Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsin məhkəməsi başlayır

Azərbaycanın beynəlxalq axtarışa verdiyi, vəzifə saxtakarlığında təqsirləndirilən Fuad Kərimovun məhkəməsi başlayır.

Stopnarkotik.az report-a istinadən xəbər verir ki, cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Xaliq Məmmədovun sədrlik etdiyi məhkəmə iclasında baxılacaq.

Qeyd edək ki, Baş Prokurorluğun vəsatəti əsasında Ukrayna Baş Prokurorunun Ofisi tərəfindən “Ekstradisiya haqqında” 13.12.1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Fuad Kərimovun ekstradisiyası haqqında qərar qəbul olunub.

Azərbaycanın Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində istintaq edilən cinayət işi üzrə Fuad Kərimovun xüsusilə külli miqdarda ziyan vurmaqla törədilən mənimsəmə və vəzifə saxtakarlığı cinayətlərini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə beynəlxalq axtarışa verilib.

Fuad Kərimov Ukraynanın ərazisində saxlanılaraq oktyabrın 19-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiətilə Azərbaycana gətirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə) maddəsi ilə cinayət işi açılıb.