Cinayət Məcəlləsinin 178.3.2-ci, yəni külli miqdarda dələduzluq əməlində təqsirləndirilən Naxçıvan Muxtar Respublikasının Babək rayon, Nehrəm qəsəbə sakini, 1987-ci il təvəllüdlü Rahib Əliyev həbs edilib.
Stopnarkotik.az publika.az-a istinadən xəbər verir ki, məhkəmənin hökmü ilə avqustun 2-də Rahib barəsində həbs-qətimkan tədbiri seçilib və o, məhkəmə zalında həbs edilib.
İttihama görə, Rahib sinif yoldaşı olan və nazirliklərdən birində çalışan Xaliq adlı şəxsi, onun iş yoldaşlarını və bir neçə qohumunu öz biznesinə şərik etmək adı ilə aldadaraq ümumilikdə 750 min manat pul alıb. Lakin Rahib heç bir biznes sahibi olmayıb, pulların bir hissəsini həmin şəxslərə gəlir kimi qaytararaq biznesinin uğurlu olması barədə yalan fikir formalaşdırıb. Pulun böyük hissəsini isə özü üçün xərcləyib.
Bir müddət sonra Rahibin fırıldağının üstü açılıb və onun barəsində hüquq-mühafizə orqanlarına şikayətlər daxil olub. İş üzrə 11 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Rahibin onların birindən 204 min, digərindən 70 min və fərqli məbləğlərdə pul alaraq ələ keçirməsi məlum olub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin ötən həftə çıxardığı hökmlə Rahib Əliyev 6 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.