Azərbaycanda kimlər etibarnaməsiz maşın sürə biləcək? - YENİLİK

Azərbaycanda avtomobillərin idarə edilməsi üçün etibarnamənin zəruriliyi tələbi aradan qaldırıla bilər. Belə ki, Gəncə Şəhər Məhkəməsinin müraciəti əsasında İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin I hissəsinin 1-ci bəndi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb. Qərarda deyilir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla, nəqliyyat vasitəsinin mülkiyyətçisi olmayan şəxsin nəqliyyat vasitəsini idarə etməsi üçün etibarnamənin zəruriliyi tələbinin müvafiq qanunvericilikdə aradan qaldırılması Milli Məclisə tövsiyə olunsun.

Təklif haqqında Oxu.Az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov deyib ki, inkişaf etmiş ölkələrdə artıq avtomobilin etibarnamə vasitəsilə idarə olunması ləğv olunub. Ekspert bunu nəzərə alaraq, etibarnamənin ləğvini dəstəkləyib və bunun nəticələri haqqında fikirlərini qeyd edib.

“Xarici ölkələrdə vətəndaşlar rahatlıqla avtomobillərini istədiyi şəxsə həvalə edə bilirlər. Müvafiq qaydalar çərçivəsində avtomobili idarə etmək üçün sadəcə sürücülük vəsiqəsinin olması yetərlidir. Azərbaycanda da artıq etibarnamələr ləğv edilməlidir.

Məsələ burada yalnız ər və arvadın ümumi mülkiyyətində olan avtomobilin idarə edilməsindən getmir. Ümumiyyətlə, vətəndaşın avtomobilini istədiyi şəxsə etibar etməsindən gedir” – deyə, E. Cəfərov əlavə edib.

Ekspert onu da bildirib ki, etibarnamələrin ləğvi sürücüləri narahat etməməlidir:

“Əksinə, düşünürəm ki, sürücülər daha rahat olacaqlar və ən azı bir problemdən, cərimə qorxusundan azad olacaqlar. Bu, imkan verir ki, vətəndaşların hərəkət sərbəstliyi daha da artsın.

Qəza zamanı cavabdehlik məsələsinə gəlincə, burada qəzanı törədən avtomobilin nömrəsi, onu idarə edən şəxsin sürücülük vəsiqəsi varsa, başqa problem qalmayacaq. Qəza törədən şəxsi müəyyən etməkdə çətinliyin olacağını hesab etmirəm. Yəni, bütün inkişaf etmiş ölkələrdə necədirsə, bizdə də elə olmalıdır. Dünya təcrübəsindən yaralana bilərik”.

Qeyd edək ki, təklifə əsasən, İnzibati Xətalar Məcəlləsinin və “Yol hərəkəti haqqında” Qanunun normaları qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olmadığı hallarda, nəqliyyat vasitəsinin etibarnaməsiz idarə edilməsi (ər-arvadın ümumi mülkiyyət hüququna dair şəhadətnaməsinin olduğu hallar istisna olmaqla) həmin Məcəllənin 332.1-ci maddəsi ilə müəyyən edilən inzibati məsuliyyətə səbəb olur.

Hazırda qüvvədə olan qanuna əsasən, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə 40 manat cərimə tətbiq edilir.