İT mütəxəssisi Elvin Abbasov: “Azərbaycanda narkoşəbəkənin “Darkveb”dən istifadə etməsi, alış-veriş etməsi halları yoxdur, amma narkobaronlar istifadə edirlər”
Həyatımızın hər sahəsində müasir rəqəmsal texnologiyardan istifadə edildiyi kimi, narkotik satışında da internetdən, daha dəqiqi “Darkveb” deyilən internet məkanından istifadə edilir. Ekspertlər bildirirlər ki, dünyanın bir çox yerində nakrotik vasitələrin satışı “Darkveb” vasitəsilə həyata keçirildiyiniə görə, onları izləmək, təqib etmək çətin olur. Narkotik satışının internet müstəvisinə keçməsi bu prosesi daha da görünməz edir. Hansı ki, narkoticarət şəbəkəsi onsuz da günbəgün inkişaf edir, narkomaniyaya qarşı mübarizə aparan qurumlarla demək olar, bütün sferalarda “ayaqlaşır”, alqı-satqının, çirkli narkotik pullarının dövriyyəsinin, hesablaşmaların internet məkanında reallaşması bu ölüm ticarətinin ifşasını, çökdürülməsini daha da qəlizləşdirir. Bəs Azərbaycanda bu sahədə vəziyyət necədir? Yeni texnoloiyaların inkişafı hər iki tərəfə - həm narkoticarət, həm də ona qarşı mübarizə aparan cinaha nə vəd edir? Bu barədə tanınmış İT mütəxəssisi Elvin Abbasovun fikirlərini öyrəndik.
- Elvin bəy, aparılan müşahidələr göstərir ki, ölkəmizdə narkoticarət, narkotikin alqı-satıqısı “inkişaf edir”. Narkotik artıq müasir texnologiyalar istifadə edilərək alınır, satılır. Söhbət “Darkveb”dən gedir. Sizcə, ölkəmizdə bu barədə vəziyyət nə yerdədir?
- “Darkveb” üzərindən xüsusilə insan alveri, qanunusuz işlər, narkotik və digər illeqal fəaliyyətlər həyata keçirilir. Və dövlət portallarından oğurlanan bir çox məlumatlar “Darkveb” üzərindən satışa çıxır. Ümumiyyətlə, “Darkveb” qanunsuz fəaliyyətlər ilə məşğuldur. Bura pornoqrafiya, insan alveri, orqan satışı və digər qeyri-qanuni fəaliyyət sahələri aiddir. Bu istiqamətdə narkotik alveri də böyük həcmli alverlər kimi “Darkveb” üzərindən fəaliyyət göstərir. Amma narkoticarətin son etapı olan narkotik istifadəçiləri “Darkveb”dən istifadə etmirlər. Çünki bütün ölkələrdə, həmçinin də Azərbaycanda “Darkveb”ə daxil olmaq qeyri-qanuni fəaliyyət hesab olunur və rəqəmsal səriştəliliyi yüksək olmayan şəxslərin “Darkveb”in necə istifadə olunacağı haqda heç bir məlumatı yoxdur. Xüsusən də Azərbaycanda “Darkveb” nəzarət altındadır. Yəni müəyyən dövlət qurumları “Darkveb” saytına nəzarət edirlər. Həmçinin də Azərbaycanda “Darkveb”ə daxil olanlar xüsusi yüksək kvalifikasiyalı hakerlər – “QARA ŞAPKALI” mütəxəssislərdir və dövlət strukturları “Darkveb”i nəzarətdə saxlayırlar. “Darkveb” sadə, sıradan şəxslərin daxil olub rahat istifadə edəcəyi bir şey deyil. Orada müəyyən məhdudiyyətlər var, sadə istifadəçilər onu istifadə edə bilmirlər. Onun üçün də Azərbaycanda narkoşəbəkənin, istifadəçilərin “Darkveb”dən istifadə etməsi, alış-veriş etməsi halları yoxdur. Amma narkobaronlar “Darkveb”dən istifadə edirlər, xüsusi külli miqdarda satış edirlər, kriptovalyuta ilə mübadilə edirlər və bu, dünyada bilinən bir şeydir. İstər narkotik ticarəti, istər insan alveri, pornoqrafiya, silah alveri – bütün qeyri-qanuni iri həcmli işlərin “Darkveb” üzərindən həyata keçdiyi bilinən şeylərdir.
- Narkotik istifadəçiləri ilə söhbətimizdə onlar bildirirlər ki, indi narkotik alqı-satqısı daha çox “Telegram” və “Whatsapp” tətbiqləri üzərindən aparılır…
- “Whatsapp” yox, “Telegram” bu məsələdə aktualdır. Narkotikin son istifadəçilərindən söhbət gedirsə, yəni pərakəndə satışdan söhbət gedirsə, bəli, insanlar “Telegam” üzərindən narkotik alqı-satqısı edirlər.
- Bəs bunu izləmək mümkün olurmu?
- “Telegram” öz məlumatlarını kənara vermir. Cinayət sferasının kiçik bir hissəsi teleqram üzərindən fəaliyyət göstərirdi. Amma “Telegram”ın sahibi Pavel Durov Fransada tutulandan sonra bəyan etmişdi ki, bu istiqamətdə dövlətlə əməkdaşlıq edəcək. Amma “Telegram”ın da öz kanallarının izlənməsi, içində baş verən cinayətlərin aşkarlanması ilə bağlı məlumat verib-vermədiyi haqda hal-hazırda məlumat yoxdur.
-Belə fikirlər də var ki, kriptovalyutalar qeyir-leqal narkotik gəlirlərinin gizli dövriyyəsi üçün əlverişli imkan verir. Yəni çirkli narkotik pulları kriptovalyutalar vasitəsilə ödənilir və dövr edir. Bu barədə nə deyə bilərsiniz? Bizdə bu sahədə vəziyyət nə yerdədir?
- Azərbaycanda kriptovalyuta sahəsi kifayət qədər inkişaf edib. Bir çox insanlar gələcəyə yatırım məqsədilə daha çox kriptovalyutaya üz tuturlar. Əmlak alanlar, qızıl alanların artıq daha çox kriptovalyuta üzərindən iş gördükləri, öz pul vəsaitlərini kriptovalyutaya daha çox yatırdıqları müşahidə olunur. Bu istiqamətdə artıq bir çox konsultantlar, məsləhətçilər var. Onlar rəsmi olaraq bu fəaliyyətlə məşğuldurlar. Hansı ki, kriptovalyuta yatırımı edən şəxslərə məsləhətlər verirlər. Azərbaycanda bu fəaliyyət qeyri-qanuni sayılmır.
- Bəs, bizdə çirkli pulların kriptovalyuta ilə dövriyyəsini dövlət nəzarətdə saxlaya bilirmi?
- Xeyr, belə bir anlayış yoxdur. Ümumiyyətlə, kriptovalyuta sahəsi daha çox elə qeyri-leqal işlərdə istifadə olunur və onun hər hansı şəxslər tərəfindən izlənilməsi o qədər də aktual məsələ deyil. Ümumiyyətlə, oranın sistem arxitekturası fərqlidir. Bu, blokçeyn üzərində qurulmuş texnologiyadır. Kriptovalyuta kimin adınadırsa, orada pulqabılar var, blok sistemi ilə tənzimlənir. Bunun biraz izaha ehtiyacı var. Amma cinayət aləminin 60 faizindən çoxu kriptovalyuta üzərindən öz gəlirlərini mübadilə edirlərsə, bu o deməkdir ki, orada məxfilik daha yaxşı qorunur.
- Yəni cinayət pullarının dövriyyəsi üçün orada münbit şərait var.
-Bəli.
- Elvin bəy, siz az öncə qeyd etdiniz ki, “Telegram” dövlətlərlə məlumatları paylaşmırdı, artıq belə bir razılaşma var. Sizcə, Azərbaycanda hansısa mexanizmlər hazırlamaq mümkündür ki, “Telegram” üzərindən narkotik alqı-satqısı izlənilsin?
-Ümumiyyətlə, anlıq mesajlaşma və internet üzərindən mesajlaşma platformaları kiçik dövlətlərə məlumat vermirlər. Məhkəmə qərarı olsa da, vermirlər. Misal üçün, əvvəl “Odnoklassniki”, Mail.ru, Rambler var idi, indi “Facebook”, “Telegram”, “Tvitter” var, onların əməkdaşlıq müstəviləri bir az fərqli tənzimlənir. Yəni kiçik ölkələr onlar üçün çox da böyük bir şey deyil. Əgər sizin dediyiniz kimi, əməkdaşlıq baş tutsaydı, hansı ki, Azərbaycanda minlərlə kiberdələduzluq halları baş verir, bunların hər biri anlıq mesajlaşma üzərindən baş verir, yəni “Telegram”dan, “Whasapp”dan zənglər gəlir, əgər “Meta” şirkəti, “Telegram” şirkəti və digər şirkətlər əməkdaşlıq etsəydilər, bu dələduzluğun kökü kəsilərdi. Hətta Azərbaycan məhkəməsindən qərar getsə belə, onlar heç kimin yazışmalarını və ya öz fəaliyyətini açıb məhkəməyə verməyəcək. Bunun üçün onlar gərək Azərbaycanda qeydiyyatdan keçsinlər və ya Azərbaycanda nümayəndəlikləri olsun ki, onların rəsmi olaraq burada fəaliyyət göstərdikləri bəyan edilsin. Onlar Azərbaycan ərazisində fəaliyyət göstərmirlər və ona görə də sizin nəzərdə tutduğunuz kimi əməkdaşlıq yoxdur.
Dövlətlə əməkdaşlıq hər hansı məhkəmə, yaxud cinayət işində məlumatları bölüşmək deyil, daha fərqli əməkdaşlıq kimi nəzərdə tutulur. Yəni, tutaq ki, ölkədə müvafiq qanunvericiliklər və onların əməkdaşlığı nəzərdə tutulur. Qaldı ki, hansısa cinayətkar, yaxud qeyri-cinayətkar bir şəxsin hər hansı sorğu və araşdırmada şəxsi məlumatlarının Azərbaycan hökumətinin müvafiq əməkdaşlarına, polis orqanlarına, məhkəmə orqanlarına, digər təhlükəsizlik xidməti orqanlarına verilməsinə, bu, aktual məsələ deyil.
- Bəs siz çıxış yolunu nədə görürsünüz?
- Ümumiyyətlə, çıxış yolu yoxdur. Tutaq ki, 10 milyon əhalisi olan ölkədə gündə minlərlə dələduzluq halları baş verir və gündə minlərlə sorğu gedir, amma məlumat ala bilmirik. Bundansa maariflənmə lazımdır. Düşünün ki, dünyada sosial şəbəkələrin milyardlarla istifadəçisi var və bu sosial şəbəkələr onların hər birinin sorğusuna cavab verməlidir, heç bunu çatdıra bilməzlər. Bu, aktual çıxış yolu deyil. Burada cinayətkarlığın, dələduzluğun və ya digər qeyri-qanuni fəaliyyətlərin, istər narkotik olsun, insan alveri olsun, silah alveri olsun, dünyada bunların qarşısını başqa yollarla almağa çalışırlar.
- Nə kimi yollarla?
- Mən bir kriminlast deyiləm, bu mənim sahəm deyil, mən texnologiyaya cavab verirəm. Amma əməkdaşlıqlar müxtəlif formalarda olur. Misal üçün, heç bir ölkədə yayımlanmayıb ki, filan böyük narkotik alveri haqda məlumatı “Facebook” açdı, dövlət orqanına verdi, onlar da gedib tutdu. Əgər elə bir şey baş versə, hərənin sosial şəbəkələr üzərində gizli saxladığı gizli münasibətlər var, bizneslər var - bu o deməkdir ki, hamısını açıb baxırlar. Yəni belə yanaşma doğru yanaşma deyil ki, sosial şəbəkələrdə baş verən məsələləri onun idarəçiləri açıb kiməsə versin.
- Deməli, belə hal olsa da, üzə çıxarmazlar...
- Təbii ki. Belə halları üzə çıxarsalar, dünya miqyasında sosial şəbəkələrin reputasiyası aşağı düşəcək. Məsələn, mənim kiminləsə sosial şəbəkə üzərindən şəxsi yazışmam var, hansı ki, istəyirəm o gizli qalsın, sabah nəsə baş verdi, mənim bütün yazışmalarım çıxarılıb hər hansı bir orqana verildi, bu, düzgün yanaşma deyil. Əgər böyük cinayətlər sosial şəbəkələrdə açılırsa, deməli, kiçik də açıla bilər, hətta münasibətlər də açıla bilər. Ona görə də sosial şəbəkələrdə bu alınmır. Amma müəyyən əməkdaşlıq, hansı ki, onun çərçivələri var, bunlar mümkündür. Mən indi burada onun hamısını bölüşə bilməyəcəyəm, amma müəyyən çərçivələr var ki, o çərçivələrdə ölkələrlə əməkdaşlıq mümükündür. Hansı ki, bu əməkdaşlığın çərçivələri var. Amma bu da o demək deyil ki, bir şəxsin bütün məlumatları açılıb qoyuldu ortaya. Bu çərçivələrdə texnoloji həllər var, süni intellekt var. Məsələn, görürsünüz də, “Facebook”a hər hansı şiddətlə bağlı, birinin çox qəddarlıqla öldürülməsiylə bağlı video çarxı qoysanız, avtomatik bağlanacaq. Həmçinin, pornoqrafiya, müəllif hüquqları alınmış səsi, filmi qoysanız “Facebook” onu avtomatik bağlayacaq ki, bunun müəllif hüquqları filankəsə aiddir. Yaxud şiddət var, yaxud 18+dur.
Məsələn, Niderlandda müəyyən narkotik vasitələrinin satışı azaddır, Gürcüstanda müəyyən narkotiklər azad satışdadır, amma bu o demək deyil ki, həmin ölkələrdə bu narkotiklər azad satışda olduğuna görə, “Facebook”da da onlar azad satışda olsun.
- Aydınıdr. Mən "Darkveb"lə bağlı sualı niyə vurğuladım - gözümə belə bir məlumat sataşdı ki, bir neçə gün əvvəl Almaniya Federal Cinayət İdarəsi (BKA) və Frankfurt Prokurorluğunun “Darknet”də fəaliyyət göstərən ən böyük cinayətkar ticarət platformalarından olan “Archetyp Market”a qarşı genişmiqyaslı beynəlxalq əməliyyat aparıb. Əməliyyata cəlb edilən 300-dən çox əməkdaş Avropa İttifaqı üzvü olan bir neçə ölkədə 25 axtarış tədbiri həyata keçirib. Deməli, bəzi ölkələrin "Darkveb"ə girişi var...
-"Darkveb" özü qeyri-qanuni platformadır. İnternetin içində bir icmadır. "Darkveb" haqda internetdə sənədli filmlər var. Bu "Darkveb"də keçirilən ilk əməliyyatlar deyil. Amma bu əməliyyatlar necə ki, dövlət böyük bir mafiyanın, kriminal şəbəkənin içinə məxfi adamlar sızdırır, "Darkveb"də də o tip çalışmalar edir. Orada minlərlə fərqli cinayətkarlıqlar baş verir. Məsələn, dünyada ən bəyənilməyən şey uşaq pornoqrafiyasıdır, uşaq pornoqrafiyasının "Darkveb"də daha çox icması var. Və yaxud digər cinayətkarlıqların. Onların yeni səhifələri açılıb-bağlanır. O səhifələrin içinə adam sızdırılır və o adam orada sifarişçi kimi davranır, əlaqələr qurur, şəbəkələr o formada çökdürülür. "Darkveb"in çökdürülməsi bir hakerin hücumu ilə başa gəlmir. Ya bütün internet istifadəçiləri - istər cinayətkar olsun, istər qeyri-cinayətkar olsun… Adam evində oturub, bütün ölkələrdə fəaliyyət göstərir. Almaniya hökuməti gedib onları evində tutursa, artıq oraya bir adam sızdırıb, müəyyən məlumatları əldə edib, müəyyən məlumatları çəkib çıxarıblar. Ümumiyyətlə, "Darkveb"lə bağlı hər il minlərlə hadisə baş verir. Cinayətkar qruplar tutulur, necə ki, internet böyük bir sferadır, "Darkveb" də böyük bir aləmdir. Misal üçün, "Darkveb"lərin serverləri bunkerlərin içində qurulur, hər hansı dövlət ora girmək istəsə, bunkerlərdəki serverlər özü-özünü məhv edir, məlumatlar heç kimin əlinə keçmir.
"Darkveb" ilk dəfə yarananada - heç kim oraya maraq göstərməyəndə onun ilk yayılma, pul qazanma üsulu pornoqrafik materiallar olub. Ona görə "Darkveb" məşhurlaşmağa başlayıb. O azad internet məntiqiylə qurulmuşdu, amma azad internet məntiqiylə qurulmuş yerə azad internet istəyənlər gəlmədi, qeyri-qanuni fəaliyyət aparmaq istəyən cinayətkarlar ora daha çox maraq göstərdi.
Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA
Stopnarkotik.az