Bakı-Sumqayıt avtomagistralında baş verən qəza ilə bağlı 10.12.2023-cü il tarixində saat 06:35 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına 6 nəfər gətirilib (4-ü qadın cinsi, 2-si kişi cinsi olmaqla).
Bu barədə Sumqayıt Tibb Mərkəzindən bildirilib.
Qapalı kəllə-beyin travması alan 1963-cü il təvəllüdlü Allahverdiyeva Ayna Təru qızı həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.
Digər xəsarət alanlar - 1961-ci il təvəllüdlü qadın qapalı kəllə-beyin travması, sol bud sümüyünün sınığı, şəxsiyyəti məlum olmayan qadın qapalı kəllə-beyin travması, sol baldırın sınığı, 1992-ci il təvəllüdlü kişi üzün yumşaq toxumasının əziyi, aşağı ətrafın travması diaqnozları ilə Reanimasiya şöbəsində müalicələrini davam etdirirlər. Vəziyyətləri ağırdır.
1987-ci il təvəllüdlü kişinin qapalı kəllə-beyin travması, sağ dirsək sümüyün sınığı diaqnozu ilə Travmatologiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
1975-ci il təvəllüdlü qadına isə təpə nahiyəsinin sıyrıntısı, dirsəyin və ayağın əziyi diaqnozu qoyulub. Ona zəruri tibbi xidmətlər göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
Qeyd edək ki, hadisə nəticəsində iki nəfər ölüb. Digər ölən şəxs 1959-cu il təvəllüdlü Bədəlova Afət Səməd qızıdır.
***
11:23
Bakı-Sumqayıt şosesində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər yaralanıb.
"Report" xəbər verir ki, yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.
Belə ki, yaralılardan dördünün vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə, digər ikisi isə travmatologiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, qəzada bir nəfər dünyasını dəyişib.
***
06:27
Bakı-Sumqayıt şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hərəkətdə olan “Ford Tranzit” markalı avtomobil yolun kənarındakı beton maneəyə çırpılıb.
Hadisə yerinə təcili tibbi yardım avtomobilləri və polis əməkdaşları cəlb olunub.
İlkin məlumata görə, qəza nəticəsində azı dörd nəfər xəsarət alıb, bir nəfər isə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.