Əsabəli Mustafayev: “Böyük dələduzluğun cəzasızlığının qabağını almaq üçün məhkəmə praktikası dəyişməlidir”
Azərbaycanda dələduzluq maddəsi ilə həbs olunanların sayı sürətlə artır. Söhbət xüsusilə Cinayət Məcəlləsinin 178-ci maddəsindən və bəndlərindən gedir. Hansı ki, son vaxtlar sayları “yağışdan sonra çıxan göbələklər” kimi artmaqda olan dələduzlar müxtəlif yollarla – kimisə hansısa nazirlikdə, komitədə, təhsil ocaqlarında, digər prestijli qurumlarda işə düzəltmək, kiminsə məhkəmədə işini həll etmək, kimisə həbsdən azad etmək və s. vədlərlə aldadaraq, insanların pulunu mənimsəyir, onları daha böyük problemlərlə üz-üzə qoyurlar. Stopnarkotik.az-ın etibarlı qanyaqlardan əldə etdiyi məlumata əsasən, hazırda bu kimi hallarla əlaqədar həbsxanada cəza çəkən şəxslərin sayı 1000 nəfərdən çoxdur. Bu isə sözügedən sahədə vəziyyətin heç də ürəkaçan olmadığını ortaya qoyur.
Onu da qeyd etməliyik ki, qanunvercilikdə mövcud olan bəzi boşluqlar da dələduzlar üçün əlavə imkanlar yaradır. Məsələn, milyonlarla manatlıq vəsaiti dələduzlulqa mənimsəyən şəxslərlə 3-5 min manatın “arxasına keçənlər”ə verilən cəzada elə də ciddi fərq qoyulmur. Belə ki, “kiçik dələduzlar” kimi, böyük məbləğləri mənimsəyən insanlar da, təkrar törədilmə faktı istisna olmaqla, maksimum 5-7 il müddətinə həbsdə yatır, azadlığa çıxdıqdan sonra isə qamarladığı milyonları rahat şəkildə xərcləyir.
Üstəlik, qanunvericilikdə iri məbləğlərin zərərçəkmişə geri qaytarılması məsələsində də normal mexanizm işlənib hazırlanmayıb. Hansı ki, bəzi hallarda dələduzların adına heç bir əmlak və rəsmi gəliri olmayanda, mənimsədiyi külli miqdarda vəsaiti hər ay xırda-xırda qaytarmaq məcburiyyəti qoyur. Bu isə, şübəsiz, zərərçəkəni qane etmir. Həmçinin, ələ keçirilən məbləğin uzun müddətdə qaytarılması haqq-ədalətin bərpasını da bir növ gecikdirir. Bu mövzu ətarfında tanınmış hüquqşünası, vəkil Əsabəli Mustafayevlə söhbətləşdik.
- Əsabəli müəllim, apardığımız araşdırmaya əsasən, son vaxtlar ölkəmizdə dələduzluq halların sayı sürətlə artmaqdır. Üstəlik, baş verən dələduzluq faktları, belə deməkl olarsa, çox vaxt cəzasız qalır. Məsələn, orta və kiçik həcmli pulları mənimsəyənlərlə böyük miqyaslı dələduzluq edən şəxslər arasında cəzalar demək olar ki, eyni olur. Yaxud dəymiş zərərin geri ödənilməsi mexanizmi düzgün işləmir. Sizcə, bu vəziyyət necə tənzimlənməlidir, iri məbləğlər neçə ilə geri qaytarılmalıdır?
- Əslində, qanunda hər şey nizamlanıb. Dələduzluğun, dəymiş zərərin məbləğindən asılı olmayaraq, müxtəlif bəndlərdə müxtəlif cəzalar nəzərdə tutulub. Tutaq ki, cəza birində 3 ildirsə, o birisində 12 ilə qədər cəza var. Cinayət ağırlaşdıqca, cəza müddəti də uzanır. Məcəllədə də məbləğlə bağlı “xeyli miqdar” və “külli miqdar” anlayışı var. Son illərdə olan dəyişikliklə təqsirləndirilən şəxsi də müəyyən qədər maraqlandırırlar. Qanun onları maraqlandırır ki, sən etdiyin əməlin əvəzində bunu ödə. Qanunda var ki, əgər dəymiş zərər ödənildisə, onda təqsirləndirilən şəxs cəzadan tam azad olur. Əgər məbləğ azdırsa,178-ci maddənin birinci bəndi əsasında iş gedir. Digər hissələrdə isə məbləğin təkcə zərərçəkmişə ödənilməsi kifayət etmir. O cümlədən də, o həmin məbləğin müəyyən miqdarı çərçivəsində qanunda nəzərdə tutulub. Məsələn, 25 faiz və 50 faizi çərçivəsində. Dələduz büdcəyə də vurduğu zərərin 25-50 faizi həcmində ödəniş edir. Bu ödənişin zərərçəkmişə vurulan zərərlə əlaqəsi yoxdur. Dələduz zərərçəkmişə vurduğu zərəri tam ödəməlidir, bundan sonra da büdcəyə həmin qanunda nəzərdə tutulmuş faizi ödəməlidir. Hesab edirəm ki, bu düzgün yanaşmadır. Çünki istintaq gedib, insanlar işləyib, məhkəmə buna baxıb, adam istintaq təcridxanasında olub, hökumətin hesabına yaşayıb, orada dolanıb, ona yemək veriblər, nəzarətçilər ona nəzarət edib. Yəni dövlət o şəxsin əməlinə görə xərc çəkib. Bu məsələdə dövlət də zərərçəkmişdir. Ona görə də əgər dələduz dəymiş zərəri tam ödəyirsə və büdcəyə də lazım olan məbləği keçirirsə, o cəzasının qalan hissəsini çəkməkdən azad olunur. Praktikada belə hallar olur. Dələduzluqla yüksək məbləğ mənimsəyənlərin işində ancaq müəyyən epizodlar istintaqa aparılır, o şəxs müəyyən epizodlarla məhkum edilir. Ancaq praktikada görünür ki, böyük ranqlı dələduzlar, əslində, daha çox pul mənimsəyiblər. İstər bu vəzifədən sui-istifadə etməklə insanları aldadaraq dələduzluq edən şəxs olsun… Çünki insanlar hər adama pul vermir, onlar pulu elə adama verirlər ki, ümid edirlər, bu adam vəzifədədir, əlaqələri var, yaxşı vəzifədə olan kiminsə yaxın qohumudur, yəni o məhkumların daha böyük imkanları var. Biz də praktikada görürük ki, o ödənişdən sonra da külli miqdarda pulları qalır ki, azadlığa çıxıb xərcləyə bilirlər.
Burada neyləmək olar? Yenə deyirəm, bütün dünyada yayılıb ki, əgər dəymiş zərər tam ödənilirsə, o insan azad oluna bilər. Çox nadir hallarda digər ölkələrin təcrübəsində görürük ki, məhkəmə öz qərarında göstərir ki, bu adam heç vaxt cəzanın tam çəkilməsindən azad ola bilməz. Yəni bu, hətta hökmdə yazılır. Bu halda həmin adam nə qədər xərc çəksə də, qurtula bilmir. Çünki qanun hesab edir ki, adam cəmiyyət üçün çox təhlükəlidir, ona təyin olunmuş cəzanın hamısını çəkməlidir, bu cəzanı çəkməsə, imkanlarından istifadə edərək vaxtından əvvəl çıxsa, onda o, yeni cinayətlər törədə bilər. Ona görə məhkəmə belə qərar verir.
Bizdə isə bu praktika yoxdur, məhkəmə göstərsin ki, bu adam zərəri ödəyib, amma buna baxmayaraq cəza müddətini tam çəkməlidir. Əslində, bu olsa, çox yaxşı olardı. Çünki gördüyümz kimi, dələduzlar, oğrular, vəzifəsindən sui-istifadə edən korrupsionerlər, misal üçün gözümüzün qabağında olan keçmiş icra başçıları, keçmiş MTN-nin keçmiş işçiləri, nazir müavinləri hamısı azadlıqdadır. Çünki onların pulları çox olub, imkanları böyükdür, məhkəmə onlara 12-14 il iş verir, sonra yavaş-yavaş müddəti aşağı salıb, gətirib 3-4 ilə çıxarırlar. Sonra da vaxtından əvvəl azad edir, deyir ki, qalan cəzasını şərti çəkəcək.
Şahidi də olduq ki, bir çox korrupsionerlərin, dələduzların əmlakı özünə qaytarıldı. Halbuki, onlar cinayət yoluyla qazanılmışdı. Mən hesab edirəm ki, bu sahədə məhkəmə praktikası çox yumşaqdır. Yəni imkan yaradırlar ki, dələduzlar, büdcədən külli miqdarda pul yemiş insanlar azadlığa çıxsınlar. Bunu sərtləşdirmək lazımdır. Yəni tutaq ki, dələduzluq əməlində, yaxud korrupsiya əməlində məhkəmə işin hallarını nəzərə alaraq qərarında elə göstərə bilər ki, məsələn, belə şəxsə 15 il iş verilib, onun 10 ilini mütləq çəkməlidir, 10 ildən əvvəl o, heç vaxt azadlığa buraxıla bilməz. Əgər özünü yaxşı aparsa, dəymiş zərəri ödəsə də, yalnız 10 ildən sonra 10-15 arasında ona hansısa güzəşt ola bilər.
- Siz bu iki şərti səsləndirdiniz ki, həm cəza müddətinin müəyyən hissəsini mütləq çəkilməlidir, həm də vurulan maddi zərər tam geri qaytarılmalıdır. Bununla qanunvericilikdəki boşluqları doldurmaq mümkündür?
- Belə deyək, məhkəmələrin müstəqilliyi möhkəmlənməlidir. Baxın, deyirik ha, vaxtından əvvəl vəzifəli şəxslər azadlığa çıxırlar, bilirik ki, bu tapşırıqla olan məsələlərdir. Yəni mən 99 faiz əminəm ki, bu məhkəmələrin öz təşəbbüsü ilə olmur. Bu icra hakimiyyətlərinin, hansısa iri məmurların tapşırıqları ilə olur.
- Sizcə, buna tapşırıqdan çox, təzyiq demək daha çox yerinə düşməzmi?
- Elə tapşırıq o vaxt verilir. Yəni sənin ona səlahiyyətin çatır ki, sənin tapşırığını yerinə yetirməyəndə ona qarşı hansısa tədbir görə bilərsən.
- Demək, təzyiq edirlər.
- Əlbəttə. Bizdə gizli deyil ki. Nə qədər danışsaq da ki, son illərdə məhkəmə sistemində müəyyən dəyişikliklər var, ancaq bəzən qərarların tapşırıq əsasında verildiyini görürük. Cəmiyyət də bunu görür, narazılığını bildirir. Bu haqda sosial şəbəkələrdə, “Facebook”da da yazırlar. Mən oxuduqlarıma əsasəm bunu deyirəm. Mən də məhkəmə qərarlarını oxuyuram, təəccüblənirəm ki, nazir, yaxud nazir müavini, idarə rəhbəri olub bu qədər pul yeyəsən.
İndi Müdafiə Nazirliyində 160 milyon manatlıq yeyinti işi araşdırılır. İnsanlarda da inam yoxdur ki, həmin şəxs məhkum olunandan sonra, tutaq ki, ona 15 il verəcəklər, o müddətin heç olmasa 10 ilini həbsdə olacaq. Hamı fikirləşir ki, bu adama 4-5 il verəcəklər, əlindəkiləri tutub alacaqlar, yəni yediklərinin böyük bir hissəsini, ondan sonra buraxacaqlar. Belə hal cəzasızlığa gətirir. Məmurlar belə praktikanı görəndən sonra deyir ki, cəhənnəmə, əlimdə imkanım var, milyonları qazanım, insanları, qurumları aldatmaqla mənimsəyim, uzaqbaşı gedib 4-5 il həbsdə oturaram, sonra da çıxıb özüm üçün kef çəkərəm, gedib xaricdə iş quraram. İndi bax, o həbsdən çıxanlar var ha, hamısı xaricə gediblər. Bunu mətbuatda oxuyuruq. Gedib xaricdə iş qururlar, çünki əvvəlcədən də onlar mülkiyyətlərinin bir hissəsini ora köçürürlər. Yəni bu elə-belə məsələ deyil, çox mühüm məsələdir. Yenə deyirəm, ən mühümü odur ki, bu hal ölkədə cəzasızlıq mühiti yaradır, məmurları şirnikləndirir. Bəzi insanların gücü milyonu yeməyə çatır, bəzilərinin 2-3 minə gücü çatır. Hərə öz pilləsindən asılı olaraq çalışır ki, ona düşən payı qapazlasın. Bu da ona görədir ki, bizdə belə məhkəmə praktikası var.
- Əsabəli müəllim, belə anlaşılır ki, bunların baş verməsində qanundakı boşluqların da rolu var.
- Mən qanundakı boşluqları demərəm, amma qanunun tətbiqində çox ciddi problemlər var. Boşluqları hətta bu halda da saxlasaq, qanun bir az ciddidir. Amma həmin qanunun tətbiqində subyektiv, kooperativ maraqlar, korrupsiya maraqları həddən artıq çox güclüdür.
- Sizə elə gəlmirmi ki, əlaqələrindən istifadə edib azadlığa çıxan korrupsioner məmurlar, dələduzlar mənimsədikləri məbləğlərdən onlara həbsdən çıxmağa kömək edən daha yüksək vəzifəli şəxslərə “pay verirlər”…
- Əlbəttə. Kim inana bilər ki, 160 milyonluq məhkəmə işi gedən baş idarənin rəisi o məbləği tək mənimsəyib? Bu mümkün deyil. Maliyyə sistemi, hesabat sistemi, nəzarət sistemi varsa, mümkün deyil ki, o haradasa ilişməsin. Amma bu şəxs ilişməmək üçün də paylaşır. Keçən il məlumat yayıldı ki, büdcə yeyintisinin qarşısının alınmasına nəzarət edən Hesablama Palatasının iki üzvü yeyintiyə görə həbs olundu. Məlum oldu ki, yeyib (onu kiçik məbləğlə rəsmiləşdirdilər, Allah bilir ki, orada müdiriyyətlə onlar arasında nə konfliktlər olub). Ancaq mümkün deyil ki, nəzarət güclü olsa büdcədən bu pul yeyilsin. İndi təsəvvür edin, əgər nəzarət edənin özü bunu yeyirsə, başqaları necədir?!
- Demək, yeyilən pullarda mütləq nəzarətçilərə də çatır…
- Bəli, aşağıdan yuxarıya qədər nə qədər çox pul yeyilibsə, demək o qədər də insan o işə cəlb olunub. Ancaq tutulanda görürsən ki, biri tutulub, ona deyirlər ki, get bir az yat, biz onsuz da səni çıxardacağıq. O da gedib yatır, bir azdan sonra çıxır, kef çəkir.
- Belə anlaşılır ki, ölkəmizdə dələduzluq zəncirvari şəkildə gedir.
- Bəli, xırda dələduzluq daha çox yayılıb. Ondan daha çox xəbərimiz olur. Yenə deyirəm, bəzən kiçik dələduzluğun araşdırılmasına hüquq-mühafizə orqanları böyük maraq göstərmir, çünki məbləğ azdır. Ancaq iri məbləğlər olan vaxt maraq göstərirlər. Bu da cəzasızlığa gətirib çıxarır. Dələduzlar, hansı ki, addım atırlar, onlar tam məlumatlı deyillər ki, bundan ötrü onları nə cəza gözləyə bilər. Çünki cəmiyyət o xırda dələduzluğa və onun cəzasızlığına da öyrəşib. Ona görə də, bu, bizdə çox ciddi problemdir. Nəticədə isə dələduzluq, onun vasitələri, metodları, formaları həddən artıq çox yayılıb.
- Əsabəli müəllim, bəs bu cəzasızlığın yerini cəzalarla doldurmaq üçün konkret nələri təklif edərdiniz?
- Dediyim kimi, böyük dələduzluğun cəzasızlığının qabağını almaq üçün məhkəmə praktikası dəyişməlidir. Adi insan böyük məbləğdə dələduzluq edə bilməz, bu mümkün deyil. Həm də ona heç kim etibar etməyəcək. Nə siz, nə mən hansısa müəllimə, hansısa qonşuya, uzaq qohumumuza böyük məbləğdə pul vermərik ki, sən get mənim üçün bu işi gör. Ancaq o adam ki, hansısa dövlət orqanında böyük vəzifədə işləyir, səlahiyyəti var, onda pulu veririk.
İri dələduzların qısa müddətdən sonra azadlığa buraxılması praktikasını aradan götürməliyik. Əgər bu şəxs ağır cinayət törədibsə, ömrünün böyük hissəsini həbsxanada oturmalıdır ki, digər məmurlara da dərs olsun. Kriminologiyada belə bir şey var -qabaqlayıcı tədbirlər. Yaxud hüquqi adət. İnsan bilsə ki, əgər o böyük məbləğdə pulu aldatma yolu ilə, kimlərinsə etibarından sui- istifadə edərək mənimsəyərsə, əgər onlar həbsdə yatarsa, onların əmlakları tamamən müsadirə olunarsa, ondan heç bir hissə saxlamasalar - tutaq ki, o bir milyon manat mənimsəyib, onun 100 mini rəsmiləşdirildi, 900 mini bölüşmək üçün qaldı – belə olmasa, özünü də axıra qədər həbsdə saxlasalar, digərləri üçün dərs olacaq, heç kimi şirnikləndirməyəcək. Məsələn, icra hakimiyyətinin başçısı yüzlərlə maaş kartını özündə saxlayırdı, camaatın pulunu mənimsəyirdi, onları yalandan işçilər kim rəsmiləşdirmişdi, bu da dələduzluqdur. Əsas bu addımdır. Əsas odur, şirnikləndirmə olmasın ki, bunu etsəm də problem deyil, sonradan hər şey düzələcək. Şirnikləndirmə məsələsini aradan götürməliyik.
- Bəs bu şəxs özünü sığortalamaq üçün öz adına əmlak almayıbsa?
- Bu ciddi probelmdir. Biz mütəxəssislər, hüquqşünaslar, iqtisadçılar da neçə illərdir deyirik ki, Azərbaycanda mütləq gəlir vergisi deklarasiyası tətbiq olunmalıdır. Təqribən 2011-ci ildən belə bir qanun qəbul olunmuşdu, qanun dövlət qulluqçularının gəlir deklarasiyaları haqqında idi. Ancaq onun tətbiqi təxirə salınıb. Qanun var, ancaq tətbiq olunmur, çünki təxirə salınıb. Halbuki bizim qonşularımızın hamısında, Ermənistanda, Gürcüstanda, Rusiyada artıq 10 illərdir ki, gəlir deklarasiyası tətbiq olunur, özü də təkcə dövlət qulluqçularına yox, bütün əhaliyə. Mən də onun tərəfdarıyam ki, ölkədə yaşayan hər bir şəxs illik gəlir deklarasiyası verməlidir. Bu nə üçün lazımdır? Korrusioner dövlət məmurları, dələduzlar heç vaxt mülkiyyətlərini öz adlarına rəsmiləşdirmirlər. Onu hansısa uzaq qohumu, çoban işləyən tanışının adına rəsmiləşdirirlər. İsitntaq zamanı da baxırlar ki, onun heç bir əmlakı yoxdur. Hərçənd ki, lazım olanda istintaq onun nə qədər əmlakı olduğunu bilir, gedib onun boynuna qoyurlar. Ancaq rəsmən əmlakı yoxdur.
Biz də az öncə MTN-nin azadlığa çıxmış işçiləri Akif Çovdarov və digərlərinin işinə toxunduq, məhkəmədə belə məsələ qaldırdılar ki, onun əmlakı geri qaytarılsın. Hansı ki, onların milyonlarla dəyəri var. Sonra Şəmkirin keçmiş icra başçısı o məsələni qaldırdı ki, müsadirə olunan əmlak mənim adıma deyil, övladımın, yaxud qohumumun əmlakıdır. Və bəzən məhkəmələr də buna gedir, o əmlakları müsadirədən çıxarır. Hüquq fəlsəfəsi ilə bəlkə də bu doğrudan da haqlıdır ki, əmlak başqa adamındırsa, bu onun mülkiyyətidir. Ancaq biz də bilirik ki, çoban milyonluq varidata sahib ola bilməz. Ona görə də biz deyirik ki, bütün əhali gəlir deklarasiyasına cəlb olunmalıdır. Bu, ən elementar nəzarət formasıdır. Bu metod dünyada o qədər geniş yayılıb ki, gəlir deklarasiyası hansı ölkədə yoxdursa, orada korrupsiyaya, yeyintiyə qarşı mübarizədən danışmağın yeri yoxdur. Bir dənə gəlir deklarasiyasının olmaması ölkədəki vəziyyəti tam nümayiş etdirir. Yeyinti də bundan başlayır.
Mən demirəm ki, gəlir deklarasiyası bütün dərdlərin dərmanıdır. Tutaq ki, Rusiyada gəlir deklarasiyası var, ancaq orada korrupsiya da var. Lakin bu deklarasiya olarsa korrupsiyanı müəyyən etmək çox asan olur. Ya da dələduzluqla qazanılan pullar ki var, yığır sandığa… Bu yaxınlarda Rusiyada olmuşdu, gömrük işçisi neçə milyonu yığmışdı, saxlayırdı, çürüdürdü, çünki xərcləyə bilmirdi. Çünki ev alsa gərək deklarasiyada göstərsin ki, onu hansı pulla alıb, o pulu haradan qazanıb. Yaxud ev tikdirsə, yenə deklarasiyada qazancının mənbəyini göstərməlidir. Yəni pulum var, amma xərcləyə bilmirəm. Bax, gəlir deklarasiyalarının tətbiqi buna gətirib çıxara bilər. Ancaq çox təəssüf ki, bizdə hələlik buna maraq göstərən yoxdur.
- Bəs bu metodu start olaraq hansı qurum işə salmalıdır?
- Bu işlənmiş metoddur. Dünyanın əksər inkişaf etmiş ölkələrində çoxdan tətbiq olunur. Hər il vergilər idarəsinə deklarasiya verilir. Orada da oturan insanlar il ərzində bunu yoxlayırlar ki, bu adam yazıb mənim evim var, çünki bu sistemdə görünür, adam da deklarasiyasında yazmalıdır ki, mən bu pulu haradan almışam. Yazsa ki, mən küçədən tapmışam, müfəttiş gəlib onun başının üstünü kəsir, onu sorğu-sual etməyə başlayır ki, küçədən tapanda niyə xəbər vermirdin?! Yaxud deyə bilər ki, hədiyyə almışam, istintaq başlayır ki, o adamda pul haradandır? Şübhəli məqam varsa, dərhal göndərirlər istintaqa. Bunu tətbiq etmək çox asandır, sadəcə bizdə buna maraq yoxdur.
Söhbətləşdi: Asya ŞÜKÜROVA
Stopnarkotik.az