Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin 17 sentyabr 2025-ci il tarixli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün” Dövlət Proqramı təsdiq olundu. Qeyd edək ki, Dövlət Proqramının 6-cı - “Prioritet istiqamətlər” bölümündə görüləcək işlər haqda tədbirlər planı açıqlanır. Burada 6.1.1.2.9-cu bənd “narkoloji xidmətin təkmilləşdirilməsi və peşəkar kadrlarla təmin olunması məqsədilə həkim-narkoloq və klinik (tibbi) psixoloqların sayının artırılması istiqamətində əlavə tədbirlər görülməsi”ni özündə əks etdirir.
Əksər mütəxəssislərin də etiraf etdiyi kimi, hazırda Azərbaycanda narkomaniyaya qarşı mübarizədə ən ciddi problem kadr çatışmazlığıdır. Hansı ki, bu gün ölkəmizdə ixtisaslı narkoloqların (həkim-narkoloq) sayı ən yaxşı halda barmaqla sayılacaq qədərdir. Doğrudur, Sovetlər Birliyi dönəmində bu sahədə kifayət qədər peşəkar kadrlarımız mövcud idi. Amma onların bir çoxu artıq dünyasını dəyişib, sağ qalanların böyük əksəriyyəti isə zaman-zaman öz ixtisaslarını dəyişərək, müxtəlif sahələrdə çalışmağa başladılar. Ona görə ki, son illərədək narkoloq peşəsi “az gəlirli peşə” sayılırdı və kimsə bu sahədə çalışmağa maraq göstərmirdi. Görünür, elə bu səbəbdən də müstəqillik əldə etdikdən sonra müvafiq təhsil ocaqlarımız bu ixtisasa maraq göstərmədi və nəticədə ölkəmizdə ixtisaslı narkoloqların yetişdirilməsinə son qoyuldu.

Təxminən 2020-ci ildən sonra Azərbaycanda narkomaniya sürətlə yayılmağa başladığından, həkim-narkoloqların fəaliyyətinə ciddi ehtiyac duyuldu. Lakin, yuxarıda da qeyd etdiyimiz kimi, artıq təhsil müəssisələri, ən əsası da Azərbaycan Tibb Universiteti (ATU) həlkim-narkoloqlar yetişdirmədiyindən, ölkədə bu sahədə kadr qıtlığı mövcuddur. Nəzərə alsaq ki, rəsmi qeydiyyatda olan 43 min nəfər, qeyri-rəsmi isə 300 min nəfər narkoman var, deməli, belə bir vəziyyətdə sayları günbəgün artan narkomanların peşəkar müalicəsindən söhbət gedə bilməz.
Məhz bu səbəbdən də, Stopnarkotik.az saytı olaraq, son illərdə bu mövzunu təkrar-təkrar gündəmə gətirir, Azərbaycanda narkotik bəlasından xilas olmaq üçün ixtisaslı kadrlara ehtiyac olduğunu qeyd edirdik. Hansı ki, saytımızda bununla bağlı onlarla məqalə, çox sayda yazılı və video müsahibələr dərc etmişik. Hətta bir sıra dövlət rəsmiləri ilə müsahibəmizdə bu məsələnin gündəmdə olduğu haqda açıqlamalar da verilmişdi.

Bəs, hazırda bu sahədə vəziyyət necədir? Xüsusilə, Prezidentin təsdiq etdiyi Dövlət Proqramında da “narkoloji xidmətin təkmilləşdirilməsi və peşəkar kadrlarla təmin olunması məqsədilə həkim-narkoloq və klinik (tibbi) psixoloqların sayının artırılması istiqamətində əlavə tədbirlər görülməsi” nəzərədə tutulursa, aidiyyəti qurumlar, o cümlədən Azərbaycan Tibb Universiteti bu problemin həlli istiqamətində nə kimi tədbir görüb? Bu və ya digər suallara aydınlıq gətirmək üçün Azərbaycan Tibb Universitetinin Mətbuat xidməti ilə əlaqə saxladıq:
- Bilmək istərdik, son vaxtlar Azərbaycan Tibb Universitetində hansı yeni ixtisaslar yaradılıb?
– Azərbaycan Tibb Universitetində son illərdə bir neçə yeni ixtisas yaradılıb. Onlardan biri Tibb bacısı-qardaşı işi, digəri isə Fizioterapiya ixtisasıdır. Hər iki ixtisas üzrə ilk dəfə olaraq 2020-ci ildən tələbə qəbulu həyata keçirilib. O zaman hər ixtisas üzrə 40 nəfər olmaqla, yalnız Azərbaycan bölməsi üçün qəbul nəzərdə tutulmuşdu. Son iki ildə isə Tibb bacısı işi ixtisasına qəbul sayı artırılaraq 60 nəfərə çatdırılıb.
Hər iki ixtisas üzrə təhsil 4 il müddətinə nəzərdə tutulub və bakalavr pilləsində kadr hazırlığı həyata keçirilir. Məzunlara müvafiq olaraq fizioterapist və ya tibb bacısı ixtisası verilir.
Fizioterapiya ixtisasını bitirən məzunlarımız magistratura pilləsində müvafiq ixtisaslaşmalar üzrə sənəd təqdim edə bilirlər. Həm ötən il, həm də bu il həmin ixtisasın məzunları 7 ixtisaslaşma üzrə magistratura imtahanlarında iştirak edərək təhsillərini davam etdirmək hüququ qazanıblar.
ATU-da 4 illik ali tibb bacısı işi ixtisası digər ali məktəblərdəki oxşar proqramlardan onunla fərqlənir ki, burada təhsil alan tələbələr gələcəkdə magistratura və doktorantura pillələrində də təhsillərini davam etdirmək imkanına malikdirlər.
– Yaxın gələcəkdə yeni ixtisasların açılması planlaşdırılırmı?
– Bəli, növbəti tədris ilində “Dietologiya” adlı yeni ixtisasın açılması nəzərdə tutulur.
– Ümumiyyətlə, son dövrlərdə hansı sahələr üzrə kadr hazırlığına daha çox üstünlük verilir?
– Ən çox tələbə qəbulu planlaşdırılan əsas istiqamət, təbii ki, “Tibb” ixtisasıdır.
Hazırladı: Ülviyyə ŞÜKÜROVA
P.S. Yazımızın əvvəlində də qeyd etdiyimiz kimi, Prezidentin sentyabrın 17-də təsdiq etdiyi “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı” 2025–2030-cu illəri əhatə edir. Tibbi Universitetinin açıqlamasından isə aydın olur ki, bu təhsil ocağında yaxın müddətdə həkim-narkoloqların hazırlanması nəzərdə tutulmur. Onu da nəzərə alsaq ki, ölkəmizdə ixtisaslı həkim-narkoloqlar ən azı 7 ilə yetişdirilir, deməli, yaxın illərdə bu istiqamətdə hər hansı addım atılsa belə, Dövlət Proqramında nəzərdə tutulan kadr hazırlığı məsələsinə töhfə verə bilməyəcək. Bu halda biz qarşıdakı 5 il ərzində ixtisaslı həkim-narkoloqların sayını necə artıra biləcəyik?!
P.P.S. Bu məsələdə də müxtəlif xarici ölkələrin “diplom satan” universitetlərinin “kadrları”na arxayın olacağıqsa, onda keçmiş narkomanların dəstəyindən faydalanmaq daha yaxşı olar...