BAKI VƏ SALYANDA ƏMƏLİYYAT: 41 kq narkotik götürüldü, saxlanılanlar var - VİDEO

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi Bakı şəhəri və Salyan rayonunda keçirdiyi əməliyyatlar zamanı 41 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb.

Bu barədə Stopnarkotik.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakı şəhəri və Salyan rayonunda keçirilən növbəti əməliyyatlar zamanı əvvəllər də narkotiklərlə bağlı cinayətlərə görə məhkum olunmuş 1998-ci il təvəllüdlü Elgün Məmmədov və 2002-ci il təvəllüdlü Rəşad Süleymanov saxlanılıblar. Onlardan ümumilikdə 41 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanıb.

E.Məmmədov və R.Süleymanov şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə əvvəlcədən müəyyənləşdirilmiş yerlərdən narkotik vasitələri götürərək maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırılmasını planlaşdırıblar.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.