İyulun 28-dən 29-na keçən gecə Xəzər rayonu, Sabunçu rayonu, Ağcəbədi rayonu və digər rayonların sakinləri olan bir qrup Vətən müharibəsi iştirakçısı və bir neçə vətəndaş Xəzər rayonu sakini Hümbətov Vasif Nizami oğlunun rəhbərliyi ilə Suraxanı rayonunun inzibati ərazisində yerləşən Hövsan südçülük sovxozuda, dövlət mülkiyyətinə aid, kənd təsərrüfatı təyinatlı olan 6000 kv.m torpaq sahəsini zəbt edərək hasar tikintisi işlərinin aparılması faktı aşkar edilib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Suraxanı Rayon İcra Hakimiyyətindən bildirilib.
Qeyd olunub ki, Suraxanı Rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri tədbir nəticəsində özbaşına aparılan tikinti işlərinin qarşısı alınıb, zəbt olunmuş torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılıb.
“Bildiririk ki, Vətən müharibəsi iştirakçısı olmuş sözügedən vətəndaşlar bundan öncə də bu kimi hallara cəhdlər etsə də, bunun qarşısı alınıb və onlara müvafiq tövsiyə və xəbərdarlıqlar edilib” - açıqlamada qeyd olunur.
Sözügedən məsələ ilə bağlı mövcud qanunvericiliyin tələblərinə əsasən lazımi tədbirlər görülməsi üçün Suraxanı RİH tərəfindən müvafiq məktublarla Suraxanı Rayon Polis İdarəsinə, Suraxanı rayon Prokurorluğuna, FHN-nə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciətlər ünvanlanıb.
Stopnarkotik.az