Bu günlərdə 2025-ci ilin yanvar-avqust ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilərək açıqlandı. Hesabatda aşkar edilən prekursorlara dair atılan addımlar diqqəti cəlb edir.
Bildirilir ki, Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə 2025-ci ilin 28 yanvar və 29 may tarixlərində qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya tərəfindən ümumilikdə 2358 məhkəmə qərarına əsasən barəsində məhvetmə qərarı qəbul edilmiş 10 ton 121 kq 801,942 qr müxtəlif növ narkotik vasitə, psixotrop maddə və onların prekursorları (prekursorlar - narkotik vasitələrin və psixotrop maddələrin hazırlanması məqsədilə istifadə edilən kimyəvi maddələr və onların duzları – red.), həmçinin 8644 ədəd çətənə bitkisi məhv edilmişdir.
Eyni zamanda hesabat dövründə qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiyaların birgə təşkilatçılığı 40 rayon və şəhərdə 1726 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş ümumi çəkisi 43 kq 058,379 qr və 21 həb müxtəlif narkotik vasitələrin, psixotrop maddələrin, 4 kapsul güclü təsir edən maddənin və 279 ədəd çətənə bitkisinin məhv olunması təmin edilmişdir.
Burada məntiqi olaraq belə bir sual meydana çıxır: müsadirə olunan prekursorlar hansı psxiotrop maddələrə aiddir? Həmin psixotrop maddələr xarici ölkə mənşəlidir, yaxud ölkə daxilində hazırlanır?
Məntiqlə prekursor o məqsədlə gətirilir ki, ondan psixotrop maddə, yaxud sintetik narkotik hazırlansın. Əgər Azərbaycana da prekursor gətirilirsə, o hansı sintetik narkotikin və harada hazırlanması üçün nəzərdə tutulur?
Təəssüf ki, indiyədək bu və ya digər suallara rəsmi cavab verilmir. Odur ki, Stopnarkotik.az saytı olaraq, bu haqda araşdırmamızı yaxın günlərdə dəyərli oxucularımıza təqdim edəcəyək. Bizi izləyin.
Stopnarkotik.az