Azərbaycanda cinayətkarlığın artmasını tətikləyən başlıca səbəb... – VƏ PROBLEMİN HƏLLİ YOLLARI

Azərbaycanda cinayətkarlığın səviyyəsi hər ötən gün artmaqdadır. Bunun nəticəsidir ki, cəzaçəkmə müəssisələri ağzına kimi dolub. Hətta türmələrdə yer problemi yaşandığından, 2 nəfərlik kameralarda 4 və daha artıq məhbus saxlanılır. Bu isə, xüsusilə isti aylarda məhbuslara ikiqat cəza verməkdir.

Əksər ekspertlər bu fikirdədir ki, ölkəmizdə cinayətkarlığın sürətlə artması bilavasitə narkoticarətin və narkomaniyanın genişlənməsi ilə əlaqədardır. Təsadüfi deyil ki, hazırda Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində məhbəs həyatı yaşayan 28 min 200 nəfər məhbusun 10 min 200 nəfəri məhz narkotiklə əlaqəli cinayətlərə görə (234-cü maddə ilə) cəza çəkir. Bu isə, təbii olaraq, həm ölkədə məhbusların sayı ilə bağlı statistik göstəricilərin artmasına, həm də cinayətkarlığın çoxalmasına gətirib çıxarır. Məsələn, bu gün ölkədə oğurluq, qəsdən adamöldürmə, quldurluq, eləcə də dələduzluq hallarının sayının artması da məhz bu amillə bağlıdır.

**

Yeri gəlmişkən onu da qeyd edək ki, hazırda oğruluqla əlaqədar (177-ci maddə) 2500 nəfər, qəsdən adamöldürmə (120-ci maddə) ilə bağlı 2400 nəfər, quldurluq maddəsi ilə (181-ci maddə) 1250 nəfər, dələduzluqla (178-ci maddə) əlaqədar 1150 nəfər məhbus həyatı yaşayır. Stopnarkotik.az-a açıqlama verən əksər hüquqşünaslar da bu fikirdədir ki, “ilk beşlik”də olan maddələr bir-biri ilə birbaşa bağlıdır. Daha dəqiq desək, ölkəmizdə oğurluq, qəsdən adamöldürmə, quldurluq və qismən də dələduzluq hallarının çoxalmasına narkotiklə əlaqəli cinayətlərin sayının artması çox ciddi təsir göstərir. Bu isə o deməkdir ki, Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinin və narkomaniyanın qarşısının alınması ölkədə cinayətkarlıq səviyyəsinin minimuma enməsinə gətirib çıxaracaq.

**

Digər tərəfdən, ölkəmizdə cinayət faktlarının artması təkcə məhbusların sayını artırmır, bu, Azərbaycanda təhsilin səviyyəsini də aşağı salır. Nəzərə alsaq ki, hər bir ölkənin inkişafı onun təhsil səviyyəsindən asılıdır, deməli, narkoticarətin yayılması cinayətkarlığın genişlənməsinə çox ciddi təkan verməklə yanaşı, həm də ölkəmizin inkişafına mane olur.

Son günlər Azərbaycanda təhsilin səviyyəsinin aşağı olmasından hər kəs gileylənir. O cümlədən, təhsil nazirinin özü də bu faktı dəfələrlə rəsmi və qeyri-rəsmi şəkildə etiraf edib. Amma onu da nəzərə almalıyıq ki, ölkəmizdə təhsilin inkişafı üçün heç də az işlər görülmür, əksinə, pos-sovet ölkələri arasında bu sahəyə ən çox vəsait xərcləyən dövlətlərdən biriyik. Bəs, bütün bunlara rəğmən, nə üçün təshilimiz inkişaf etmək əvəzinə, günbəgün səviyyəsi daha da aşağı düşür?

Deməli, biz yenə o məsələyə qayıdırıq ki, ölkədə cinayətkarlığın sürətlə artımı təhsilin inkişafına ayrılan vəsaiti “yeyir”. Bu isə bir daha o qənaətə gəlməyə əsas verir ki, Azərbaycanda təhsilin inkişafı üçün mütləq cinayətkarlığı minimum səviyyəyə endirmək lazımdır.

**

Əlbəttə, təhsili inkişaf etdirmək o anlam daşımır ki, biz ölkədə elm adamlarının, alimlərin, professorların sayını artırmalıyıq. Xeyr! Zənnimizcə, bunun üçün hərtərəfli inkişaf paketi hazırlanmalıdır. Məsələn, biz peşə təhsilini diqqətdən kənarda qoya bilmərik. Paralel olaraq incəsənət, mədəniyyət, idman sahəsinə çox ciddi diqqət ayrılmalıdır. Unutmayaq ki, mədəniyyətdən uzaqlaşan cəmiyyətlər cinayətkarlıq “bataqlığında” boğulmağa məhkumdur. Odur ki, bu sahədə çox ciddi proqramlar hazırlanmalıdır.

Çox qəribədir ki, son vaxtlar bəzi “mütəxəssislər” musiqi məktəblərinin bağlanılması təklifi ilə çıxış edirlər. Lakin onlar dərk etmirlər ki, bu məktəbləri nəinki bağlamaq, əksinə daha da inkişaf etdirmək lazımdır. Ən azı ona görə ki, peşəkar musiqiçilər cəmiyyət üçün örnəkdir, yeniyetmə və gənclərimiz onlara bənzəməyə, onların yolunu davam etdirməyə çalışırlar. Həmçinin, bu sahədə təhsil alan gənclərimiz öz ətrafı üçün də gözəl nümunədir ki, həmyaşıdları zərərli vərdişlərdən uzaq olsun, incəsənət, mədəniyyət sahəsinə meyl etsinlər. Bu, aztəminatlı ailələrin övladları üçün də düzgün istiqamət olar ki, onlar bilik və bacarıqlarını ortaya qoyub, gələcəkdə onun bəhrəsini görsünlər.

Bu baxımdan, biz incəsənət, mədəniyyət sahəsində peşəkarlığı daha da artırmalı, savadlı kadrların yetişməsinə nail olmalıyıq. Belə olduğu halda, ən azı hansısa “həci”lərin hesabına televiziya ekranlarına çıxıb, topluma əxlaqsızlığı təbliğ edən müğənniciklərdən, manıslardan da cəmiyyətimizi xilas edə bilərik.

**

Bir sözlə, ölkəmizdə cinayətkarlığın səviyyəsini aşağı salmaq, təhsilimizi inkişaf etdirmək üçün incəsənət və mədəniyyət sahəsinə ciddi diqqət ayrılmalıdır. Məsələn, musiqi məktəblərini inkişaf etdirə bilsək, gənclərimizin böyük kəsiminin narkomaniyadan uzaq düşəməsinə ciddi töhfə vermiş olarıq. Çünki mədəniyyəti olmayan cəmiyyətin gələcəyi ola bilməz! Dahi Hüseyn Cavid əbəs yerə yazmırdı ki:

Turana qılıncdan daha kəskin, ulu qüvvət

Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!

Stopnarkotik.az