"Bu gün mövsümlə əlaqədar Azərbaycanda istər uşaqlar, istərsə də böyüklər arasında infeksion xəstəliklər arasında xüsusilə qripin çox yayıldığını müşahidə edirik. Xüsusi insanlar vardır ki, həmin şəxslər risk qrupundadırlar. Orqanizmi sağlam olan şəxslər bu qripi ayaq üstə keçirirsə, bəzi şəxslər risk daşıyıcılarıdırlar və həyatları təhlükədir".
Stopnarkotik.az xəbər verir ki, bu sözləri infeksionist Aytən Ziyadova bildirib.
Onun sözlərinə görə, bunlar 65 yaşdan yuxarı şəxslər, 6 aydan kiçik uşaqlar, xüsusilə də beş yaşa qədər uşaqlardır.
"Bu şəxslər həmin virusu daha ağır keçirə bilərlər, ağlaşmalar ola bilər. Xroniki xəstəliyi olan, immun defisiti olan şəxslər və hamilə xanımlar diəgər insanlarla müqayisədə xəstəliyi daha ağır keçirə və həyatları üçün təhlükə yarana bilər. Bu səbəbdən bir həkim olaraq tövsiyəm bundan ibarətdir ki, qrip peyvəndi vaxtında edilməlidir".
Mütəxəssis əlavə edib ki, bu aylarda virusa yoluxma sayında artım olur və hər il oxşar vəziyyət müşahidə edilir:
"Xəstəliyin ilk öncə diaqnostikasını aparmaq lazımdır. İnfeksion xəstəliklərdə tövsiyə olunur ki, əgər hər hansı bir şübhəniz varsa, cəmiyyətə çıxmadan ev şəraitində azı beş gün müddətində sağalmağa çalışmalısınız. Qrip üçün əgər orqanizm sağlamdırsa və hər hansı bir xroniki xəstəlik yoxdursa, ev şəraitində müalicə yetərli olacaq.
Ancaq risk qrupunda olan şəxslər mütləq həkimə müraciət etməlidir və həkim izləmində müalicə davam etməlidir. Bəzən müşahidə edirik ki, insanlar özbaşına antibiotiklərə yönəlirlər ki, bunu qəti surətdə tövsiyə etmirik".