Bacısını güllələyən şəxs narkotik istifadəçisi olub - ZAQATALADAKI QƏTLİN DETALLARI

Zaqatalada baş verən dəhşətli qətlin bəzi təfərrüatları məlum olub. 

Stopnarkotik.az xəbər verir ki, mayın 27-də saat 22 radələrində Zaqatala rayonu, Yuxarı Tala kəndi ərazisində 1980-ci il təvəllüdlü Nətəvan Əhmədova özündən 9 yaş balaca qardaşı, 1989-cu il təvəllüdlü Nurlan Əsgərov tərəfindən güllələnərək öldürülüb. 

Lent.az-ın əldə etdiyi məlumata görə, N.Əhmədova ailəlidir və orta məktəbdə müəllim işləyib. Məlum hadisə isə N.Əhmədovanın ata evində baş verib.

Belə ki, ailə üzvləri dünyasını dəyişən atalarının il mərasiminə toplaşıbmış. Nurlan Əsgərov ailə üzvlərinin gözü qarşısında bacısını ov tüfəngi ilə güllələyərək qətlə yetirib. 

Hadisəni törədən Nurlan Əsgərov narkotik istifadəçisi olub və əvvəllər məhkumluq həyatı yaşayıb. Hazırda da onun üzərində məhkumluq var imiş və elektron qolbaq daşıyırmış. 

Nurlan Əsgərov ilkin ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini bildirsə də, Nətəvan Əhmədovanı tanıyanlar onun ziyalı və tərbiyəli bir qadın olduğunu bildirir, qardaşının dediklərini rədd edirlər. 

Qeyd olunur ki, Nurlan Əsgərov əvvəllər psixoloji xəstəlikdən də müalicə alıb. 

Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Nurlan Əsgərov iş üzrə şübhəli şəxs qismində tutulub.