TƏBİB Bakı metrosunun "28 May" stansiyasında sərnişinin faciəli ölümü ilə bağlı məlumat yayıb.
TƏBİB-dən verilən məlumatda deyilir:
"Bu gün saat 13:08-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə metronun "28 May" stansiyasından sərnişinin qatar yoluna düşməsi səbəbi ilə çağırış daxil olub. Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib.
68 yaşlı şəxsin (kişi cinsli) həkiməqədər ölümü qeydə alınıb".
***
Bakı metrosunda qatarların hərəkəti bərpa olunub.
Bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib.
Qeyd edilir ki, hazırda xətlərdə intervalların bərpa olunması istiqamətində operativ tədbirlər görülür. Hadisə zamanı stansiyaya daxil olan qatar xətdən çıxarılaraq "Nərimanov" elektrik deposuna göndərilib. Əvəzinə depodan qatar verilib. Qatarın yoluna düşən sərnişin xarici görkəminə görə 65-70 yaş arası kişidir.
***
Metronun "28 May" stansiyasında qatarın yoluna düşən sərnişin ölüb.
Bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib.
Qeyd edilir ki, onun meyiti stansiya yolundan çıxarıldıqdan sonra hərəkət bərpa olunacaq.
Hadisə ilə əlaqədar xətlərdə yubanma olub.
***
Metronun "28 May" stansiyasında sərnişin stansiya yoluna düşüb.
Bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib.
Qeyd edilir ki, hadisə ilə əlaqədar xətlərdə yubanma var.