Bakının Qaradağ rayonunda işçilərin əmək hüquqlarını pozan şirkət cərimələnib.
Bu barədə Stopnarkotik.az-a Qaradağ Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, “İnternational Technology and Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən bir neçə şəxsin əmək hüquqlarının pozulması barədə daxil olan vətəndaş müraciətləri əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı qeyd olunan Cəmiyyətin qanuni təmsilçisi Fuad Fətəliyev tərəfindən bir neçə şəxsin qanunla nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi və əmək haqqının ödənilməməsi müəyyən edilib.
Fakt üzrə Qaradağ rayon prokurorluğunda hüquqi şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) və 192.4-cü (işçinin əmək haqqının ödənilməsində qanun pozuntularına yol verilməsi) maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Məhkəməsinin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.