Mingəçevirdə güclü küləyin ağacları aşırması nəticəsində xəsarət alanların kimliyi məlum olub.
"Report"un məlumatına görə, hadisə nəticəsində altı nəfər xəsarət alıb. Onlardan biri - 2003-cü il təvəllüdlü R.Qasımzadə ölüb.
Digər zərərçəkənlər - 1969-cu il təvəllüdlü G.Sadıqov, 1994-cü il təvəllüdlü Y.Nuriyev, 1981-ci il təvəllüdlü R.Qədirov və iki azyaşlıdır.
Onların vəziyyəti qənaətbəxş hesab edilir.
Faktla bağlı araşdırma aparılır.
22:34
Ağstafada güclü külək ciddi fəsadlara yol açıb.
APA-nın məlumatına görə, iyunun 20-də axşam saatlarında külək Ağsatafanın mərkəzində irigövdəli ağacı aşırıb.
Hadisə nəticəsində parkda istirahət edən 1948-ci il təvəllüdlü Tahir Abbasov və 1962-cı il təvəllüdlü İlham Rzayev müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Rayonun Dağkəsəmən kəndində isə ağacın aşması nəticəsidə 2006-cı il təvəllüdlü Elcan Əlibalayev xəsarət alıb.
Hər üç yaralının müalicəsi xəstəxanada davam etirilir.
Qeyd edək ki, hazırda qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.
22:26
Mingəçevir şəhərində güclü külək nəticəsində bir neçə ağac aşıb.
"Report"un məlumatına görə, hadisə şəhərin müxtəlif ərazilərində qeydə alınıb.
Küləyin ağacları aşırması nəticəsində beş nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Zərərçəkənlər xəstəxanaya çatdırılıblar.
Qeyd edək ki, hadisə nəticəsində nəqliyyat vasitələrinə də zərər dəyib.
22:14
Güclü külək Gədəbəy rayonunun əksər hissəsini işıqsız qoyub.
Bu barədə "Qaynarinfo"ya rayon sakinləri məlumat veriblər.
Bildirilib ki, rayon mərkəzi də daxil olmaqla əksər kəndlər işıqsız qalıb.
Buna səbəb kimi rayona gedən yüksəkgərginlikli elektrik xəttində və kəndlərə gedən elektrik naqillərində yaranan problem olub.
Gəncədə də güclü külək maşınları aşırıb. Üç maşına ziyan dəyib.
18:52
Tovuzun Aşağı Quşçu kəndində yağışlı və küləkli hava şəraiti səbəbindən iri gövdəli ağac aşıb.
İlkin məlumata görə, hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.
Elektrik naqillərində yaranan problem səbəbindən Tovuzun bəzi kənd və qəsəbələrində elektrik enerjisinin verilişi dayanıb.
Məlumatı "Azərişıq" ASC-dən təsdiqləyiblər. Güclü küləyin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər görülür.