Azərbaycanda cinayətkarlıq hallarının sayı artmaqdadır. Bu fakt statistik rəqəmlərdə özünü açıq şəkildə göstərir. O cümlədən, həbsxanalarda məhbus sıxlığının yaranması da bunun bariz nümunələrindən biri hesab oluna bilər. Hansı ki, statistik göstəricilərə görə, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində 28 min məhbus var və onların sayı durmadan çoxalır.
Stopnarkotik.az saytının araşdırmasına əsasən, bu gün cəza çəkən məhbusların üçdə biri narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar həbs olunanlardır. Cinayət faktlarının təhlili göstərir ki, narkomanlığın artması ümumi statistikaya təsir göstərən əsas amillərdən biridir. Məsələn, narkotik üçün pul vəsaitinin əldə edilməsi bir çox hallarda oğurluq, soyğunçuluq və s. qanunsuz əməllərin törədilməsi ilə nəticələnir ki, bu da həbsxanalarda məhbus sayının artması ilə yanaşı, cinayətkarlığını rəsmi statistikasına da ciddi təsir göstərir. Bu baxımdan, əminliklə qeyd edə bilərik ki, narkotiklə əlaqədar cinayətlərin göstəricisi, əslində, rəsmi statistik rəqəmlərdə qeyd olunandan daha artıqdır. Həmçinin, təkrar cinayətkarlıq (residiv) hallarının sayının artmasında da narkotiklə əlaqəli bilavasitə və dolayısı ilə baş verən cinayətlərin mühüm “payı” var.
Dəfələrlə qeyd etdiyimiz kimi, təxminən 3 ilə yaxındır Azərbaycanda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində Daxili İşlər Nazirliyi (DİN) və digər aidiyyətı orqanlar tərəfindən genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə baxmayaraq, ölkəmizə gətirilən və “qara bazar”da satılan narkotiklərin həcmi ilbəil artır. Bu halda da ölkəmizi nəinki “narkotik böhranı”ndan çıxarmaq mümkün olur, əksinə, vəziyyət hər ötən gün daha da ağırlaşmaqda, “ağ ölüm” yeniyetmə və gənclərimizi məhv etməkdədir. Şübhəsiz, bu da birbaşa dövlət təhlükəsizliyimizi təhdid edən amillərdəndir.
Dediklərimizin təsdiqi üçün Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu tərəfindən 2022-ci il üzrə hazırlanan hesabat materiallarını diqqətdən keçirək. Öncə onu qeyd edək ki, hesabat dövründə 2496 kq marixuana, 2181 kq heroin, 350 kq metamfetamin və s. narkotik vasitələr dövriyyədən çıxarılıb. Hansı ki, sözügedən narkotik vasitələrin 01.01.2023-cü il tarixə olan topdansatış “qara bazar” qiymətləri də hesabatda əks olunur. Məlumata əsasən, qanunsuz dövriyyədən çıxarılan marixuana 14 mln. 976 min (pərakəndə 62 mln. 400 min), heroin 32 mln. 715 min (pərakəndə 65 mln. 430 min), metamfetamin isə 6 mln. 300 min (9 mln. 800 min) AZN dəyərindədir.
Bir daha dəyərli oxucuların diqqətinə çatdıraq ki, burada söhbət yalnız dövriyyədən çıxarılan, yəni bu və ya digər yollarla ələ keçirilən narkotik vasitələrdən gedir. Sözsüz ki, ölkəmizə daxil olan və öz alıcısına çatan narkotikin həcmi bundan dəfələrlə çoxdur.
Bəs, biz nəyə əsasən bu qənaətdəyik?
Qeyd edək ki, BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi (UNODC) və BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının rəsmi açıqlamasında görə, 2023-cü il ərzində ABŞ, Rusiya, Türkiyə və Avropa ölkələrinin hüquq-mühafizə orqanları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində daxili bazarda ələ keçirilən marixuananın həcmi 22 faiz, heroinin həcmi 13 faiz, metamfetaminin həcmi isə 11 faiz olub. Bu dövlətlərin statistik göstəricisi bir-birinə çox yaxın olduğundan və Azərbaycan bazarının xarakterik xüsusiyyətləri onlardan ciddi mənada fərqlənmədiyindən, həmin rəqəmlərin bizim ölkəmiz üçün də aktual olduğunu hesab etmək olar.
Bu baxımdan, əldə edilmiş göstəricilərə əsasən belə qənaətə gəlirik ki, Azərbaycan “qara bazar”ında narkotik vasitələrin il ərzində ən yaxşı halda 15-20 faizi qanunsuz dövriyyədən çıxarılır ki, bu da təxminən 80 faiz həcmində narkotik maddənin ölkə daxilində istifadə edildiyini göstərir. Bu isə onu deməyə əsas verir ki, əgər Azərbaycan “qara bazar”ında il ərzində qanunsuz dövriyyədən çıxarılan marixuana, heroin və metamfetaminin qiyməti 54 mln. manatdırsa, təkcə bu üç narkotik maddə Azərbaycan ərazisində təxminən 270 mln. manat dəyərində bazar payına (pərakəndə halda 2 qata yaxın) sahibdir.
Onu da nəzərə alsaq ki, Azərbaycana narkotik vasitələrin əsas tədarükçüsü İran İslam Respublikasıdır, deməli, illik həcmi 500 milyon manata yaxın olan narkotik gəlirinin əsas payçılarından biri məhz molla rejimidir. Hansı ki, İranın mafioz rejiminin başında duran şəxslər ölkəmizə tədarük etdikləri narkotikin satışından hər il külli miqdarda vəsait qazanmaqla yanaşı, Azərbaycan vətəndaşlarının sağlamlığına, mənəviyyatına, əsasən də ölkəmizin təhlükəsizliyinə ciddi ziyan vururlar.
Bütün bunların fonunda isə onu deyə bilərik ki, Azərbaycanda cinayətkarlığın artmasına ciddi təsir edən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısını yalnız əməliyyat-axtarış və cinayət-hüquqi tədbirlərinin keçirilməsi ilə almaq mümkünsüzdür. Odur ki, hökumətin bütün aidiyyəti qurumları bu probleminin qismən də olsa qarşısının alınması istiqamətində daha ciddi tədbirlər görməlidirlər. Əks halda, Azərbaycanda cinayətkarlığın “inkişafı” İranın maraqları istiqamətində davam edəcəkdir.
Stopnarkotik.az