Azərbaycandan külli miqdarda dollar çıxaran şəxs saxlanıldı

Rusiyanın Həştərxan hava limanında Bakıdan gedən reysdə sərnişinləri yoxlayan gömrükçülər 53 yaşlı kişini saxlayıblar. O, bəyannaməsiz nağd pul gətirməyə cəhd edib. Sərnişin “yaşıl” dəhlizi keçib, oradan isə bəyan etməyə heç bir malı olmayanlar keçir.

Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, gömrükçülər onun bel çantasını yoxlayarkən, əsasən 100 və 50 dollarlıq əskinaslarda olmaqla 22 800 dollar aşkar ediblər. Sərnişin deyib ki, bəyan etmək zərurətindən xəbəri olmayıb və bu pulu Birləşmiş Ərəb Əmirliklərində qazanıb.

Qaydalara görə, 10 min dollara qədər pul bəyannaməsiz aparıla bilər, ona görə də onlar geri qaytarılıb, 12.800-ü isə müsadirə edilib. Həmin pulların taleyini məhkəmə müəyyən edəcək.

Şəxsə qarşı Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi ilə nağd pulu bəyan etmədiyi üçün iş açılıb. Həştərxan hava limanının gömrük postunun rəisi Pavel Xivrin izah edib ki, sərnişin “qırmızı” dəhlizdən keçməli və bütün məbləği bəyan etməlidir. O, pul cəzası və ya pul müsadirəsi ilə üzləşə bilər.