Bakıda qəbiristanlıq problemi xaosa çevrilir: vəfat edən şəxsi həyətində dəfn etmək olar?

Ölkədə bütün sahələri əhatə edən qiymət artımı məzar yerlərinin alınmasına da təsirsiz ötüşməyib. Qəbr yerlərin baha qiymətini görən vətəndaşlar vəfat edən yaxınlarını dəfn etmək üçün rayonlara üz tuturlar. Bundan əlavə həmin vətəndaşlar əzizlərinin qəbirini ziyarət etmək üçün il ərzində 2-3 dəfə rayona getməli olurlar. İmkanı olmayan vətəndaşlar isə il ərzində əzizlərinin qəbirini ziyarət edə bilmir. 

Bakıda bir neçə qəbiristanlıqdakı məzar yerlərinin qiymətləri təxminən belədir: Qurd qapısı qəbiristanlığı - 2000-3000 manat, Badamdar qəbiristanlığı - 800-2000 manat, Zabrat qəbiristanlığı - 500-700 manat, Maştağa qəbiristanlığı - 800-1000 manat, Hövsan qəbiristanlığı - 400-500 manat, Əmircan qəbiristanlığı - 300 manat (iki nəfərlik məzar yeri 500 manat), Bülbülə qəbiristanlığı - 150-200 manat, Günəşli qəbiristanlığı - 600-1500 manat, Xırdalan qəbiristanlığı - 800-2000 manat.

Qeyd edək ki, bu qiymətlər stabil deyil, ilbəil artıb-azala bilir. Qiymətlərin daha da artacağı gözlənilir.

Bəzi vətəndaşlar çıxış yolunu ölüsünü həyətində dəfn etməkdə görür. Belə ki, artıq sosial şəbəkələrdə bununla bağlı vəkillərə, hüquq müdafiəçilərinə suallar ünvanlayırlar. Sosial şəbəkələrdə verilən "Rəhmətə getmiş şəxsi qəbiristanlıqda deyil, yaşamış olduğu evin həyətində dəfn etmək qanunla icazəlidirmi? Əgər belə bir hal olarsa, qanun pozuntusu hesab edilirmi? Belə suallar böyük müzakirəyə yol açıb. 

Sumqayıt Cümə Məscidinin Axundu Hacı Rauf Sərdar Qaynarinfo-ya açıqlamasında bildirib ki, hərə öz vəfat etmiş yaxınını həyətində dəfn edərsə, hamının həyəti qəbiristanlığa çevrilə bilər:

"Bir-iki nəfərin fikiri ümumi vətəndaş fikiri deyil. Bu təklif çoxluq tərəfindən qəbul olunmur. Bu hüquqi iş deyil. Getsinlər, hüquqi baxımdan öz işlərinə həll etsinlər. Bu gün hərə öz həyətində qəbiristanlıq salsa, bu nə dərəcədə düzgün olar? Ən yaxşısı problemi qəbiristanlıqla həll eləməkdir. Təsəvvür edin hərə ölsünü öz həyətində dəfn edəcək. Hərənin öz qəbiristanlığı olacaq. Bütün həyətlər qəbiristanlığa çevrilsin? Bizim mental dəyərlərimiz var, dünyəvi dövlətik. İnsanlar qəbiristanlığa niyə cəm şəkilində gedir? Adət-ənənə, meyitin yuyulması, kəfənlənməsi, namaz qılınması və s. bütün bunlar cəm şəkilində həyata keçirilir. İnsan tək olanda qəbiristanlığıa girmək istəmir. Lazım olsaydı keçmişdə hamı ölüsünü həyətində dəfn edərdi”.