Bakıda 9-cu sinif şagirdi özünü məktəbin binasından atıb - DƏRSDƏN QAÇMAQ İSTƏYİRMİŞ...

Sosial şəbəkədə Binəqədi rayonu 135 nömrəli tam orta məktəbin IX sinif şagirdinin özünü məktəbin binasından atması ilə bağlı məlumat yayılıb.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, İdarənin əməkdaşları hazırda Binəqədi rayonu 135 nömrəli tam orta məktəbdədir.

Hadisə ilə bağlı araşdırma aparılır: "Məktəbdən verilən ilkin məlumata görə Binəqədi rayonu 135 nömrəli tam orta məktəbin IX sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) dərsdən yayınmaq məqsədilə II mərtəbədə yerləşən sanitar qovşağın pəncərəsindən atılıb qaçmaq istəyərkən yerə yıxılıb.

Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb, şagirdə ilkin tibbi yardım göstərilib. Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib.

Hazırda uşağın vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Əlavə məlumat veriləcək".

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 16 yaşlı vətəndaş (qadın cinsli) bel fəqərəsində yerdəyişməyən sınıq xətti diaqnozu ilə təcili tibbi yardım briqadası ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub:

"Zəruri müayinələrdən sonra ambulator müalicə üçün evə buraxılıb".