Bakının 8 Noyabr prospektində aparılan təmir işləri ilə bağlı hər hansı xəbərdaredici nişanın olmaması günün qaranlıq saatında sürücülərin qəzaya düşməsinə səbəb olub.
Bununla bağlı sosial şəbəkədə videogörüntü yayımlanıb.
Havanın qaranlıq vaxtı, görüntünün məhdud olduğu zaman hərəkətdə olan 77-RU-096 dövlət qeydiyyat nişanlı KIA markalı avtomobilin sürücüsü yolda nişan olmaması səbəbindən qəzaya düşüb və avtomobilinə ciddi ziyan dəyib:
"Yerdə maneə var, amma heç bir xəbərdarlıq nişanı yoxdur. Sürücülər də qazılmış yolu görmədikləri üçün qəzadan yayına bilmirlər. Yalnız qəza olandan sonra yolu bağladılar".
Baş vermiş hadisə ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanladıq.
Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli Oxu.Az-a açıqlamasında bildirib ki, o yol bağlı olub.
"Hadisə 8 Noyabr prospektinin şəhər mərkəzi istiqamətində 7-ci dairəvi küçəsi ilə kəsişməsindən Xəqani Rüstəmov küçəsinədək olan hissəsində baş verib. Həmin ərazidə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur və rəsmi olaraq, o yol bağlı olub. Heç-bir nəqliyyat vasitəsi tərəfimizdən əraziyə buraxılmayıb. Bununla bağlı ictimaiyyət üçün müvafiq xəbərdarlıq da paylaşmışıq", - deyə A.Nəcəfli vurğulayıb.
"Sürücü yolun qazılan hissəsində və heç bir nişan olmadığı üçün maddi ziyana düşdüyünü iddia edir. Belə olan halda ona dəyən ziyan qurum tərəfindən ödənilə bilərmi?" - sualına cavabında isə A.Nəcəfli qeyd edib ki, bunun üçün məhkəməyə müraciət edilməlidir.
"Sürücüyə dəyən ziyanın qurum tərəfindən qarşılanması o zaman baş tuta bilər ki, qəzanın baş vermə şəraiti və səbəbi təsdiqlənsin. Əgər hadisənin doğrudan da ərazidə hər hansı nişan olmaması səbəbindən baş verdiyi təsdiqlənərsə, aidiyyəti üzrə qurum o xərci qarşılaya bilər. Bunun üçün isə zərərçəkən məhkəməyə müraciət etməlidir və məhkəmə araşdırıb qərar verməlidir.
Bir daha qeyd etmək istəyirəm ki, həmin yol tərəfimizdən bağlı olub və avtonəqliyyat vasitələri əraziyə buraxılmayıb", - deyə A. Nəcəfli qeyd edib.
Qeyd edək ki, Bakıda son illər intensiv yol təmir və yenidənqurma işləri aparılır. Paytaxtın bir çox əsas magistral yollarında müasir standartlara uyğun yenidənqurma işləri həyata keçirilir. Lakin bəzən bu işlər zamanı sürücülərin rahatlığı və təhlükəsizliyi lazımi səviyyədə təmin olunmur. Xüsusilə də işlərin aparıldığı ərazilərdə xəbərdarlıq nişanlarının qoyulmaması, işıqlandırmanın zəif olması qəzalara səbəb olur.