“Azərbaycanda narkomaniyanın gündəlik yayılma tendensiyası yüksək deyil” – HƏKİM-NARKOLOQ FİZZƏ BAXIŞOVA

“Ölkəmizdə narkomaniyanın müalicəsi Ümumdünya Səhiyyə Təşkilatının protokollarına əsasən aparılır”

Azərbaycanda narkomaniyaya qarşı mübarizədə aludəçilərin statistikası əhəmiyyət kəsb edən amillərdəndir. Çünki prosesin ilkin mərhələsi kimi müalicəyə ayrılan vəsait, mütəxəssis heyəti, tibb-texniki təchizat məsələləri aparılan mübarizədə mühüm rol oynayır. Əlbəttə ki, mübarizə prosesinin nə qədər uğurlu olması və son nəticə cəmiyyətin hər üzvünü maraqlandırır. Bu baxımdan, problemin çözümünə peşəkar yanaşma mütləqdir. Elə buna görə sözügedən məsələyə işıq salmaq üçün Səhiyyə Nazirliyinin Bakı Şəhər Narkoloji Dispanserinin həkim-narkoloqu Fizzə Baxışova ilə söhbətləşdik.

- Fizzə xanlm, rəsmi statistikaya əsasən, hazırda ölkəmizdə təxminən 35 600 narkoman qeydiyyatdadır. Lakin, adətən belə məsələlərdə rəsmi statistik rəqəmlər real rəqəmlərdən az olur, çünki narkotik istifadəçiləri rəsmi qeydiyyatdan yayınırlar. Hətta bəzi ekspertlərin rəyinə görə, bu gün Azərbaycanda hər hansı formada narkomaniyaya qoşulan insanların sayı təxminən 300 min nəfəri ötür. Bu haqda nə deyə bilərsiniz?

- Hazırda, Azərbaycanda rəsmi qeydiyyatda olan, narkomaniyadan əziyyət çəkən xəstələrin rəsmi statistikası 35 097 nəfərdir. Bu rəqəm dünya statistikası ilə müqayisədə yüksək sayılmır. Qeydiyyata düşməmiş xəstələr varsa, onlara rəsmi qeydiyyata düşməyi və müalicə olunmalarını tövsiyə edirik. Qeyd etmək istəyirəm ki, narkoloji mərkəzlərdə müalicə alan şəxslərin kimliyi Azərbaycan Respublikasının qanununa əsasən gizli saxlanılır.

- Sizcə, narkomaniyanın yayılması tendensiyası bu templə gedərsə, yaxın gələcəkdə cəmiyyətimizi nə gözləyir?

- Narkomaniya xəstəlik olduğu üçün, cəmiyyətin müəyyən qrup şəxsləri arasında yayılır. Hazırda gündəlik yayılma tendensiyası yüksək deyil. Səhiyyə Nazirliyi və hüquq mühafizə orqanlarının bu mövzuya daha həssas yanaşması nəticəsində istifadəçilərin erkən aşkarlanması halları çoxalıb.

- Bəs çalışdığınız tibb müəssissində müraciətlərin statistikası necədir: hansı yaş qrupunda müraciətlər daha çoxdur?

- Bakı Şəhər Narkoloji Mərkəzinə 25-40 yaş aralığında müraciət edənlərin sayı daha çoxdur. Qeyd edək ki, onların əksəriyyətini kişilər təşkil edir. Hazırda qadın narkomaniyası geniş yayılmayıb.

- Yeniyetmə yaşda olan vətəndaşlar tərəfindən də şəxsən müraicətlər olurmu? Ümumiyyətlə, alkoqolizmlə, yoxsa narkomaniya ilə bağlı müraciətlər üstünlük təşkil edir?

- Respublika üzrə 15-17 yaş aralığında qeydiyyatda olan yeniyetmələrin sayı 9 nəfərdir. Valideynlər azyaşlılarla birgə və ya yeniyetmələr özü müraciət edirlər. Valideynlər yeniyetmədə  davranışın dəyişdiyini və şübhələndiklərini bildirirlər. Təəssüflər olsun ki, tez-tez valideynlər bu halları gizlədirlər, həkimə müraciət etmirlər, çünki narkotik maddələr və onların törətdiyi fəsadlar haqda məlumatsızdırlar. Müraciət edənlər arasında daha çox narkomaniya ilə bağlı müraciətlər üstünlük təşkil edir.

- Fizzə xanım, necə düşünürsünüz, orqanizmə vurduğu zərərə və sağalma sonrası bərpa prosesinə görə, asılılıqlardan hansının fəsadları geri dönülməzdir?

- Tibbi nöqteyi-nəzərdən hər bir psixoaktiv maddənin vurduğu zərər insan orqanizmi üçün ağırdı. Bu da onunla bağlıdır ki, insanın ən vacib mərkəz olan sinir sistemi zədələnməyə məruz qalır. Daha ağır fəsadları isə bir necə psixoaktiv maddənin birlikdə istifadəsi törədir.

- Azərbaycanda narkoloq çatışmazlığı olduğu müxtəlif ekspertlər tərəfindən dəfələrlə səslənib. Belə bir vəziyyətdə narkomaniyadan xilas yolunu necə görürsünüz?

- Ağır və çətin olduğu üçün cavan həkimlər bu ixtisası seçməkdən yayınırlar. Buna baxmayaraq, hazırda həkim narkoloqların sayı bu işin öhdəsindən gəlir. Əsas məqsəd hər bir vətəndaşın, əsasən də ictimai xadimlər, idmançılar, tanınmış simaların sağlam həyat tərzləri ilə nümunə olaraq narkotiklərlə mübarizədə aparılan tədbirlərdə geniş şəkidə iştirak etməlidir.

- Sizcə, narkomanların müalicəsi üçün hansı ölkələrin təcrübəsindən yararlanmaq olar? Yoxsa, ölkəmizdə yetərli səviyyədə müalicə aparılır?

- Bizim həkimlərimiz daimi təkmilləşdirmə kursları, konfranslar, konqreslərdə iştirak edirlər və digər ölkələrin həkim narkoloqları ilə görüşüb təcrübə mübadiləsi aparırlar. Onu qeyd etmək istəyirik ki, bu gün bizim ölkəmizdə narkomaniyanın müalicəsi Ümumdünya Səhiyyə Təşkilatının protokollarına əsasən aparılır.

Asya ŞÜKÜROVA

Stopnarkotik.az