Bakıda “diplom işi”nə görə dələduzluq edən qadına elektron qolbaq taxıldı

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Maya Quliyevanın (şərti) barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Nizami Rayon Məhkəməsinin hökmü ilə o, 1 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Bakı Apellyasiya Məhkəməsi qadının şikayətini təmin etməyib.

İttihama görə, Maya Quliyeva özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda zərərçəkmiş Lalə Əsədlinin (şərti) övladının ali təhsil aldığı Ukraynanın Xarkov şəhərində yerləşən V.N.Karazin adına universitetin bakalavr dərəcəsi ilə olan diplomunu Azərbaycanın Təhsil Nazirliyində təsdiq etdirəcəyinə (nostrifikasiya) dair yalan vəd verib.

Belə ki, o, bu adla zərərçəkmiş şəxsdən 2019-2020-ci illər ərzində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində ümumilikdə 5500 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib.

Daha sonra Maya Quliyeva cinayət məsuliyyətinə cəlb edilib./pravda.az