Bakıya yağış, dağlıq rayonlara qar yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında martın 18-i axşamdan 21-dək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, bəzi yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var.

Şimal-qərb küləyi 19-u gündüz, 20-də 15-20 m/s, 20-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-6 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında martın 18-i səhər şimal və qərb rayonlarından başlayaraq 21-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi-Aran, Lənkəran-Astara bölgəsində yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi 19-u gündüz, 20-də bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Martın 17-si axşamdan 21-dək Böyük və Kiçik Qafqazın, 19-dan 21-dək isə Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylarında sululuğun artacağı gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7 dərəcə aşağı enəcək.