“AZƏRBAYCANDA NARKOTİK MAFİYALARI ÇÖKDÜRÜLMƏLİDİR” – Həsrət Rüstəmov: “Onlara qarşı amansız cəza tədbirləri həyata keçirilməlidir”

Son 2 ildə Azərbaycanda narkomaniyaya və narkotik ticarətinə qarşı  ciddi mübarizə gedir. Bir çox rəsmi qurumlar bu istiqamətdə səfərbər olunub. Bununla belə, hələ də problemin kökünü kəsmək mümkün olmur, əksinə vəziyyət günbəgün ağırlaşır. Maraqlıdır, hakimiyyətə gəlmək iddiasında olan siyasi partiyalar bu problemin həllini necə görür, onların gəncləri narkomaniyadan xilas etməklə bağlı konsepsiyası varmı? Stopnarkotik.az bu suala Azərbaycan Demokrat Partiyasının (ADP) sədr müavini, tanınmış həkim Həsrət Rüstəmovdan cavab almağa çalışıb. Buyurun, oxuyun.

- Həsrət bəy, təmsil etdiyiniz Demokrat Partiyası Azərbaycanın narkotikdən xilas yolunu necə görür?

- Biz siyasi partiya olaraq, narkotik maddələrin yayılması məsələsinə dəfələrlə münasibət bildirmişik və bu məsələ partiya liderlərinin daim diqqət göstərdiyi mövzulardandır. Xüsusilə də ildən-ilə narkotik vasitələrin qeyri-qanuni yayılmasındakı sürətli artım bizi olduqca narahat edir.

Məsələnin bir tərəfi də narkotik asılılığına düçar olanların əsasən gənclər olmasıdır. Hansı ki, istənilən cəmiyyətdə gənclərin həm fiziki, həm də ruhi cəhətdən sağlam olması olduqca vacib məsələdir. Həmçinin, narkotik vasitələrin şikəst etdiyi insanların reabilitasiyası və cəmiyyətə yenidən qayıtması üçün dövlətin külli miqdarda vəsaiti tələb olunur. Hansı ki, bu vəsait təhsilə, idmanın yayılmasına və s. vacib sahələrə verilə bilər. Bir sözlə, problem olduqca ciddi səciyyə daşıyır və getdikcə həlli çətinləşir. Xilas yolu isə, əlbəttə ki, ilk növbədə narkotik mafiyalarının çökdürülməsi, onlara qarşı amansız cəza tədbirlərinin həyata keçirilməsindən başlamalıdır. Çox təəssüf ki, bizim ölkədə bir çox cinayətlərdə olduğu kimi, kiçik “balıqlar” həmişə tora keçir. “Narkotik kralları” həmişə cəzadan kənarda qalır. Həbsxanaya salınanlarla bağlı araşdırma aparsanız, əminəm ki, orada yalnız kiçik narkotik alverçilərini və narkomaniya xəstələrini görəcəksiniz.

Əlbəttə ki, təkcə həbs etmək və cəza verməklə iş bitmir. Həm dövlət, həm də qeyri-hökumət təşkilatları, təhsil sistemi, azad media, vətəndaşların özləri bu sahədə ciddi iştirakçı olmalı, təbliğat aparmalı və gənclərimizi, gələcəyimizi təhlükə qarşısında qoyan bu bəlaya qarşı durmadan mübarizə aparmalıdırlar.

- Sizin partiyanın Azərbaycanda narkotik böhranından xilas yolu ilə bağlı konsepsiyası varmı?

- ADP-nin gənclər siyasəti ilə bağlı proqram sənədi var. Bu sənəddə sağlam həyat tərzinin təbliğ edilməsi və gənclərin mənfi meyllərdən çəkindirilməsi ilə bağlı müddəalar yer alır. Bunların arasında narkotik maddə aludəçiliyinə qarşı mübarizə, bu bəlaya mübtəla olanların reabilitasiyası və s. məsələlər də yer alır. Ümumi olaraq desəm, bizim məsələyə baxışımız budur ki, cəmiyyətdə kifayət qədər informasiya yayılmalıdır ki, narkomaniya hansı səviyyəli bir bəladır. Yəni insanlarımız savadlı, məlumatlı olmalıdırlar ki, özlərini və övladlarını qoruya bilsinlər. Eyni zamanda, məktəblər öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməli, ailə və hüquq orqanları ilə əlaqəli fəaliyyət göstərməlidirlər.

- ADP-nin gənclərlə bağlı konsepsiyasında daha hansı məsələlər yer alır?

- Bizim partiya belə hesab edir ki, demokratiyanın inkişaf etdirilməsi, hakimiyyət qollarının ayrılması və birbaşa xalq qarşısında hesabatlı olması, seçkilərin şəffaf və ədalətli keçirilməsi bütün kütləvi neqativlərə qarşı olduğu kimi, narkotiklərlə mübarizə sahəsində də olduqca vacibdir. Həmçinin azad dini dəyərlərin təbliği və qorunması, məscidlərin cəmiyyət həyatındakı müsbət rolunun artırılması da bu sahədə çox faydalı ola bilər. Bir sözlə, narkomaniyaya qarşı mübarizəyə biz həm ümummilli məsələ, dövlətin və millətin təhlükəsizliyi kimi, həm də bütün cəmiyyətin iştirakı ilə həll oluna bilən məsələ kimi yanaşmağın tərəfdarıyıq.

Söhbətləşdi: Fuad BİLƏSUVARLI

Stopnarkotik.az