Noyabrın 30-da Dövlət Sərhəd Xidməti və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən Hərbçilər arasında Güləş üzrə 36-cı dünya çempionatının ikinci günündə sərbəst güləş üzrə növbəti mükafatlandırma mərasimi keçirilib.
Stopnarkotik.az xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində davam edən tədbirdə qaliblərə kubok, tutduqları yerlər üzrə qızıl, gümüş, bürünc medallar və fəxri diplom təqdim edilib.
Çempionatın ikinci günü 7 güləşçimiz (5 kişi, 2 qadın) 2 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edərək Dövlət Himnimizi səsləndirib, zəfər bayrağımızı zirvəyə ucaldıblar.
Mübarizənin sonunda güləşçilərimiz Orxan Abbasov (79 kq) qızıl, Ceyhun Allahverdiyev (61 kq) gümüş, Fərid Cabbarov (86 kq) bürünc, qadınlardan isə Ruzanna Məmmədova (59 kq) qızıl, Gültəkin Şirinova (53 kq) bürünc medal qazanaraq fəxri kürsüdə layiq olduqları yeri tutublar.
Bununla da Hərbçilər arasında Güləş üzrə 36-cı dünya çempionatında kişilərdən ibarət sərbəst güləş üzrə millimiz 5 qızıl - Əli Rəhimzadə (65 kq), Hacı Əliyev (70 kq), Turan Bayramov (74 kq), Orxan Abbasov (79 kq), İbrahim Yusubov (92 kq), 1 gümüş - Ceyhun Allahverdiyev (61 kq) və 1 bürünc - Fərid Cabbarov (86 kq) medal qazanaraq dünya çempionu kubokunun sahibi olub.
İran millisi çempionatda ikinci, Türkiyə millisi isə üçüncü yerdə qərarlaşıb.
"Sərhədçi” İdman Mərkəzində davam edən, ölkəmizin 26 güləşçi ilə təmsil olunduğu çempionat dekabrın 3-də başa çatacaq.