Azərbaycan İrandan narkotik axınının qarşısını necə almalıdır? - ABŞ Meksika ilə sərhədə divar çəkdi, biz hansı üsula əl atmalıyıq?

Ramil Məmmədli: “Daha çox orta məktəbin aşağı siniflərindən başlayaraq maarifləndirmə aparılmalıdır...”

Azərbaycanda narkomaniyanın artması ölkənin ən ciddi probelmlərindən biri halına gəlib. Belə demək olarsa, hazırda əhalinin gənc təbəqəsinin sürətlə bu bəlaya yuvarlanması prosesi baş verir. Ölkəmiz İrandan Avropaya gedən narkotrafik marşrutunun üzərində yerləşdiyinə görə, təbii olaraq insanımız "ağ ölümdən" zərər çəkir. Ərazimizdən keçən narkotrafikin qarşısının alınması və narkomaniyaya qarşı görülməli olan tədbirlər barədə hərbi ekspert Ramil Məmmədlinin fikrini öyrəndik. 

- Ramil bəy, Azərbaycana idxal olunan narkotiklərin 95 faizinin İrandan gətirildiyi bildirilir. Bunun qarşısını almaq üçün tədbirlər görülsə də, hələ ki, ciddi effekt vermir. Sizcə, görülən tədbirlərə rəğmən, nəyə görə bu problemi həll etmək mümkün olmur?

- Hesab edirəm ki, polis orqanları, Dövlət Sərhəd Xidməti, hətta bildiyimə görə Dövlət Təhlükəsizlik Xidməti bu məsələ ilə bağlı ciddi tədbirlər görür. Davamlı olaraq narkotik qaçaqmalçılığı ilə, ölkədə narkotik vasitələrin yayılması ilə məşğul olan şəxslərin saxlanılmasının şahidi oluruq. Amma bütün dünyada olduğu kimi, bizdə də narkotik maddələrin satışını həyata keçirən şəxslər daim öz metodlarını, satış siyasətlərini, daşınma taktikalarını dəyişirlər. Bu da müəyyən hallarda hüquq-mühafizə orqanlarından bir müddət yayınmağa səbəb olur. Amma müəyyən vaxtdan sonra onlar ələ keçir, barələrində cinayət işi qaldırılır, həbs olunurlar.

**

Ramil Məmmədli

- Bir müddət əvvəl ABŞ da Meksikadan narko-kartellərin daşıdığı narkotik axınının qarşısını almaq üçün sərhəddə divar tikdi. Siz necə düşünürsünüz, Azərbaycan da İrandan narkotik gətirilməsinin qarşısını almaq üçün oxşar üsullara əl atmalıdırmı?

- Fikrimcə, divar çəkmək metodu bir az qeyri-adekvat reaksiyadır. Sovet dövründən bu günə kimi, Azərbaycanla İran arasında həm neytral ərazi, həm də izolyasiya xətti müxtəlif avadanlıar və qurğularla təchiz olunmuş məftillər var idi, bu, qismən divar rolunu oynayırdı. Amma biz görürük ki, hər dəfə narkotik vasitələr sərhədin qeyri-qanuni istiqamətlərindən keçirilərək gətirilmir, hətta başqa vasitələrdən istifadə edilərək gətirilir. Narkotik vasitələrin müəyyən edilməsi üçün texnologiya inkişaf etdikcə bu texnologiyalardan yayınmağın yollarını tapan narkotacirlər də var. Məsələn, biz dəfələrlə şahidi olmuşuq ki, bu maddələri müxtəlif vasitələrə bükürlər, avtomobilin başqa yerlərində gizlətməyə cəhd ediblər. Bu ona bənzəyir ki, virus varsa, antivirus da var. Amma demək olmaz ki, Azərbaycan hansısa istiqamətdə divar çəksin, bunun qarşısı alınsın. Təxminən 10 il əvvəl Xəzər dənizində narkotik maddələrin daşınmasını həyata keçirən bir dəstə yaxalanmışdı. Bu şəbəkə İrandan narkotik maddəni gətirib Xəzər dənizinin içindəki kiçik bir adaya atır, o şəbəkəyə aid olan balıqçılar da balıq tutmağa gələndə həmin bağlamanı götürüb sahilə çıxarırdılar. Yəni divar məsələnin həlli deyil. Meksika ilə ABŞ arasında çəkilən divar narkotikin gətirilməsinin qarşısını alırmı? Mən bu məsələnin həllinin başqa metodunu düşünürəm. Daha çox orta məktəbin aşağı siniflərindən başlayaraq maarifləndirmə aparılmalıdır, gənclərin idmana marağını daha çox artırmaq lazımdır. Hətta deyərdim ki, siqaret məhsullarının da ölkəyə girişində bir qədər məhdudiyyətlər qoymaq lazımdır ki, istifadə maksimum şəkildə azalsın. Bəzi hallarda ölkədə əhalinin sağlamlığını qorumaq üçün inzibati rıçaqlardan istifadə etmək zərurəti yaranır. Ümumiyyətlə, sağlamlığa zərər vuran bütün vasitələrə qarşı inzibati resurslardan istifadə edilməsi daha məqsədə uyğundur.

**

- Sizin də qeyd etdiyiniz kimi, polis, sərhəd xidməti, gömrük orqanları və s. qurumlar na kotrafikin qarşısını almaq üçün səfərbər olublar. Amma bunlara rəğmən, narkomaniya ölkə daxilində daha sürətlə yayılır. Sizcə, bunun səbəbi nədir?

-Bunun səbəbi vətəndaşların narkotik vasitələrin nə qədər ağır fəsadlara səbəb olmasını ya anlamamaları, ya da anlayaraq bu yolu getmələridir. Hesab edirəm ki, riskli bölgələrdə maariflənmə işi daha çox artmalıdır və bunun qarşısını belə almaq mümkündür. Yoxsa heç də çox zaman inzibati rıçaqlar probelmin qarşısını ala bilmir.

-Bəzən belə fikirlər də səsləndirilir ki, polis narkotik alverçilərini həbs edir, məhkəmələr onları buraxır…

- Narkotik vasitələrin bəzi çəkidə olanları var ki, onlarla bağlı cəza yoxdur, tənbeh var. Bəzi qramlar var ki, buna cinayət məcəlləsində istehlak miqdarından artıq çəki deyilir. Bu, səhv etmirəmsə 234.1-ci olmalıdır. Burada narkotik vasitələrin istehlak miqdarından bir az artıq miqdarı nəzərdə tutulur. Əslində bu gün də elədir. İstehlak miqdarından bir az artıq olanda tənbeh işləri görülür, yaxud cərimə olunur. Bir sözlə, narkotiklərdən istifadə elə bir bəladır ki, burada kompleks tədbirlər görmək lazımdır. Bütün cəmiyyət səfərbər olmalıdır. Artıq elə bir vəziyyət yaranıb ki, əvvəllər ənənəvi şəkildə istifadə edilən tənbəki kimi çəkilən xaşxaş istifadə edirdilər, indi isə 100 faiz kimyəvi qatqılardan hazırlanmış narkotik vasitələr var. Hansı ki, onlar artıq insanın əvvəlcə psixikasını pozur, sonra xəstə edir, daxili orqanlarını sıradan çıxarır, sonra insan əzablı şəkildə məhv olur. Bu proses bitənə qədər həmin narkomanın ailə üzvləri, yaxınları çox böyük əzab-əziyyətlə üz-üzə qalırlar.

**

- Ramil bəy, məlumatlara görə, həbsxanalarda da narkotik dövriyyəsinin sayı çoxdur. Burada çıxış yolu nədir?

-Bu mənada birmənalı fikir səsləndirə bilmərəm. Cəzaçəkmə müəssisələrində narkotiklərdən istifadə halları olur. Bu da bir çox hallarda məhkumun yaxınlarının ailə üzvləri vasitəsilə həyata keçirilir. Bu cür halların məhkəmə proseslərində baxılmasının şahidi olmuşam. Orada da məhkumun anasının apardığı bir azuqənin içində narkotik maddə yerləşdirilib. Yaxud bu əməli həyat yoldaşı da törədib. Bu halda həmin adam da cinayət məsuliyyətinə cəlb olunur. Bəzi hallarda bu məsələni texnologiyadan da yayındıra bilirlər. Çıxış yolu kimi maarifçilik işləri aparılmalıdır. Hətta cəzaçəkmə müəssisələrində də maarifçilik işləri aparılmalıdır. Əks təqdirdə cəmiyyətin müxtəlif təbəqələri sıradan çıxacaqlar. Bu genofondun məhvidir.

Stopnarkotik.az