Azər Qasımlının ittihamı açıqlandı: tanışını və ailə üzvlərini öldürəcəyini deyib, azyaşlı uşağını isə... - MƏHKƏMƏ

iyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Stopnarkotik.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Rövşənə Rəhimli vəsatətlə çıxış edib.

Vəkil müdafiə taktikasının daha effektli qurulması üçün müvəkkilinin dəmir şüşə arxasında deyil, onların yanında əyləşməsini istəyib.

Məhkəmə bu vəsatəti təmin edib.

Daha sonra vəkil bəzi sübutların işdən xaric olunması, Azər Qasımlı ilə zərərçəkmiş Qurbanəli Yusifovun arasında olan yazılanların mahiyyətini müəyyən etmək üçün onların təqdim etdiyi fləşkarta baxış keçirilməsi istəyib.

Vəkil iddia edib ki, bu məsələ araşdırılacaq işin əsil mahiyyəti üzə çıxaracaq. Vəkil həmçinin Telman Salmanov adlı şəxsin əlavə şahid qismində dindirilməsini istəyib. Hakimlər sübutların xaric olunması məsələsinə yekunda qiymət verəcəyini, digər məsələlərlə bağlı vəsatətdə göstərilən hallara isə sənədlərin tədqiqi mərhələsində baxıla biləcəyini qeyd ediblər. Bu səbəbdən vəsatət həmin vaxtadək təxirə salınıb.

Daha sonra dövlət ittihamçısı Valeh Ələkbərov ittiham aktını elan edib. İttihama görə, Azər Qasımlı zərərçəkmiş Qurbanəli Yusifovdan hədə-qorxu yolu ilə pul tələb edib. Belə ki, A. Qasımlı kriptovalyuta oyunları üzrə gəlir əldə etmək üçün qeydiyyatdan keçib və daha sonra tanışı Q. Yusifovun da adını qazanc əldə etmək üçün qeydiyyata salıb. Daha sonra gəlir aşağı düşdüyü üçün zərərçəkmişi günahlandırıb. Ondan 45 min ABŞ dolları tələb edib. Əks halda özünü, ailə üzvlərini öldürəcəyi, azyaşlı uşağını oğurlatdıracağı ilə hədələyib, ondan həmin məbləği tələb etməyə başlayıb. Bundan sonra o, hədə-qorxu yolu ilə zərərçəkmişlə görüşüb, onu 45 min dollar borcu olması barədə sənədə etirafedici imza atmağa məcbur edib.

Bundan savayı, A. Qasımlı zərərçəkmiş şəxsə mesaj yazıb, azyaşlı övladının oxuduğu məktəbin yerini deməklə onu oğurladacağı ilə hədələyib. Bu yolla zərərçəkmişdən 6800 manat almağa nail olub.

İttihama münasibət bildirən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, özünün zərər çəkdiyini bildirib. Daha sonra sübutların araşdırılması ardıcılığı müəyyən edilib. Dövlət ittihamçısı əvvəlcə təqsirləndirilən şəxsin, daha sonra zərərçəkmiş və şahidlərin dindirilməsi barədə təklif verib.

Müdafiə tərəfi isə əvvəlcə zərərçəkmiş şəxsin, sonra şahidlərin dindirilməsi, sənədlərin araşdırılması mərhələsi başa çatdıqdan sonra təqsirləndirilən şəxsin dindirilməsini istəyiblər.

Hakimlər isə belə qərara gəliblər ki, əvvəlcə zərərçəkmiş, sonra təqsirləndirilən şəxs dindirilsin, bundan sonra isə digər sübutların araşdırılması mərhələsi həyata keçirilsin.

Növbəti proses iyulun 30-da davam edəcək.

Qeyd edək ki, Azər Qasımlı 2024-cü il dekabrın 8-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 182.2.3-cü (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsilə ittiham olunur.