzərə alması məqamlardan biridir. Kiberhücumları reallaşdıraraq dələduzlar sizdən müxtəlif növ gizli məlumatları oğurlaya bilərlər.

Fişinq hücumları müxtəlif formalarda ola bilər və bu hücumlar sizi müxtəlif yollarla aldatmaq üçün nəzərdə tutulub.

Fişinq hücumlarının ən çox istifadə edilən üsulları aşağıdakı kimidir:

E-poçt fişinq

E-poçt fişinq növü sizin qarşınıza çıxa biləcək ən ənənəvi kiberhücumlardan biridir. Dələduzlar nüfuzlu təşkilatlar, banklar, dövlət müəssisələrinin domen adlarını təqlid edərək e-poçt ünvanları yaradırlar. Daha sonra kiber üsullarla müəyyən etdikləri hədəflərə bu tipli e-poçt adreslərindən saxta mesajlar göndərərək onlardan gizli məlumatlarını yazmağı tələb edirlər və ya zərərli linkə klikləyərək qurbanların kompüterlərinə virus yükləməyə çalışırlar.

"Spear" fişinq

Bu tipli hücumlarda dələduzlar adətən konkret şəxsləri və ya qurumları hədəfə alırlar. Dələduzlar göndərdikləri mesajın yüksək dərəcə etibarlı görsənməsi üçün müxtəlif növ üsullarla topladıqları şəxsi məlumatları bu mesajların içərisinə əlavə edirlər. Bu tipli məlumatları görən qurbanlar adətən belə mesajlara inanır və dələduzların ondan istədiyi digər gizli məlumatları onlarla bölüşürlər.

Səs fişinqi

Səs fişinqi dələduzların ən çox istifadə etdiyi kiberhücumlardan biridir. Burada dələduzlar müxtəlif növ vasitələrdən istifadə edərək ayrı-ayrı qurumların adından onların istifadə etdiyi mobil nömrələri təqlid edərək qurbanlara zəng edirlər. Etibarlı mənbədən zəng gəldiyini zənn edən qurbanlar da bu halda dələduzların tələsinə düşürlər. Dələduzlar bu tipli zənglərdə sizdən öz hesablarına pul göndərməyinizi, məlumatlarınızın ələ keçirildiyini deyərək şifrələrinizi və digər gizli məlumatlarınızı onlarla bölüşməyinizi tələb edə bilərlər.

Fişinq hücumlarından qorunma üsulları

İnternet əsrində şəxsi məlumatlarınızı və onlayn təhlükəsizliyinizi qorumaq çox vacibdir. Gizli məlumatları oğurlamaq üçün fərdləri aldatmaq məqsədi daşıyan fişinq hücumları gün keçdikcə daha çox yayılır və qurbanlara daha çox zərər vurmağa davam edir. Özünüzü və ətrafınızdakıları qorumaq üçün aşağıda sadalanan həll yollarını tətbiq edə bilərsiniz:

Xəbərdar olun

Bu mövzuda bilik sizin ən yaxşı müdafiəçiniz olacaq. Ümumi fişinq hücumları və kiberdələduzların sizi aldatmaq üçün istifadə etdikləri üsullar barədə məlumatlı olmaq və bu tipli hücumları real mesajlardan ayırd edə bilmək sizin üçün çox vacibdir.

Göndərəni yoxlayın

Göndərilən mesajda hər hansı bir keçidə klikləməzdən əvvəl mesajın kim tərəfindən göndərildiyinə diqqət edin. Dələduzlar adətən təqlid etdikləri qurumun və ya şirkətin domen adına bənzər adlar istifadə edərək sizin bir anlıq diqqətsizliyinizdən istifadə etməyə çalışırlar.

Hesablarınızda ikimərhələli doğrulama kodunu aktivləşdirin (2FA)

İstifadə etdiyiniz hesablarda ikimərhələli doğrulama kodları sizin təhlükəsizliyinizi təmin edə bilər. Dələduzlar hər hansı yollarla şifrənizi əldə etsə belə, ikimərhələli doğrulama kodunu ələ keçirə bilmədiklərindən sizin hesabınıza daxil ola bilməyəcəklər. Şübhəli hadisələri aidiyyəti qurumlara bildirin.

Əgər sizə və ya çalışdığınız şirkətə fişinq hücumu olubsa, bu halı aidiyyəti üzrə fəaliyyət göstərən qurumlara bildirin./musavat.com