Azərbaycanda yeni virusun anonsu verildi: “Eris”in yayılacağı gözlənilir...

"Hər bir xəstəlik insan bədənində təlatümdür və onun fəsadları orqanizmdə dərin iz buraxır”.

Stopnarkotik.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla koronavirusun "Eris” ştamından danışarkən deyib. 

Adil Qeybulla bildirib ki, pandemiya bitib və yenidən onun yaranması mümkün deyil: 

"Amma nə qədər ki, mutasiya davam edəcək, belə epidemioloji vəziyyət müvəqqəti pisləşəcək və sonra yenə dayanacaq. Bu mutasiya prosesi boyunca baş verən hadisələrdir. Koronavirusun "Eris” varinatının yoluxuculuq indeksi çox yüksəkdir, lakin ağırlaşdırıcı, ölümcüllük indeksi xeyli aşağıdır və bu virusun getdikcə zəifləməsinə işarədir”. 

Professor hesab edir ki, "Eris”in Azərbaycanda olması tam realdır: 

"Çünki biz qlobalaşan dünyada yaşayırıq. Bəlkə də Azərbaycanda bu virus var, birmənalı nəsə demək mümkün deyil. Hər halda karantin dövründə olan qaydaları nəzərə almalıyıq. Hər bir kəs həm özünü qorumalıdır, həm də ətrafdakıları. Çalışılmalıyıq ki, xəstələnməyək”. 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı son hesabatında dünyada koronavirusun "Eris” variantının sürətlə yayaılmağa başlaması ilə bağlı açıqlama verib.