“AZƏRBAYCAN YENİ MÜNAQİŞƏYƏ TƏHRİK EDİLİR...” – “Bunun Ermənistan üçün ağır nəticələri olacaq”

Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələrinin bölmələri dünən və bu gün Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

Müdafiə Nazirliyinin məlumatına görə, avqustun 15-i saat 18:10 radələrində Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Gənzə yaşayış məntəqəsi, avqustun 16-sı saat 03:20 radələrində isə Sədərək rayonu istiqamətində yerləşən mövqelərimiz atıcı silahlardan atəşə tutulub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirlərinin görüldüyü vurğulanıb.

Qeyd edək ki, son vaxtlar ABŞ-nin Ermənistanı silahlandırdığına dair məlumatların yayıldığı bir vaxtda rəsmi İrəvanın təmas xəttində aktivləşməsi və ardıcıl təxribatlara getməsi ciddi narahatlıq doğurur. Maraqlıdır, Ermənistanın son təxribatları nəyə hesablanıb və bu cür addımlar gələcəkdə böyük hərbi eskalasiya ilə nəticələnə bilərmi?

Bu barədə hərbi ekspert Elxan Şıxəliyev şərhində bildirib ki, Ermənistan Qərb koalisiyasının dəstəyi fonunda yeni gərginlik yaratmaq isəyir:“Xüsusən də, COP 29-a qədər şərti sərhəddə mövqelərin atəşə tutulması ilə Azərbaycanı yeni münaqişəyə təhrik etmək planları var. Sonrada əsaslandırmağa çalışacaqlar ki, bu ərazilər Zəngəzur dəhlizinin keçə biləcəyi ərazilər olduğu üçün, guya, Azərbaycan tərəfi də bu gərginlyin yaranmasında maraqlıdır. Əslində isə ABŞ-nin Ermənistanı silahlandırması, təlimlər keçməsi, hərbi texniki dəstək göstərməsi fonunda rəsmi İrəvan sülh danışıqlarından uzaqlaşaraq, bizi yeni münaqişəyə təhrik edir”.

Ekspert qeyd edib ki, atəkəsin pozulma halları intensivləşərsə, Azərbaycan tərəfi lokal səviyyədə adekvat cavab tədbirləri görə bilər: “Bu cavab tədbirlərinin Ermənistan üçün ağır nəticələri olacaq. Onlar yaxın tarixdəki 44 günlük müharibə və anti-terror əməliyyatını yaxşı xatırlayırlar. Düşnürəm ki, Ermənistan bunlardan nəticə çıxararaq sülh sazişinin bağlanmasına yönəlməlidir. Təbii ki, sülh sazişinin bağlanmağını istəməyən qüvvələr də var. Onlar Ermənistan üzərindən Cənubi Qafqazda yeni münaqişə yaratmaq istəyirlər. Azərbaycan tərəfi də bunun fərqindədir. Bizim səbrli davranmağımız həm də qarşı tərəfin kirli niyyətlərindən məlumatlı olmağımızdan qaynaqlanır”./azpolitika.info