Azərbaycanda məhkəmədə hakimi təhqir edən şəxs həbs edildi

Göyçay rayonunda məhkəmədə hakiminin ünvanına təhqiramiz ifadələr işlədən şəxs həbs edilib.

Stopnarkotik.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, rayonun Rəsul Rza küçəsində yaşayan 1978-ci il təvəllüdlü Taleh Aslanov Cinayət Məcəlləsinin 221.3 və 289.2-ci (Xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib.

Müəyyən edilib ki, bir neçə ay əvvəl Göyçay şəhərində Taleh Aslanov həmyerlilərinə qarşı xuliqanlıq hərəkəti edib. O, sərxoş halda yolun ortasında dayanaraq “Toyota Carolla” markalı avtomobilin hərəkətinə imkan verməyib. Həmin vaxt Taleh avtomobili təpikləyərək nəqliyyat vasitəsinə ziyan vurub.

Bununla bağlı olaraq T.Aslaniv barəsində Cunayət Məcəlləsinin 221.3-cü, yənu xuliqanlıq maddəsi ilə cinayət işi açılıb. O, həbs edilməsi üçün prokurorun təqdimatı ilə Göyçay rayon Məhkəməsinə aparılıb. Burada Taleh Aslanov məhkəməyə sədrlik edən hakimə “sən alçaqsan, sən şərəfsizsən” kimi təhqiramiz sözlər deyib.

Bundan sonra onun barəsində digər maddə ilə, yəni məhkəməyə hörmətsizlik əməli maddəsi üzrə cinayət işi açılıb.

İş baxılması üçün Ucar rayon Məhkəməsinə göndərilb. Zərərçəkmiş şəxs məhkəmə hakimi olduğu üçün işə digər rayonda baxılıb. Ucar mrayon Məhkəməsinin ötən həftə çıxardığı hökmlə Taleh Aslanov 2 il 8 ay müddətə həbs cəzasına məhkum edilib.