Azərbaycanda narkomaniyanın qarşısını almaq üçün bütün mümkün variantlara əl atılır. Hətta bəzi ekspertlər hesab edir ki, narkotik problemini həll etmək üçün ölkəmizdə çətənənin qida vasitəsi olaraq qəbul edilməsi lazımdır.
İnfeksion xəstəliklərin epidemiologiyası üzrə dünyada tanınmış mütəxəssis olan Dr Stefani Stratdi karyerasını narkotik asılılığı olan insanlar üçün zərərin azaldılmasına həsr etmiş epidemioloqdur. O, çətənə və ya ağciyər təbabətində mütəxəssis olduğunu iddia etməsə də, hazırda siqaretin arzuolunmaz olduğuna inanır. Hələ Kovid pandemiyası dövründə Stratdi məsləhət görürdü ki, əgər çətənədən sakitləşdirici və ya tibbi məqsədlər üçün istifadə etmək istəyirsinizsə, ağciyərlərinizi mümkün qədər az qıcıqlandıracaq spirtli maye formasını, ondan hazırlanmış qidalar - yeməklər və digər məhsullar qəbul etməlisiniz.
Ağciyər və çətənə çəkməyin Kovidə təsiri haqqında soruşduqda, həkim Lora Krotti Aleksandr belə söyləmişdi: "Marixuana çəkməyin tənəffüs yollarının epitelini zədələdiyi, selik istehsalını artırdığı və epitel hüceyrələrində kirpiklərin itməsinə səbəb olduğu sübut edilmişdir. Əgər kirpiklər tökülürsə, yaxud işləmirsə, SARS-CoV-2-nin ağciyər epitel hüceyrələri ilə təmasda olmasına və yoluxmasına imkan verən selik hava yollarında toplanacaq".
Loranın dediyinə görə, ciyərləri çətənə tüstüsü ilə korlamaqdansa və zərər verməkdənsə, çətənəni qidalar, plastır, spirtli məhlul kimi çoxsaylı alternativ məhsullarla almaq lazımdır.
Sttopnarkotik.az saytının yayımladığı bəzi materiallarda da qeyri-qanuni narkotik dövriyyəsinin qarşısının alınması, bu məsələnin tənzimlənməsi, narkomaniyanın fəsadlarının aradan qaldırılması məsələsinə müxtəlif ekspertlər səviyyəsində toxunulur. İxtisasca narkoloq-psixiatr olan ekspertlərin demək olar ki, hamısı narkotik aludəçisinin reabilitasiya mərkəzlərində tətbiq olunan 6 aylıq müalicə prosesinin tam sağalma üçün effektli olmadığını, bu dönəmin 5 ilə çatdırılmalı olduğunu, fiziki sağlamlıq əldə olunsa belə, mənəvi-psixi baxımdan tam bərpa ehtimalının yarı-yarıya olduğunu, narkotikdəm ilk dəfə istifadə edən şəxslərin məhbəsə düşmələrinin yolverilməz olduğunu, onların müalicəyə cəlb olunmasının gərəkli olduğunu qeyd ediblər. Bəs, hazırda əhalinin gənc təbəqəsinin fiziki-bioloji-psixi-mənəvi baxımdan sağlamlığını alt-üst edən narkomaniyaya qarşı hansı metoddan istifadə edilməlidir?
Bu suala cavab axtarmazdan öncə onu da qeyd edək ki, bu yaxınlarda Danimarkalı tədqiqatçıların araşdırması yayımlandı və yeni tədqiqat çətənənin istifadəsi ilə bağlı bəzi məsələlərin üstünə işıq saldı. Altı milyondan çox danimarkalının məlumatlarına əsaslanan “Het” araşdırması göstərir ki, çətənənin istifadəsindən yaranan psixi pozğunluğu olan insanların depressiyaya düşmə ehtimalı təxminən iki dəfə və bipolyar pozğunluq inkişaf etmə ehtimalı iki-üç dəfə çoxdur. Bu, narahatlıq doğurur, çünki daha çox ölkə marixuananı qanuniləşdirməyi düşünür.
Tədqiqat dünyanın ən böyük miqyasda aparılmış araşdırmalarından biridir və narkotik istifadəsi pozğunluqları, onların psixi pozğunluqlarla əlaqəsi haqqında hərtərəfli mənzərə yaradır. Bu araşdırmada “Orhus Universiteti” və “Kopenhagen Universiteti”nin ekspertləri Milli Xəstə Reyestri, Danimarka Mərkəzi Psixiatriya Tədqiqat Reyestri və Danimarka Əczaçılıq Satış Reyestri kimi Danimarka milli reyestrlərindən məlumatları təhlil ediblər.
Danimarka Səhiyyə Təşkilatının məlumatına görə, yaşı 25-dən aşağı olan danimarkalıların üçdə biri marixuana çəkib ki, bu da gənclər arasında geniş istifadənin olduğunu göstərir. Bununla belə, tədqiqat ilk növbədə əhəmiyyətli dərəcədə istehlak səviyyəsi olan insanlar üzərində cəmlənib. Tədqiqatçılardan biri, Oskar Hoqaard Jephsen, çətənənin müəyyən insanlara xüsusilə zərərli təsir göstərdiyini anlamaq üçün daha çox araşdırmaya ehtiyac olduğunu vurğulayır. Bu anlayış istifadə və leqallaşma ilə bağlı siyasəti və qabaqlayıcı tədbirləri istiqamətləndirə bilər.
Araşdırmalar göstərir ki, maddə istifadəsi pozğunluğu həm psixotik, həm də qeyri-psixotik depressiya və bipolyar pozğunluq riskini artırır. “Cins, yaş, sosial-iqtisadi vəziyyət, ailə tarixi və daha çox fərqlilikləri nəzərə alsaq, görərik ki, çətənə istifadə pozğunluğu həm kişilərdə, həm qadınlarda depressiyanın inkişaf riskini təxminən iki dəfə və bipolyar pozğunluğun inkişaf riskini iki-üç dəfə artırır”, - deyə “Orhus Universiteti”nin Kliniki Tibb Departamentinin doktorantı Oskar Hoqaard Jephsen deyir.
Azərbaycanın narkomaniyaya qarşı mübarizədə yeni strategiyanın tətbiqini diqtə edən proqrama ehtiyacı olduğu açıqdır. O da məlumdur ki, ölkəmizdə narkotiklərin qeyri-qanuni dövriyyəsində mühüm rol oynayan narkotik alverçilərinə qarşı cəzalar çox yüngüldür.
Narkomaniyaya qarşı mübarizədə Qazaxıstanın təcrübəsindən bəhrələnə bilərik. Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyi 2023-2025-ci illər üçün Narkomaniyaya və Narkotiklərin Dövriyyəsinə Qarşı Mübarizə üzrə Kompleks Plan hazırlayıb. Bu planın təfərrüatları belədir:
- narkotiklərin xüsusilə təhlükəli növlərinin, xüsusən də sintetik olanların qarşısının alınması;
- narkomaniyanın erkən aşkarlanması sisteminin tətbiqi;
- narkotik vasitələrdən istifadə edən şəxslərin uçotunun formalaşdırılması;
- səlahiyyətli orqanların səlahiyyətlərinin və statusunun artırılması;
- maddi-texniki bazanın möhkəmləndirilməsi.
Kompleks plan, əvvəlki sənədlərdən fərqli olaraq, bir sıra xüsusiyyətlərə malikdir. Rəsmilərin dediyinə görə, əvvəllər idarə yalnız cinayət təqibi ilə məşğul olub və əsas məqsəd ifşa olub. Eyni zamanda koordinasiyalı iş də arxa plana keçib. Kompleks plan layihəsində müəyyən edilir:
- Daxili İşlər Nazirliyinin əlaqələndirmə funksiyası;
- hər bir orqanın vəzifələri;
- fəaliyyətlərin əksəriyyəti narkotik cinayətlərinin qarşısının alınmasına yönəlib;
- Təsdiqlənmiş maliyyələşdirmə.
Sənədin hazırlanmasına 2000-dən çox vətəndaş və 10-a yaxın qeyri-hökumət təşkilatı cəlb olunub. Xarici təcrübə də öyrənilib.
2022-ci ildə Almatıda Mərkəzi Asiya Regional Koordinasiya Mərkəzinin (CARICC) bazasında plan layihəsi beynəlxalq təşkilatların (UNODC, KTMT, ŞƏT, ATƏT), Mərkəzi Asiya ölkələrinin səlahiyyətli orqanlarının, Belarusun, Rusiya və ABŞ, eləcə də bir sıra ekspertlər iştirakında müzakirə olunub və belə nəticəyə gəlinib ki, narkotik vəziyyətinə 3 əsas amil təsir edir:
1) Əfqan heroinin “Şimal marşrutu” ilə Mərkəzi Asiya ölkələri, Qazaxıstan, Rusiya və daha sonra Avropaya daşınması;
2) Cənub rayonlarında (Şuskaya vadisi və Qızılorda vilayəti) çətənə xammalı bazası;
3) Ən təhlükəli amil isə sintetik narkotiklərin yayılmasıdır. Daha sonra M.Axmetjanov kompleks planın əsas istiqamətləri üzərində dayandı.
Göründüyü kimi, Qazaxıstana narkotiklərin daxil olması birbaşa Əfqanıstandan Şimal marşrutu ilə baş verirsə, Azərbaycanda bu funksiyanı İran yerinə yetirir. 2-ci bənddəki xammal əkilən zonalar bizdə daha çoxdur. 3-cü məsələdə də durum oxşardır. Azərbaycan demək olar ki, sintetik narkotikin “oylağına çevrilib”.
Yüksək texnologiyaların inkişafı dövründə narkotik biznesi də kiberməkana keçib. Narkotik vasitələrin teleqram botları və digər internet resursları vasitəsilə satışı geniş vüsət alıb. Məsələn, Qazaxıstanda bu il qeydə alınan hər yeddinci narkotik cinayəti narkotiklərin internet vasitəsilə satışı ilə bağlıdır. Məlum olduğu kimi, bu məsələdə də Qazaxıstandan geri qalmırıq. Hətta bizdə vatsap qruplarında da “şıdırğı narkotik alveri” gedir.
Qazaxıstanda Daxili İşlər Nazirliyi belə onlayn mağazaları bloklayır. Məsələn, bu il 604 narkotik obyekti aşkar edilərək bloklanıb. Amma bu tədbir problemi kökündən həll etmir, çünki yeni saytlar sürətlə peyda olur. Onları tapmaq uzun bir prosesdir. Təşkilatçıları müəyyən etmək daha çətindir. Çünki onlar xaricdədirlər. Bizdə isə narkosatış ilə kibermübarizə nə səviyyədədir-bu məlum deyil.
Bu cür qeyri-qanuni onlayn narkoalverin qarşısını almaq üçün müasir avadanlıq və proqram təminatı tələb olunur. Bununla bağlı Qazaxıstanın kompleks planında müvafiq vəsaitin ayrılması nəzərdə tutulub. Onlar sosial şəbəkələr və internet saytları vasitəsilə narkotik vasitələrin yayılması faktlarının aşkarlanmasını avtomatlaşdıracaqlar.
Həmçinin, "Cybernadzor" sistemi saytları onlayn bloklayacaq. Yəni süni intellekt özü onları aşkarlayır və dərhal bloklayır. Eyni zamanda, bu cür saytların istifadəçilərini və təşkilatçılarını aşkarlamağa kömək edir.
Digər problem isə narkotiklərin qanunsuz istehsalıdır. Onların aşkar edilməsi üçün Qazaxıstan Respublikası Milli Qvardiyasının xüsusi təyinatlıları pilotsuz uçuş aparatları ilə təchiz olunub. Onların vəzifəsi çətin əldə edilən yerlərdə çətənə bitkilərini müəyyən etmək və qaz analizatorlarından istifadə edərək narkotik laboratoriyalarını aşkar etmək üçün hava kəşfiyyatı aparmaqdır. Bizdə də bu cihazlardan istifadə etmək olar.
Bundan əlavə, narkotik ekspertizasının keyfiyyət səviyyəsinin yüksəldilməsi mühüm rol oynayır. Bu da öz növbəsində ibtidai istintaqın keyfiyyətinə mənfi təsir göstərir. Şübhəli şəxslərə münasibətdə “cəzanın qaçılmazlığı” prinsipinə əməl edilmir. Məsələn, ekspertizanın rəyi olmadan “həbs” tətbiqi mümkün deyil. Bu səbəbdən bu gün 108 cinayətkar axtarışa verilib.
Narkomanların müalicəsi və reabilitasiyası, həmçinin effektiv profilaktika sisteminin formalaşdırılması
Təəssüf ki, bu gün tələbələr arasında narkotik vasitələrdən istifadə faktları üzə çıxır. Odur ki, cəmiyyətdə narkomaniyanın səviyyəsini obyektiv qiymətləndirməyə, o cümlədən, xüsusilə yeniyetmələr arasında narkomaniyanı erkən mərhələdə müəyyən etməyə imkan verəcək skrininq sisteminin tətbiqi nəzərdə tutulur.
Bundan əlavə, dərman müalicəsinin və reabilitasiyanın keyfiyyətinin yüksəldilməsinə ehtiyac var. Bu məqsədlə narkoloji dispanserlərin müasirləşdirilməsi və təmiri, narkomanların reabilitasiyası üçün tibb və əmək emalatxanalarının yaradılması nəzərdə tutulur.
“Tranzit narkotiklər və “sintetika” istehsalı üçün prekursorlar sərhəd dövlətlərindən yük axını ilə gəlir. Onlar istehlak malları və qanuni kimyəvi maddələr adı altında özlərini ört-basdır edirlər. Bununla bağlı kompleks planın tədbirlərindən biri də dövlət sərhədinin yoxlama avadanlığı ilə təmin olunmasıdır”, - deyə M.Axmetjanov bildirib. Bizdə də sərhədlərə nəzarətin artırılması gündəmdə olmalıdır.
Son illərdə Qazaxıstanda psixi sağlamlıq xidmətində narkomanlara yardımın göstərilməsi baxımından bu dəyişikliklər edilib. Məsələn, tibbi yardımın göstərilməsi strukturu optimallaşdırılıb: 2016-cı ildə 47 psixiatriya və narkoloji dispanser 17 regional psixi sağlamlıq mərkəzinə birləşdirilib. Şəhər ərazi poliklinikalarında ambulator yardımın əlçatanlığını artırmaq üçün kənd yerlərində rayon xəstəxanalarında 82 ilkin psixi sağlamlıq mərkəzi və 203 psixi sağlamlıq kabineti açılmışdır.
Narkomanların tibbi-sosial reabilitasiyasını inkişaf etdirmək məqsədilə tibbi-sosial reabilitasiya şöbələrinin sayı 5-dən 11-ə çatdırılıb, xidmətin kadr təminatı yaxşılaşdırılır. Ötən il psixiatr-narkoloqların sayı 12 faiz, rezidentlərin sayı 5 dəfə artaraq 30-dan 152-yə çatıb. Biz də bu nüansları ölkəmizdə nəzərə almalıyıq.
Səhiyyə sisteminin vəziyyəti nəzərə alınaraq 2023-2025-ci illər üçün “Narkomaniya və narkobizneslə mübarizəyə dair kompleks plan” layihəsində əksini tapmış mövcud problemli məsələlər, əsas vəzifələr və tədbirlər müəyyən edilib. Səhiyyə Nazirliyi 8 fəaliyyət üzrə əsas icraçı, 9-da isə birgə icraçıdır.
Əhalinin maarifləndirilməsi və sağlam həyat tərzinin təbliği məqsədilə kompleks planda cəmiyyətin bütün təbəqələri arasında geniş məlumat kampaniyasının aparılması nəzərdə tutulur.
Asılılıqdan əziyyət çəkən insanların müalicəsinin effektivliyinin artırılması tibbi-sosial reabilitasiya ilə birbaşa bağlıdır ki, bu da remissiyanın vaxtını və müddətini təyin etməyə və tam müalicəyə nail olmağa imkan verir.
Kompleks planda regional və respublika psixi sağlamlıq mərkəzlərinin maddi-texniki bazasının yaxşılaşdırılması, xidmətin maliyyələşdirilməsinə yanaşmaların təkmilləşdirilməsi tədbirləri də öz əksini tapıb.
Yuxarıda qeyd olunan tədbirlərin həyata keçirilməsi nəticəsində uzunmüddətli remissiya ilə dinamik müşahidədən kənarlaşdırılan şəxslərin xüsusi çəkisinin artırılması, tibbi və sosial yardımların sayını artırmaqla narkomaniyadan əziyyət çəkən şəxslərə tibbi-sosial yardımın əlçatanlığının genişləndirilməsi gözlənilir.
Bütün deyilənlərə əlavə olaraq qeyd edək ki, Azərbaycan qanunvericiliyində narkomaniyanın yayılmasında vasitəçi olan satıcılara nəzərdə tutulan cəzalardan fərqli olaraq Qazaxıstan Cinayət Məcəlləsindəki cəzalar daha sərtdir. Belə ki, Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin 297-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin, onların analoqlarının qeyri-qanuni hazırlanması, emal edilməsi, əldə edilməsi, saxlanması, satılması, satış məqsədilə daşınması, satış məqsədilə başqasına göndərilməsi əmlakı müsadirə olunmaqla 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər külli miqdarda narkotik vasitələr, psixotrop maddələr, onların analoqları ilə bağlı törədildikdə də əmlakı müsadirə olunmaqla 6 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Düşünürük ki, Azərbaycanda da bu qəbildən olan cəza növləri sərtləşdirilməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin, onların analoqlarının qeyri-qanuni hazırlanması, emal edilməsi, əldə edilməsi, saxlanması, satılması, satış məqsədilə daşınması, satış məqsədilə başqasına göndərilməsi 10 ildən 15 ilədək sərt rejimli cəzaçəkmə müəssisəsində həbs, satıcının, yaxud vasitəçinin əmlakı müsadirə olunmalı, əgər ehtiyatlı tərpənib narkotik satışından qazandığı gəlirlə ailə üzvlərindən, yaxud qohumlarından hansınınsa adına əmlak alıbsa onlar da müsadirə olunmalıdır.
Bundan başqa, məktəblərdə satışla məşğul olan narkotik satıcısına daha ağır cəza nəzərdə tutulmalıdır. Gənclərin asudə vaxtını səmərəli keçirməsi üçün pulsuz məkanlarda müxtəlif fəaliyyət növləri, hobbi növləri təşkil olunmalıdır. Gənc təbəqənin işlə təminatına xüsusi diqqət yetirilməlidir. Məktəblərdə şagirdlərin gizli narkotik istifadə edib-etmədiyini aşkarlamaq üçün tez-tez qan analizlərinin götürülməsi lazımdır.
Milli-mənəvi dəyərlər məktəblərdə təbliğ olunmalıdır. TV kanallarında əxlaqsızlığı və meşşanlığı təbliğ edən verilişlər dayandırılmalıdır. Narkomaniya başıboş buraxılmış gəncliyin gəldiyi son nöqtədir. İş bu məcraya çatmamışdan prosesə müdaxilə etmək mütləqdir. Dövlət dispanserlərinin maddi-texniki bazasının səviyyəsi artırılmalıdır. Müalicədən sonrakı ayıqlıq dönəminə daxil olmuş şəxslərdən sosial layihələrdə istifadə olunmalıdır. Dövlət sovet dönəmindən sonra itirdiyi “tərbiyəçi” statsunu bərpa etməlidir.
Əlbəttə, dövlət bu funksiyasını bərpa etməsə meydan boş qalacaq və yeniyetmələrimizi narkotik satıcıları, narkobaronlar məhv edəcəklər.
Asya ŞÜKÜROVA,
Stopnarkotik.az