Bakıda oğurluqda təqsirləndirilən İsmayıl Qəhrəmanov və tanışı Kənan Əliyevin barəsindəki hökmdən apellyasiya şikayətinə baxılıb.
Stopnarkotik.az xəbər verir ki, publika.az-ın əldə etdiyi məlumata görə, prokurorluğun hökmlə bağlı protesti təmin edilib.
Apellyasiya instansiyasının qərarı ilə İsmayıl Qəhrəmanovun cəzası ağırlaşdırılaraq 8 il təyin edilib. Həmçinin Kənan Əliyevlə bağlı hökm də dəyişdirilib və ona qəti olaraq 6 il həbs cəzası verilib.
İttihama görə, həmin şəxslər paytaxt ərazisində evlərin birinə daxil olaraq seyfi sındırmaq yolu ilə ümumlikdə 71854 manat pul oğurlayıblar. Eyni zamanda İsmayıl və Kənan həmin mənzildən içərisində 130 min dollar (ümumilikdə 221 000 manat) pul olan irihəcimli seyfi qırmağa çalışıblar. Lakin onlar istəklərinə nail ola bilməyiblər və ərazidən uzaqlaşıblar. Əldə etdiyimiz məlumata görə, hadisənin baş verdiyi Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yerləşən ev tanınmış şəxsə məxsusdur.
Belə ki, ev sahibi M.G uzun illər neft sənayesində, SOCAR-da müxtəlif vəzifələrdə çalışıb və 2023-cü ildə səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib. Xatırladaq ki, İsmayıl Qəhrəmanov 2016-cı ildə 1 milyon manat oğurlamaqda təqsirli bilinib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. Daha sonra o, azadlığa çıxmışdı. İsmayılın Kənanla elə həbsdə tanış olduğu bildirilir.