Nazirlər Kabinetinin təsdiqlədiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də öz əksini tapmış taksilərin ağ və yaxud qırmızı rəngdə olması şəhərin estetik görünüşünü yaxşılaşdırmaq istəyindən irəli gəlib.
REAL TV-yə açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.
"Ağ rəng neytraldır. Qırmızı rəng isə alternativ rəng kimi verilib. Azərbaycanda taksinin tanınması üçün onun sarı rəngdə olması ilə bağlı fikirlər var. Lakin artıq taksi proqramlar vasitəsilə sifariş edilir. Biz istəyirdik ki, göz oxşayan rənglər olsun. Məsələn, “Baku Bus”un avtobusları qırmızı rəngdədir və şəhərdə gözəl görünürlər. Bu məsələnin digər tərəfi var. Belə ki, 15 ildən sonra sürücü avtomobilini satmaq istəsə sarını satmaq kifayət qədər çətindir”,- deyə o qeyd edib.
"Yaşı 15 ildən aşağı olan avtomobil iyulun 1-ə qədər qeydiyyatdan keçirsə və AYNA-dan buraxılış vəsiqəsi alsa, bu tarixdən sonra rəng tələbi avtomobilə tətbiq edilməyəcək", - deyə A.Rzayev əlavə edib./report