Bu gün saat 06:20 radələrində yaşayış binasının uçması səbəbilə xəsarət alan 4 nəfər (3-ü qadın, 1-i kişi olmaqla) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən bildirilib.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.
Hazırda 2 nəfərin müalicəsi Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir.
Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir.
Digər şəxslərə isə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
***

Goranboy şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən beşmərtəbəli altı bloklu yaşayış binasında 2-ci girişinin birinci mərtəbəsində 2 mənzilin döşəməsi və arakəsmə divarlarının uçması ilə əlaqədar 60 ailə evakuasiya edilib.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, bu barədə Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev bildirib.
Qeyd edilib ki, hadisə yerinə müvafiq qurumlar, təcili yardım briqadası cəlb edilib: “Binalarda yaşayan ailələri adiyyatı yerlərə köçürmüşük, zəruri yardımlar göstərilib. Fövqəladə Hallar Nazirliyinin rəyinə uyğun olaraq daha sonra bina ilə əlaqədar işlər aparılacaq”.
***
Goranboy şəhərinin Cəfər Cabbarlı küçəsində yerləşən beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində döşəmənin çökməsi hadisəsi baş verib.
Stopnarkotik.az "Unikal"a istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə dərhal aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Goranboy Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının sədri Seymur Nəzərov bildirib ki, baş verən insidentdən sonra zəruri təhlükəsizlik tədbirləri görülüb.
Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin sözlərinə görə, binada yaşayan 60 ailə təhlükəsiz yerə təxliyə olunub.
Faktla bağlı araşdırma aparılır.