Bakıda şagird özünü məktəbin binasından atıb? - RƏSMİ AÇIQLAMA / YENİLƏNİB

Bakının Nizami rayonunda yerləşən 220 nömrəli məktəb-liseyində intihara cəhd edən şagird xəstəxanadan evə buraxılıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.

"Aprelin 11-də saat 13:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nizami rayonu, 220 saylı orta məktəbdən müraciət qeydə alınıb.

Dərhal çağırış ünvanına briqada cəlb olunub. 2011-ci il təvəllüdlü şəxs (kişi cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Pasiyentə belin küt travması diaqnozu təyin edilib. Zəruri tibbi yardımlar göstərilən şəxs ambulator müalicə üçün evə buraxılıb", - məlumatda qeyd olunub.

***16:23

Bakının Nizami rayonunda yerləşən 220 nömrəli məktəb-liseyində şagird intihara cəhd edib.

Stopnarkotik.az manset.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb. 

İlkin məlumata görə, şagird sinif yoldaşları ilə aralarında yaranan mübahisədən sonra intihar məqsədilə bu addımı atıb.

O, ağır kəllə-beyin travması alıb. Daha sonra müəllimlərin köməkliyi ilə təcili tibbi yardım çağırılaraq xəstəxanaya göndərilib.

Hadisə yerində hüquq-mühafizə orqanları əməkdaşlarının araşdırma apardığı bildirilib.

Bakı Şəhər Təhsil İdarəsindən bildirilib ki, hadisə intihara cəhd deyil:

"220 nömrəli məktəb-liseyin VIII sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) II mərtəbənin pəncərəsindən yıxılıb.

Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib və səhiyyə müəssisəsinə aparılıb. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb. Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır", - deyə məlumatda qeyd olunub.