Azərbaycanda casusluqda ittiham edilən İran vətəndaşı yenidən məhkəmə qarşısında

Azərbaycan ərazisində casusluq cinayət əməllərinin törədilməsində ittiham edilən İran vətəndaşı Ghaedi Mohammad Najaf oğlunun barəsindəki hökmdən apellyasiya şikayəti verilib. 

Şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Habil Məmmədovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası avqustun 15-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: Rəsmi məlumata görə, toplanılmış çoxsaylı sübutlar əsasında Ghaedi Mohammad Najaf oğlunun xarici xüsusi xidmət orqanının tapşırığı ilə dövlət sirri olan və Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün məlumatların toplanılması və verilməsinin təşkili, o cümlədən Azərbaycan Respublikası hüquq-mühafizə orqanı əməkdaşları barədə fərdi məlumatların əldə edilməsi, onlarla şəxsi münasibətlər qurulması və onların xarici ölkənin xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsi istiqamətində fəaliyyət göstərdiyi məlum olub.

Ghaedi Mohammad Najaf oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib və məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib./pravda.az