Yarım milyard manatlıq vəsaiti leqallaşdırmaqda və vergidən yayınmaqda ittiham olunan Bahadır Qasımov, qardaşı İkram Qasımov, onların əmisi oğlu Fərhad Qasımov, eləcə də Cavid Əzizov, Vəli Əliyev və Anar Əhmədovun məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrlik etdiyi prosesdə vəkillər vəsatət verib.
Vəsatətdə qeyd olunub ki, İlhamə Ağayeva məhkəmədə baxılan cinayət işində maraqlı şəxs kimi iştirak etmək istəyir. O, həmçinin məhkəmədən Səbail rayonunda yerləşən əmlakı üzərində qoyulmuş həbsi aradan qaldırmağı xahiş edib.
Məhkəmə İlhamə Ağayevanın iş üzrə maraqlı şəxs kimi tanınması barədə vəsatəti təmin etməyib. Səbail rayonunda yerləşən əmlakı üzərində qoyulmuş həbsin aradan qaldırılması ilə bağlı vəsatət isə baxılmamış saxlanılıb.
Daha sonra Bahadur Qasımovun vəkili vəsatətində iş üzrə bir neçə quruma sorğu göndərildiyini, amma cavabların hələ gəlmədiyini bildirərək, prosesin təxirə salınmasını istəyib.
Məhkəmə bu vəsatəti təmin edib.
Növbəti məhkəmə prosesi sentyabrın 1-nə təyin olunub.
Qeyd edək ki, 2023-cü ildə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Yasamal rayonu ərazisində yerləşən ofisdə qanunsuz pul köçürmələrinə qarşı əməliyyat keçirib.
Əməliyyatla mütəşəkkil cinayətkarlıqla məşğul olmaqda şübhəli bilinən 6 nəfər – Bahadır Qasımov, onun qardaşı İkram Qasımov, onların əmisi oğlu Fərhad Qasımov, Cavid Əzizov, Vəli Əliyev və Anar Əhmədov həbs edilib.
İttihama görə, onlar xarici ölkədən Azərbaycana, Azərbaycandan xarici ölkəyə qanunsuz pul vəsaitləri köçürüblər. Qanunsuz olaraq bank fəaliyyəti həyata keçirməklə külli miqdarda vergi ödəməkdən yayınıblar. Dəstə üzvləri bu işlərlə bağlı öz aralarında vəzifə bölgüsü də aparıblar.
Pulların leqallaşdırılması Bakının Yasamal rayonunda, İstanbul və Dubaydakı ofislərdə həyata keçirilib.
Şirkət vasitəsilə xarici ölkələrə ümumilikdə 254 milyon 409 min 947 manat qanunsuz pul köçürülüb. Həmin vəsaitin 1 faizi - 2 milyon 500 min manatı xidmət haqqı kimi onların özünə qalıb.
Ofisdə və İ.Qasımovun yaşadığı evdə axtarış zamanı 1 milyon 500 min dollar, 1 milyon 400 min manat, ABŞ istehsalı olan odlu silahlar, ümumi dəyəri 1 milyon manata yaxın qiymətləndirilən 100-ə yaxın qızıl-brilyant əşyalar tapılıb. Qızıl-zinət əşyalarının ölkəyə qaçaqmalçılıq yolu ilə gətirildiyi bildirilir.
Həbs edilmiş şəxslərin özlərinin və ailə üzvlərinin çoxsaylı əmlakı, eləcə də 100-ə yaxın bahalı avtomobilin, digər minik vasitələrinin üzərinə həbs qoyulub.
Hesablamalara əsasən, bütün əmlakların ümumi dəyəri yarım milyard manata yaxındır."teleqraf"